Ölkə

Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı?

21 Yanvar 2025 13:13
Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər vətəndaşları narahat edən məsələlərdən biri də telefon zəngləri ilə törədilən kiberhücumlardır. Belə hücumlar nəticəsində bir çox hallarda şəxslər dələduzluğun qurbanına çevrilərək ciddi maliyyə itkilərinə məruz qalırlar. Problemin birdəfəlik həlli çətin görünsə də müəyyən qabaqlayıcı tədbirlərin görülməsi mümkündür.

Milli.Az xəbər verir ki, bu barədə axar.az-ın suallarını cavablandıran kibertəhlükəsizlik hüququ üzrə ekspert, hüquq üzrə fəlsəfə doktoru Təbriz Raufoğlu qeyd edib ki, belə hallar internetin bəşəriyyətə qazandırdığı pozitiv nəticələrlə birlikdə, neqativləri də özü ilə birlikdə gətirməsinin bariz nümunəsidir.

Onun sözlərinə görə, bu cür kiberhücumlar həm vətəndaşlar, həm cəmiyyət, həm də dövlət üçün ciddi təhdiddir və bu təhdidin önünə keçmək üçün ümumi fəaliyyət tələb olunur:

"Burada hadisə baş verdikdən sonra izləniləcək hüquqi proseduraları bir kənara qoysaq, atıla biləcək addımları iki qrupda toplamaq mümkündür. Birincisi insan mərkəzli, digəri isə texnologiya mərkəzli addımlardır. Birinci istiqamət üzrə hazırda görülə biləcək ən optimal iş vətəndaşları mütəmadi maarifləndirmək, onların məlumatlılıq səviyyəsini artırmaqdır. Yəni vətəndaşlar ilk növbədə bilməlidirlər ki, bəzi hallarda (məsələn, zəng məlumatlarının saxtalaşdırılması - "Caller ID Spoofing" zamanı) rəsmi qurum və ya təşkilatların, tanıdığınız şəxslərin, o cümlədən ailə üzvlərinizin nömrəsilə eynilik təşkil edən nömrələrdən zənglər edilə bilər. Bu cür zənglər zamanı, məsələn, yaxınınızın başına qəza və ya digər fövqəladə hadisə gəldiyi iddia edilərək, kömək məqsədilə sizdən təcili şəkildə ödəniş edilməsi və ya fərdi və maliyyə məlumatlarınızın təqdim edilməsi tələb edilə bilər.

Belə hallarda zəng edən şəxsin kimliyindən əmin deyilsinizsə, dəqiqləşdirmək üçün əlavə məlumat tələb edin. Təmsil etdiyini iddia etdiyi təşkilata onların rəsmi əlaqə kanalları vasitəsilə müraciət edin.

Xarici ölkələrdən gələn zənglərə münasibətdə, eləcə də zənglərdə zəif səs keyfiyyəti, robotik ton və ya danışıqda qeyri-təbii ritm müşahidə edirsinizsə, ehtiyatlı olun;

Telefon zəngində sizdən fərdi məlumatlar, bank kartı nömrələri və ya şifrə (o cümlədən, telefon nömrənizə göndərilən təsdiq kodu) istənilərsə, məlumatları təqdim etməyin, zəngi sonlandırın;

Dələduzlar bəzən "təcili" təkliflər edərək sizi tələsdirib diqqətsiz davranmağınıza nail olmaq istəyirlər. Tələskənliyə yol verməyin;

Qorxu yaratma üsullarına qarşı diqqətli olun. "Vishing" adlanan bu üsuldan istifadə edənlər sizi hazırlıqsız yaxalamağa və tələb olunan məlumatları verməyi və ya ödəniş etməyi məcbur etməyə çalışırlar. Bəzi hallarda, tez hərəkət etməyinizi təmin etmək üçün təhdidedici danışıq da istifadə edə bilərlər. Məsələn, hesabınızın deaktiv olunmaması üçün məlumatlarınızı təqdim etməli olduğunuzu deyə bilərlər.

Təklif çox heyrətamiz görünürsə, ehtiyatlı olun. Əksər hallarda, "pulsuz" və ya "qazanclı" təkliflər aldadıcı və yanıldıcı ola bilər.

İkinci istiqamət olan texnologiya mərkəzli addımlara münasibətdə isə qeyd etməliyəm ki, artıq qlobal telefon və internet korporasiyalarının əksəriyyətinin aktivləşdirdiyi gələn zəngə cavab verməzdən əvvəl abunəçiyə zəng edən şəxsin telefon nömrəsini tanımaq imkanı verən funksiyalardan (İD Caller) istifadə etmək lazımdır. Bu mənada, Əpl "Silence Unknown Callers", Quql "Call Screen", Samsunq "Smart Call", Huavey isə "Filter Spam Calls" adlı şübhəli zəngləri müəyyənləşdirən proqram təminatından istifadə etməkdədir. Bu funksiyalar mobil telefonlarda işə salındıqdan sonra avtomatik olaraq şübhəli və qeyri-müəyyən (xüsusi ilə xaricdən) telefon zənglərinə dair həm bildiriş əldə edilməsi, həm də həmin zənglərin avtomatik bloklanması mümkündür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.