Ölkə

Mübariz İbrahimov kimdir? – Düşmənə təkbaşına hücum edən, nəşi ilə düşməni qorxudan qəhrəman

17 Oktyabr 2024 19:54
Baxış: 1 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən bildirir ki,"Bioqrafiya" rubrikasında Azərbaycanın Milli qəhrəmanı, adını ölkəmizin qəhrəmanlıq tarixinə öz qanı ilə yazmış Mübariz İbrahimovdan bəhs edir.

- Mübariz İbrahimov harada və nə zaman anadan olub?

Mübariz İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində zəhmətkeş bir ailədə dünyaya gəlib. O müharibə ilə yaşıd olan qəhrəmandır.

- Mübariz İbrahimov harada təhsil alıb?

Qəhrəmanlıq ənənələri ruhunda böyüyən Mübariz orta təhsilini şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində alıb. Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olub.

- Mübariz İbrahimov hərbi xidməti harada keçib?

2006-cı ilin yazında həqiqi hərbi xidmətə çağırılan gənc Mübariz Daxili Qoşunların "N" saylı hissəsinin xüsusi təyinatlı bölüyündə atıcı əsgər olub, həqiqi hərbi xidmətini çavuş rütbəsində başa vurub. 

Biləsuvar rayon Hərbi Komissarlığından Milli Ordu sıralarına çağırılmışdı. O, Daxili Qoşunların Xüsusi təyinatlı bölüyündə xidmətə başlayır. Qısa müddətdə çavuş rütbəsi alır. 2007-ci ildə ordudan tərxis olunaraq bir müddət mülki işlərdə çalışır. Lakin Vətən sevgisi hər şeydən üstün gəlir. Könüllü ərizə yazaraq yenidən ordu sıralarına qayıdır. Mübariz İbrahimov bir müddət Silahlı Qüvvələrin təlim-tədris mərkəzinin gizir hazırlıq kursunda təhsil alır. Sonra ehtiyat hərbi hissədə xidmətə göndərilir. Mübariz burada xidmət etmək istəmirdi. Yalnız ön cəbhədə olmağa çalışırdı. O, dəfələrlə komandanlığa ərizə ilə müraciət edərək, onu ehtiyat hərbi hissədən ön xətdə yerləşən bölmələrdən birinə dəyişmələrini xahiş edir. Nəhayət istəyinə nail olur.

- Mübariz İbrahimov necə həlak olub?

2010-cu il  iyunun 18-dən 19-a keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında 22 yaşlı gizir Mübariz İbrahimov döyüş növbəsində olduğu vaxt düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində başlanan atışmada şəxsi rəşadət nümayiş etdirir. Təkbaşına təmas xəttinin bir kilometrlik minalanmış sahəsini keçir. Qəfil həmləsi ilə Ermənistan ordusunun çox sayda əsgər və zabitini məhv edir. Sonra isə düşmənin öz silahlarından onun özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşür. Düşməni çox ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhərə yaxın qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Baş tutan döyüş zamanı İbrahimov 4 erməni əsgərini öldürüb. Müxtəlif mənbələrə görə isə bu rəqəm 45-dir. Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimovun vida mərasimində Mübariz İbrahimovun 5 nəfəri öldürüb, 3-nü yaraladığını bildirmişdi. 

- Mübariz İbrahimov son məktubunda dostlarına və valideynlərinə nə yazmışdı?

"Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən..." - deyib.

Bu sətirlər isə Mübarizin evə yazdığı son məktubundandır: "Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim... Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin"- deyə o son məktubunda yazıb.

- Mübariz İbrahimovun bu şücaəti necə qiymətləndirilib?

Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib, "Qızıl Ulduz" medalı, "Vətən övladı" qızıl ordeni ilə təltif edilib. 2010-ci ildə ona "İlin adamı" adı verilib.
 Prezident İlham Əliyev qəhrəmanla vida mərasimindəki nitqində onun əbədiyyət yolçuluğunu yüksək qiymətləndirib: "Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir... Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır... Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir".

- Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilib?

Bəli. Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə, doğulub boya-başa çatdığı Biləsuvar rayonunda lisey kompleksinə və küçələrdən birinə onun adı verilib. Mübariz İbrahimovun ailəsi üçün Əliabad kəndinin giriş hissəsində ikimərtəbəli yaşayış evi tikilib, ərazidə yaşıllıq zolağı salınıb, magistral yol genişləndirilib, asfaltlaşdırııb və müasir işıqlandırma sistemi quraşdırılıb.

- Mübariz İbrahimov evli idi?

Yox, subay idi.

- Mübariz İbrahimovun xarakteri necə idi?

Onu tanıyanların dediyinə görə, Mübariz həmişə "Məzlumun dostu, zalımın düşməniyəm" deyərmiş. Mübariz daxilən utancaq, az danışan, Vətəni sevən və Tanrıya bağlı bir insan idi. Həmişə ehtiyacı olanlara kömək etməyi, onlara mənəvi dayaq olmağı xoşlayırdı.

- Mübariz İbrahimovun nəşini ermənilər girov saxlamışdı?

Bəli. Döyüşdən sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun nəşi 6 noyabrda Azərbaycan tərəfinə təhvil verilmişdi. Onun cəsədini geri almaq üçün hətta diplomatic səviyyədə görüşlər keçirilmişdi. Mübariz İbrahimovun cəsədinin Ermənistanın girovluğunda olan dövrdə onunla bağlı çoxlu dezinformasiyalar yayılmışdı. Düşmən müxtəlif şəkillər yayaraq, qəhrəmanın cəsədini təhqir etdiyini bildirirdi. Onlar Mübarizin cansız bədənindən belə qorxurdular.

- Mübariz İbrahimov harada dəfn edilib?

O, İkinci Fəxri Xiyabanda dəfn edilib. İkinci Qarabağ müharibəsi zamanı, 4 oktyabr 2020-ci ildə Mübariz İbrahimovun həlak olduğu yer işğaldan azad edilib və ora Azərbaycan bayrağı asılıb.

- Mübariz İbrahimovun valideynləri sağdır?

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov 2024-cü il, 16 oktyabrda infarktdan vəfat edib. Anasının haqqında bir neçə il əvvəl ölüm xəbəri yayılsa da, sağ olduğu bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.