Ölkə

Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

12 Dekabr 2024 00:00
Baxış: 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçir. Heydər Əliyev dahi siyasətçi idi, o, regional siyasətin aparıcı simalarından biri olaraq həm öz xalqı arasında, həm də beynəlxalq siyasi arenada böyük nüfuza malik idi.

Milli.Az-ın məlumatına görə, Ümummilli Liderin xatirəsi Azərbaycanda, o cümlədən xarici ölkələrdə ehtiramla yad edilir.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan üçün xilas yolu oldu. Ən çətin anda o, ölkəyə geri dönərək siyasi böhran və iqtisadi tənəzzüldən çıxış yolu tapdı. O, o zamankı bacarıqsız hakimiyyətin yaratdığı vəziyyəti düzəldə bildi, müharibəni dayandırdı, vətəndaş qarşıdurmasının qarşısını aldı və ölkəni tərəqqi yoluna yönəltdi. Məhz Heydər Əliyevin səyi ilə tarixi "Əsrin müqaviləsi" imzalandı. Ulu öndərin neft strategiyası Azərbaycanın iqtisadi inkişafına güclü təkan verdi. 1998-ci ildəki andiçmə mərasimində o, belə deyirdi: "Biz XXI əsrə daha da qüdrətli, müstəqil Azərbaycan dövləti çatdırmaq istəyirik. Gələcək nəsillərə daha xoşbəxt həyat yaratmaq istəyirik. Azad, sərbəst, demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir".

Bu gün Azərbaycan güclü, nüfuzlu və həqiqətən müstəqil bir dövlətdir. Ulu öndərin qoyduğu möhkəm təməl üzərində Prezident İlham Əliyev Azərbaycanın misilsiz uğur hekayəsini yazdı. Ölkədə yoxsulluğun öhdəsindən gəlindi, möhtəşəm iqtisadiyyat quruldu, peşəkar ordu formalaşdırıldı və Azərbaycanın beynəlxalq arenada hesablaşılmalı bir oyunçu kimi möhkəm imici yaradıldı. Biz, qalib xalq olaraq, azad, sabit və çiçəklənən bir ölkədə yaşayırıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.