Ölkə

İcma: Qayıdışın təmin edilməsi üçün dövlətin atacağı bütün addımlarda fəal iştirak edəcəyik

30 Sentyabr 2024 18:48
Baxış: 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının mərkəzində böyük el sənətkarı, Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin (1821-1926) abidəsinin açılışını edib və açılış mərasimində Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların qayıdış məsələsi ilə bağlı tarixi çıxış edib.

Milli.Az xəbər verir ki, bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, Aşıq Ələsgər Qərbi Azərbaycanda - Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindən olan Göyçə mahalında yaşayıb-yaradıb, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunu əks etdirən əsərlər yaratmış və ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs verib.

"1918-ci ildə Ermənistan daşnak hökuməti tərəfindən bütün Göyçə əhalisinin qovulması və onların 1921-ci ilə qədər qaçqın olaraq yaşamaq məcburiyyətində qalmalarına və sonralar Ermənistan SSR hökumətinin güclü təzyiqlərinə rəğmən Göyçə aşıq məktəbi Sovet dövründə inkişaf edirdi. Bu işlərdə Ümummilli Lider Heydər Əliyevin əvəzedilməz xidmətləri olub. Məhz onun şəxsi səyləri ilə Aşıq Ələsgərin 150 illik yubileyi SSRİ-də dövlət səviyyəsində keçirilmiş və aşığın doğma Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılıb. Təəssüf ki, Ermənistan hökuməti, oradakı əksər Azərbaycan mədəni irs nümunələri kimi, bu abidəni də dağıdıb.

Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin mərkəzlərindən olan Qərbi Azərbaycan mahallarında etnik təmizləmə nəticəsində bir nəfər də azərbaycanlı qalmayıb, oradakı Azərbaycan mədəni irsi ciddi zərər görüb" - deyə, sənəddə vurğulanıb.

İcmanın bəyanatına görə, prezident İlham Əliyevin Aşıq Ələsgər irsini yaxından himayə etməsi, həm də Qərbi Azərbaycana qayıdış məsələsinə, Ermənistanın işğal, etnik təmizləmə və irqi ayrı-seçkilik siyasətindən zərər görmüş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə diqqətinin göstəricisidir:

"Prezidentin çıxışından da göründüyü kimi, Aşıq Ələsgərin qaçqınlıqla keçmiş ağrılı həyat yoluna dərindən bələd olması, onun Qərbi azərbaycanlıların taleyinə nə qədər yaxından qayğı göstərdiyinin təzahürüdür.

Prezident İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb".

Qərbi Azərbaycan İcması bildirib ki, prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdacağına olan inamını ifadə etməsi bizim üçün böyük motivasiya mənbəyidir:

"Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və orada Böyük Qayıdış proqramının həyata keçirilməsi, bizim də doğma yurdlarımıza qayıdacağımız günün uzaqda olmadığını göstərir.

Biz, Qərbi Azərbaycan İcması olaraq, cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə, və əyilməz ruhuna yönəlmiş çağırışlarını tam dəstəkləyirik. Doğma torpaqlarımıza sülh yolu ilə, ləyaqətlə və təhlükəsiz şəkildə qayıdışımızın təmin edilməsi üçün dövlətimizin atacağı bütün addımlarda bundan sonra fəal şəkildə iştirak edəcəyik.

Prezidentin ifadə etdiyi kimi, Aşıq Ələsgərin həyat yolu bütün Qərbi azərbaycanlıların taleyini təcəssüm edir. Sözə, sənətə, humanist dəyərlərə bağlı olan, vətənpərvər şair öz doğma yurdundan qaçqın düşsə də, ruhdan düşməmiş, 100 yaşında öz yurduna qayıdaraq, yandırılmış evini bərpa etmiş və ömrünün son günlərinə qədər orada yaşamışdır. Biz ruhdan düşmürük; necə ki, 1921-ci ildə qayıtdıq, yenə də qayıdacağıq".

Aşıq Ələsgərin və bütövlükdə Azərbaycan aşıq sənətinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edən İcma əlavə edib ki, milli birlik və iradəmiz ilə tarixin ədalətsiz səhifələrini çevirərək doğma yurdlarımıza qayıdacağıq:

"Prezidentin çıxışını yekunlaşdırdığı sözlər, bizim qayıdışımızın carçısı olan tarixi ifadələrdir:

"Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik".

Biz Qərbi azərbaycanlılar qayıdışımıza inanırıq!"

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.