Bu ilin fevralında erməni millətçiləri və muzdluları tərəfindən Sumqayıtda törədilən faciəli hadisələrdən 37 il ötür. 1988-ci ildə Sumqayıtda törədilmiş təxribat xarakterli qırğınlar və qətllər, bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş dünya erməniliyinin əvvəlcədən planlaşdırılmış aksiyasının bir hissəsi idi. Bu hadisələr Qarabağın Azərbaycandan qoparılması kampaniyasına başlamaq üçün bəhanə kimi istifadə edildi və nəticədə silahlı münaqişəyə səbəb oldu.
Sumqayıt ermənilər tərəfindən təsadüfən seçilməmişdi -- şəhər əhalisinin çoxmillətli tərkibi kütləvi iğtişaşlar yaratmaq və sonra bu hadisələri beynəlxalq aləmdə etnik münaqişə kimi təqdim etmək üçün əlverişli idi. Sumqayıt hadisələri zorakılığın miqyasına görə dünya ermənilərinin öz məkrli məqsədlərinə nail olmaq üçün hədəflədiyi böyük strategiyanın tərkib hissəsi idi. Bu düşünülmüş cinayət əməli regionda daha sonra başlayacaq hərbi əməliyyatlar kontekstində mühüm bir mərhələ idi.
Erməni millətçiləri Sumqayıt hadisələrindən azərbaycanlıların tarixi-etnik torpaqlarından qəddarcasına qovulmasına haqq qazandırmaq üçün istifadə etdilər. İndiki Ermənistan ərazisi Azərbaycanın tarixi torpaqlarıdır, burada hər zaman azərbaycanlılar yaşayıb. Bu regiondakı şəhər və kəndlərin adları Azərbaycan mənşəlidir. 1988-ci ilə qədər azərbaycanlıların Ermənistanda yaşadığı ərazi respublikanın təxminən 7,5 min kvadrat kilometrini təşkil edirdi. Bu fakt, Ermənistanı digər etnoslardan "təmizləmək" arzusunda olan və şovinist fikirlər yayan erməni millətçilərini narahat edirdi.
Erməni millətçilərinin digər millətlərə qarşı nifrəti təşviq etməsi isə öz "bəhrəsini" verdi. 1988-1989-cu illərdə azərbaycanlılar növbəti dəfə tarixi-etnik torpaqlarından deportasiya olundu. Kütləvi repressiyalar başlayandan sonra təxminən 250 min azərbaycanlı sakin Qərbi Azərbaycanı tərk etməyə məcbur qaldı və qaçqın düşdü. Bu barbar siyasət nəticəsində Ermənistan demək olar ki, 100 faizi ermənilərdən ibarət olan monoetnik dövlətə çevrildi. Bu hadisə regionda elə bir faciəvi mərhələ oldu ki, onun nəticələri bu gün də hiss olunmaqdadır. Təsadüfi deyil ki, bir vaxtlar Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın səsləndirdiyi ən məşhur ifadələrindən biri məhz "ermənilərlə azərbaycanlılar genetik cəhətdən uyğun gəlmir" fikri idi. Bu "dahiyanə" fikirlə Köçəryan ermənilərin Qarabağ müharibəsi illərində törətdiyi vəhşilikləri, o cümlədən Xocalıda azərbaycanlılara qarşı soyqırıma bəraət qazandırmağa çalışırdı. Onun həyat yoldaşı Bella Köçəryanın sözləri isə erməni millətçiliyinin mahiyyətini tam açıq şəkildə nümayiş etdirir: "Ermənilərə yalnız erməni qanı verilməlidir. Erməni qanı spesifik genetik quruluşa malikdir"(!?).
Ermənilər öz yalanlarını gerçək kimi təqdim etməyə çalışaraq, Sumqayıt hadisələri ilə bağlı faktları tərəddüd etmədən təhrif etməklə sənədləri saxtalaşdırmağa və digər çirkin metodlara əl atdılar. Lakin SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və Prokurorluğu Sumqayıt hadisələrini hərtərəfli araşdıraraq müəyyən etdilər ki, iğtişaşların gerçək təşkilatçıları məhz ermənilərdir. İstintaq zamanı əsas təşkilatçıların adları müəyyən edildi, onların arasında bu faciəli hadisələrin əsas günahkarı erməni millətçisi Eduard Robertoviç Qriqoryan da var idi. Sumqayıtda öldürülən 26 nəfərdən altısı birbaşa Qriqoryan tərəfindən qətlə yetirilmişdi ki, bu da bir çox şahid ifadələri və sübutlarla təsdiq edilir. Qriqoryan həbs olunur, bütün cinayətləri sübuta yetirilir. Bundan sonra o, cəzasını çəkmək üçün Ermənistana göndərilir, lakin orada azadlığa buraxılır. Sual yaranır: niyə Ermənistan cinayət törətmiş, 10-a yaxın ermənini qətlə yetirmiş bir cinayətkarı azad edir? Cavab sadədir: çünki onların tapşırıqlarını yerinə yetirirdi.
