Ölkə

Qatardan istifadə edənlərin NƏZƏRİNƏ!

15 Dekabr 2023 20:04
Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə İsveçrənin "Stadler Rail Group" şirkəti arasında 2019-cu ilin noyabr ayında imzalanmış müqaviləyə əsasən yeni alınacaq FLİRT tipli 6 elektrik və 4 dizel qatarının 4 ədədinin (dizel) bu ilin sonuna kimi Bakıya çatdırılması planlaşdırılıb. Artıq iki qatar Bakı Dəmiryolu Vağzalına çatdırılıb".

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşıma departamentinin rəhbəri Azər Fərəcov bildirib.

A.Fərəcov qeyd edib ki, "FLİRT" markalı birmərtəbəli qatarın hər biri 5 vaqondan ibarətdir və sərnişin tutumu 236-270 nəfər arası dəyişir:

"Qatarlarda standart və birinci sinif (8 yer) yerlər mövcuddur. Yeni dizel qatarları kontakt şəbəkəsinə qoşulmadan daxili mühərrik sistemi hesabına istehsal olunan elektrik enerjisi ilə hərəkət edir. Bu da öz növbəsində kontakt sistemində yarana biləcək texniki problemlərdən asılı olmayaraq qatarın hərəkət qrafiki üzrə normal rejimdə hərəkət etməsinə imkan yaradır".

Departament rəhbəri əlavə edib ki, qatarlar yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunub:

"Belə ki, qatarda sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılmasını tənzimləyən "Block-5" sistemi fəaliyyət göstərir. Sistemin əsas özəlliklərindən biri onun eyni sistemlə çalışan və qarşıda hərəkətdə olan digər qatarın hərəkət trayektoriyasını izləmək, hərəkətin təhlükəsizliyinə hər hansı risk yarandıqda isə sürəti tənzimləmək funksiyalarına malik olmasıdır.

Eyni zamanda qatar hərəkətdə olarkən maşinistlərin səhhətində hər hansı problem yaşanarsa "Block-5'' sisteminin köməkliyi ilə qatar distant rejimdə tam təhlükəsiz qaydada dayandırılır, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılmasında hər hansı xoşagəlməz hal yaşanmır. Yeni FLİRT qatarları, həmçinin Fluidmesh texnologiyası ilə təchiz olunub.

Bu sistem qatarlarda sürətli və kəsintisiz internetin davamlı təmin olunmasında önəmli rol oynayır.  Qatarlarda quraşdırılmış multimedia sistemi isə sərnişinlərə səyahət zamanı müxtəlif əyləncəli proqramları izləməklə xoş səyahət təcrübəsi yaşadır.  Yeni FLİRT qatarlarının daha bir üstün cəhəti bar-vaqon salonuna malik olmasıdır. Regionlara səfərlər zamanı sərnişinlər bu salonun xidmətindən istifadə edərək isti və soyuq içkilər və qəlyanaltılar ala bilərlər".

A.Fərəcov vurğulayıb ki, Bakıya çatdırılmış bu iki qatar yol infrastrukturunda müvafiq test proseslərindən keçdikdən sonra 2024-cü ilin yazından etibarən sərnişinlərin xidmətinə veriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.