Ölkə

Erməni təxribatı ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

10 Aprel 2024 21:30
Baxış: 2 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:30

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Məmmədov Rövşən Üzeyir oğlunun Ermənistan tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Daxil olan məlumat əsasında Qubadlı hərbi prokurorluğunun işçiləri və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülmüş və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

-------

16:54

Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Milli.Az-a bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.