Ölkə

Rusiya XİN: Ermənistan-ABŞ-Aİ görüşü Cənubi Qafqazda geosiyasi qarşıdurmaya cəhddir

5 Aprel 2024 22:04
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Brüsseldəki görüş Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhddir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Biz 2024-cü il aprelin 5-də Brüsseldə keçirilən Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşü "kollektiv Qərb"in Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndiririk. Regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz müdaxiləsi, regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün ən mənfi nəticələrə gətirib çıxara bilər, yeni ayırıcı xətlərin yaranmasına, eləcə də gərginliyin artmasına səbəb olur", - bəyanatda deyilir.

Rusiya Xarici İşlər Nazirliyinin fikrincə, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir.

"Biz bilirik ki, Vaşinqton və Brüssel Ermənistanın KTMT və Aİİ-dən çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına çalışır. Biz İrəvan rəhbərliyini Qərbin ölkəni təhlükəsizlik boşluğunun yaranması və iqtisadiyyatda ciddi problemlər ilə dolu olan yanlış yola yönəltməsinə imkan verməməyə çağırırıq", - bəyanatda deyilir.

XİN vurğulayır ki, Brüsseldə elan edilmiş qrant dəstəyinin həcmləri Ermənistanın Moskva ilə qarşılıqlı fəaliyyətdən, Aİİ və MDB çərçivəsində əldə etməkdə davam etdiyi çox milyardlıq fayda ilə müqayisə edilə bilməz.

"Məhz bu amillər son illərdə Ermənistanın ticarət dövriyyəsinin dəfələrlə artmasını (2018-ci ildən dörd dəfə) və nəticədə rekord iqtisadi artımı və əhalinin rifahının yüksəlməsini təmin edib. Biz ümumi inteqrasiya birlikləri vasitəsilə fundamental ikitərəfli sənədlərdə və sazişlərdə təsbit olunmuş prinsiplər əsasında Ermənistanla münasibətləri hərtərəfli dərinləşdirmək və genişləndirmək öhdəliyimizi təsdiq edirik. Əminik ki, Rusiya-Ermənistan müttəfiqliyinin mütərəqqi inkişafı Rusiya və Ermənistan xalqlarının fundamental maraqlarının həyata keçirilməsinə, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək", - Rusiya XİN-in bəyanatında deyilir.

XİN-dən bildirilib ki, Qərb Ermənistan-Azərbaycan normallaşmasının fundamental əsasını - Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illərdə nəqliyyat və iqtisadi blokadanın aradan qaldırılması üçün tədbirləri nəzərdə tutan üçtərəfli bəyanatlar toplusunu məhv etmək cəhdlərindən əl çəkmir.

"Məhz Vaşinqton və Brüsselin təzyiqi ilə rəsmi Yerevan bu sazişlərin icrasını dayandırdı, bir çoxları üzrə, xüsusən də qarşılıqlı nəqliyyat blokadasının aradan qaldırılması məsələsində tərəflər qarşılıqlı məqbul həll yollarına yaxın idi. Moskva Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülhə nail olmaq üçün hər cür kömək etməyə hazırdır.

Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən "3+3" Məşvərət Platformasının ikinci iclasında razılaşdırılan "regional məsuliyyət" prinsipinə uyğun olaraq həllini tapmalıdır. Biz xarici oyunçuları bu razılaşmalara hörmətlə yanaşmağa, Yerevan hakimiyyətini isə öz xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırırıq", - Rusiya XİN-dən bildiriblər.

Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Aİ-nin ali nümayəndəsi və vitse-prezidenti Cozep Borrel, ABŞ-ın dövlət katibi Antoni Blinken, USAİD-in rəhbəri Samanta Pauer və Ermənistan baş naziri Nikol Paşinyan aprelin 5-də Brüsseldə görüşüb.

Görüşdən sonra Aİ-nin Ermənistan üçün 2024-2027-ci illər üçün 270 milyon avro dəyərində Davamlılıq və İnkişaf Planı irəli sürəcəyi açıqlanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.