Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə son 10 gün ərzində 2 döl və 1 körpə tələf olub.
Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə 23 mart saat 01:20 radələrində 2005-ci il təvəllüdlü 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qr. ölü döl xaric olunub.
1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə isə 24 mart saat 01:50 radələrində uşaqlıqda 2 dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub. Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qr. çəkidə olan körpə dünyaya gəlib, vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.
Eyni zamanda, mərkəzə 39-40 həftəlik hamilə olan 2006-cı il təvəllüdlü şəxs hospitalizasiya olunub. Doğuşun birinci dövrü, baş gəlişi, rezus faktor mənfi, ölü döl diaqnozları təyin olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qr. ölü döl xaric olunub.
Qeyd edək ki, hər üç zahının müalicələri tibb müəsisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir.
Milli.Az