Pakistanın "Global Industrial and Defence Solutions" (GIDS) şirkəti Azərbaycana JF-17C qırıcıları üçün texnologiyalar və ağıllı silahlar təklif edib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Global Industrial and Defence Solutions" (GIDS) şirkətinin baş direktoru Asad Kamal Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində məlumat verib.
"Bu, bizim sərgidə üçüncü iştirakımızdır və hər dəfə yeni məhsullar təqdim edirik. Artıq təhlükəsizlik avadanlıqları ilə bağlı bir neçə layihə müqavilə mərhələsindədir. Lakin bu dəfə burada xüsusilə JF-17C təyyarəsinə fokuslanmışıq ki, bu da Azərbaycan tərəfindən Pakistandan alınır. Bizim GIDS şirkətimiz bu təyyarədə quraşdırılan bütün silahları - bombalar və qırıcı üçün uzaqmənzilli silahlar istehsal edir", - Asad Kamal deyib.
Onun sözlərinə görə, şirkət, həmçinin, 100 kilometr məsafəsindəki hədəfi vura bilən süni intellekt əsaslı ağıllı silahlar inkişaf etdirir. GIDS şirkətinin "Fatah" adında silah xətti var. "Fatah" 140 və 290 kilometr hədəfi vurma radiusuna malikdir. Bu, şirkətin Azərbaycana təqdim etdiyi ağıllı silah növlərindən biridir.
"Biz Azərbaycana bu texnologiyaların verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etdik. Şirkət təkcə ayrı-ayrı məhsul təklif etmir, həm də Azərbaycanın bu layihəni ölkədə son 3 il ərzində inkişaf etdirməyə imkan verəcək tam texnologiya paketini təqdim edir", - Asad Kamal əlavə edib.
Xatırladaq ki, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.
Bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.
JF-17C (Block-III) birmühərrikli çoxməqsədli döyüş təyyarəsidir. Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.
Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.
Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun