Artıq bir ildən çoxdur ki, Bakı şəhərinin izahlı baş planı ictimaiyyətə təqdim olunub. Planda paytaxtımızda 2040-cı ilədək görüləcək işlər öz əksini tapıb. Bakının yeni baş planı isə 2040-cı ilədək paytaxtın simasının əhəmiyyətli dərəcədə dəyişəcəyini vəd edir.
Belə ki, Bakı şəhərinin baş planında əhali sıxlığı, mobillik, metro və dəmiryol şəbəkəsi, küçə-yollar, avtomobilləşmə səviyyəsi, ekoloji durumun yaxşılaşdırılması, qəbiristanlıqlar, mühəndis kommunikasiya infrastrukturu, elektrik, istilik, su təchizatı, tullantı suları, yağış suları, rabitə sistemi və sair məsələlər öz əksini tapıb. Yeri gəlmişkən bu gün Bakı meri Eldar Əzizov mediaya açıqlamasında bildirib ki, Bakının baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir. Bəs Bakının yeni baş planına əsasən paytaxtın hansı rayonlarında, nələrin dəyişməsi gözlənilir?
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans.az-a açıqlamasında bildirib ki, bu baş plan uzunmüddət idi ki, ölkə vətəndaşları tərəfindən gözlənilirdi. Xüsusilə də Bakıdakı köhnə yaşayış fonduna daxil olan mənzillərdə yaşayan sakinlər bu planı səbrsizliklə gözləyirdilər. Eyni zamanda da bu baş plan uzun illər ərzində Bakıda fəaliyyət göstərən tikinti şirkətləri üçün də diqqət mərkəzində olub. Təbii ki, Bakının gələcəyi çox mühüm məsələdir. Bu da Bakı şəhərinin baş planı ilə birbaşa bağlıdır. Burada birinci perspektiv vətəndaşların hansı ərazilərdə məskunlaşdırılması məsələsi olacaq. Yeni parkların, yaşayış məntəqələrinin inşası və təyinatı dəyişdirilə biləcək köhnə zavod və istehsalat müəssisələrinin gələcək taleyi məsələsi var. Bununla bağlı digər bir sıra mühüm məqamlar da mövcuddur.
Eskpert onu da vurğulayıb ki, Bakının baş planına son 100 il ərzində bir neçə dəfə baxılıb. Sonuncu dəfə isə Bakının baş planının təqdimatı və təsdiqi 1986-cı ildə olub. Bakı artıq o dövrlərdə böyük sənaye şəhəri idi. Lakin Sovetlər birliyi dağıldıqdan sonra Bakının baş planına dəfələrlə baxılsa da təsdiq olunmayıb. Sonralar isə 2012-ci ildə Bakının müfəssəl planı ölkə başçısına təqdim edilmişdi. Burada bəzi kvartalların yenidən qurulması ilə bağlı qeydlər aparılmışdı. 2018-ci ildə Nazirlər Kabinetinə bir çox səlahiyyətlər verildikdən sonra işlənmiş layihə qeyri-dəqiq hesab olunduğundan buraya beynəlxalq təşkilatlar cəlb edildilər. Fransa və Almaniya şirkəti tenderdə qalib oldu. Beləliklə də bu şirkət tərəfindən Bakının baş planı hazırlandı. Bu çox mühüm məsələdir. Bakının baş planı Azərbaycan iqtisadiyyatı üçün də çox önəmlidir.
Ekspert eyni zamanda bir sıra riskli məsələlər barədə də danışıb. O, bildirib ki, Bakı şəhərində təxminən 11 min çoxmənzilli bina var ki, onların istismar müddətləri bitib. Buraya məhşur Xruşşov və Fransız adlandırılan binalardır. Onların gələcəkdə sökülməsi nəzərdə tutulub. Hətta müəyyən bir siyahı var ki, orada 1000-dən çox qəzalı və yarımqəzalı bina qeydiyyata alınıb. Son illərdə həm də binaların inşası ilə bağlı sərəncamların az olması ciddi qiymət artımına səbəb olub.
Elnur Azadov onu da deyib ki, daşınmaz əmlakla bağlı şəffaflıq olmalıdır. Bakının baş planı ilə bağlı hər kəsə xüsusilə də tikinti şirkətlərinə hər şey aydın şəkildə izah edilməlidir.
Mütəxəssis yeni plana əsasən dəyişikliklər barədə də danışıb. O, deyib ki, ən çox dəyişikliklərə əsasən 2016-cı ildən Nazirlər Kabinetinin qərarına əsasən Bakıda pilot layihələr başladıldı. Bu proses 2018-ci ildə bu proses dayandırıldı. Bakı və Bakı ətrafında olan köhnə binalar getdikcə ciddi risklidir. Mövcud vəziyyətdə gərək bəzi qəzalı binaların sökülməsi məsələsini hökumət öz nəzarətinə götürməlidir. Çünki bu qədər böyük işin öhdəsindən tikinti şirkətləri tək gələ bilməyəcək.
"Bakı şəhərinin mərkəzi hissəsində olan binaların çoxu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunur və bu səbəbdən sökülməsi nəzərdə tutulmur. Paytaxtda ən çox Nəsimi, Nərimanov, Yasamal, Nizami, Binəqədi rayonlarında 2-5 mərtəbəli binaların sökülməsi nəzərdə tutulur", - deyə ekspert əlavə edib.
Milli.Az