Ölkə

Bu il mənzilini sığortalamayanı nə gözləyir? - hüquqşünasdan açıqlama

9 Yanvar 2024 22:05
Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sığorta mexanizmini təkmilləşdirmək lazımdır"

İlin təzələnməsi ilə özəl mülklərin, o sırada mənzillərin sığortalanması məsələsi yenidən gündəmə gəlib. Artıq sığorta şirkətlərindən telefonlara müqavilə bağlamağa çağırış edən mesajlar və xəbərdarlıqlar gəlməyə başlayıb. 

Bəs evlərin sığortalanması məcburidirmi və bunu etməyənləri cərimə gözləyirmi? 

Xatırladaq ki, "İcbari sığortalar haqqında" Qanunun tələblərinə əsasən, 2012-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına başlanılıb. Daşınmaz əmlaka görə bir illik icbari sığorta haqqı Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır.

Yanğın, elektrik naqillərində baş verən qısa qapanma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; təbii fəlakətlər və s. sığorta hadisəsi hesab olunur. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla, qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir.

"İnzibati Xətalar Məcəlləsi"nin 469-cu maddəsinə əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub.

Daşınmaz əmlakı sığorta etdirmək üçün 2 sənəd - şəxsiyyət vəsiqəsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd ("kupça") tələb olunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

Milli.Az xəbər verir ki, musavat.com-un suallarını cavablayan hüquqşünas Əkrəm Həsənov bildirib ki, "İcbari sığortalar haqqında" Qanuna görə, 2011-ci ildən daşınmaz əmlakın sığortası məcburidir: "Ev, mənzil, qeyri-yaşayış sahəsi və s. fərqi yoxdur, hər biri sığortalanmalıdır. Lakin əksər vətəndaşlar bunu etmirlər. İndiyə kimi buna görə heç kim cəzalandırılmayıb. Yerli icra hakimiyyəti orqanları cərimə tətbiq edə bilərlər, lakin onlar bunu etmirlər. Hər bir vətəndaş sığorta şirkətini seçməli və sığorta prosesini həyata keçirməlidir. Sığortalanma hər il olmalıdır. Əksər vətəndaşlar sığorta prosesindən yayındığı üçün cərimələmə də olmur. Bu, sığorta şirkətləri üçün gəlir mənbəyidir. Buna görə də vətəndaşların dövlət tərəfindən cərimələnməsi onların marağındadır. Dövlət isə bunu etmir. Xatırlatmaq yerinə düşər ki, bu məsələ ilk dəfə 2019-cu ilin sonunda gündəmə gəlmişdi. O zaman sığorta şirkətlərinin agentləri vətəndaşlara zəng edirdilər, binalara elanlar yapışdırırdılar. Dövlət qurumları bu məsələyə münasibət bildirməmişdilər.  Hələ o zaman bəlli idi ki, bu, sığorta şirkətlərinin oyunudur. 2020-ci ilin əvvəlində dövlət başçısı İlham Əliyev məsələyə münasibət bildirərkən qeyd etmişdi ki, cərimələmək çıxış yolu deyil, maarifləndirmək lazımdır. Mən də hesab edirəm ki, insanlar bunun vacib olduğunu başa düşməlidirlər. Lakin indiyə kimi maarifləndirmə işləri görülməyib. Pandemiya dövründə nisbətən unudulsa da, indi yenidən gündəmə gəlir. Hesab edirəm ki, sığorta şirkətlərinin nə qədər marağı olsa da, vətəndaşların da marağı olmalıdır. Daşınmaz əmlakın sığortası özü-özlüyündə müsbət hadisədir, çünki hadisə baş verdikdə, əmlaka ziyan dəydikdə ödənişi etmə halı yaranır. Bir tərəfdən bu sığorta növünün icbari olması düzgün deyil. Əksər ölkələrdə bu proses könüllü həyata keçirilir. İcbari sığorta başqasına dəyən zərərin ödənilməsini ehtiva edir. Düşünürəm ki, sığorta mexanizmini təkmilləşdirmək lazımdır".  

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.