Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti "Sovetski"də yerləşən İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin binasının sökülməsi məsələsinə münasibət bildirib.
Milli.Az xəbər verir ki, xidmətdən APA-ya Yasamal rayonu Zülfü Adıgözəlov küçəsi 120 ünvanında yerləşən tikilinin tarixi abidələrin reyestrinə daxil olmadığı deyilib.
"Eyni zamanda, tikilinin tarixi və memarlıq əhəmiyyətini nəzərə alaraq, həmin reyestrə daxil edilməsi üçün yeni aşkar edilmiş abidə qismində qeydə alınıb. Sözügedən məsələyə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılması üçün təqdim olunacaq", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda "Sovetski"nin növbəti hissəsi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə Təzəpir məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək, köçürüləcək sakinlərə müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.
Xatırladaq ki, Əbilov klubu kimi tanınan, 103 ildir fəaliyyət göstərən İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın yaşı iki əsrdən artıq dövrü əhatə edir.
Milli.Az