Sumqayıtda baş vermiş hadisələrin şahidləri şəhərdə ekstremist qrupların ortaya çıxması haqqında hüquq-mühafizə orqanlarına ətraflı məlumat veriblər. Həmin şahid ifadələrindən birini nəzərdən keçirək:
Farhad Mövsümov, 1988-ci ildə Sumqayıt Səhiyyə İdarəsinin qarajının əməkdaşı: "Qarajın müdiri Karlen Babayan idi. O, ətrafında yalnız erməni millətindən olan işçiləri toplayırdı. Məlum hadisələrdən əvvəl onun yanında tanımadığımız insanlar tez-tez toplaşırdı və onlar erməni dilində danışırdılar. Sonradan məlum oldu ki, Karlenin yanına İrəvandan və Xankəndidən ermənilər gəlirdi. Karlen onları öz kabinetində qəbul edirdi və içəriyə heç kimi buraxmırdı. Mən onların söhbəti ilə maraqlanmırdım, amma maaş veriləndə erməni işçiləri onun kabinetinə girirdilər ki, bu da bizdə şübhələr yaradırdı. Sonradan aydın oldu ki, onlar hər ay Dağlıq Qarabağdakı "Krunk" təşkilatına maliyyə yardımı edirdilər. 1988-ci ilin fevral ayının ortalarında mən başa düşdüm ki, Karlen Babayan qarajda "Krunk" təşkilatının rəhbəri olub. Həmçinin, Sumqayıtdakı iğtişaşlarda iştirak edən cinayətkar Eduard Qriqoryan da onun yanında olurdu. Mən onu əvvəllər "Paşa" kimi tanıyırdım. O, çox hiyləgər biri idi. Bizimlə hər zaman Azərbaycan dilində danışırdı. Sumqayıtdakı iğtişaşlar zamanı anladım ki, bu "Paşa" məhz həmin Eduard Qriqoryandır".
Sumqayıtda erməni millətçiləri tərəfindən törədilən hadisələr, həmçinin Qarabağda müharibənin başlanması və Azərbaycanın beynəlxalq müstəvidə tanınan ərazisinin 20 faizinin işğalı kimi daha genişmiqyaslı prosesləri başlatmaq üçün bəhanə oldu.
Heç şübhəsiz Ermənistanla müqayisədə daha əhəmiyyətli iqtisadi, hərbi və insan resurslarına malik olan Azərbaycan öz ərazilərinin işğalına sonsuz dözmək niyyətində deyildi. 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən təxribatına cavab olaraq, Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatı başlatdı. 44 günlük hərbi əməliyyatların sonunda erməni ordusu sarsıdıcı məğlubiyyətə uğradı, bu isə Ermənistanın baş naziri Nikol Paşinyanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2023-cü ildəki birgünlük lokal antiterror tədbiri Vətən müharibəsindəki Qələbənin məntiqi davamı oldu. Erməni separatçıların qalıqları silahları yerə qoymağa və Azərbaycan hakimiyyətinin şərtlərini qəbul etməyə məcbur edildilər. Beləliklə, Azərbaycan Qarabağdakı suverenliyini tam bərpa edərək dünya erməniliyinin bütün planlarını tamamilə alt-üst etdi.
Sumqayıt hadisələrini təşkil edən erməni millətçiləri bir neçə məqsəd güdürdülər. Birincisi, onlar azərbaycanlıların Qərbi Azərbaycandan zorla qovulmasını, guya azərbaycanlılar tərəfindən törədilmiş cinayətlərə reaksiya kimi təqdim edərək, bu prosesə haqq qazandırmağa çalışırdılar. İkincisi, erməni tərəfi beynəlxalq ictimaiyyəti Azərbaycanı qınamağa təhrik etməyə və Azərbaycanın siyasi təcrid olunmasına çalışırdı. Radikal erməni qruplaşmaları müstəsna hüquqlar tələb etməklə öz şərtlərini qəbul etdirməyə səy göstərirdilər. Məhz bu ideologiya azərbaycanlıları öz tarixi torpaqlarından qovmağa yönələn cinayətkar fəaliyyətin əsasını təşkil edirdi.
Uzun illər ərzində erməni təbliğatı "günahsız qurban" obrazını yaratmaq üçün Sumqayıt hadisələrindən beynəlxalq ictimaiyyəti manipulyasiya etmək məqsədi ilə istifadə edirdi. Saxtakarlıqlar yalnız erməni aqressiyasına haqq qazandırmaq üçün istifadə olunmadı, həm də murdar məqsədlərə çatmaqda bir alətə çevrildi. Sumqayıt hadisələrinin gerçək günahkarlarının müəyyən olunması və istintaqın nəticələrinin ictimailəşdirilməsi erməni yalanını ifşa etdi.
Bədnam Sumqayıt hadisələri millətçilik və ekstremizmin kütləvi faciələrə səbəb olduğunu sübut edən bir nümunadir. Ona görə də, Sumqayıt hadisələri kimi cinayətlərin təkrarlanmaması üçün mülki əhaliyə qarşı zorakılıq törədən bütün erməni millətçiləri istisnasız mühakimə edilməlidir. İnsanlıq naminə, ədalət naminə.
Sevil Mikayılova
Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı