Ölkə

Pulunu ver, əsgərliyə getmə... - dünyada və bizdə hərbi xidmətin alternativi...

4 Noyabr 2023 12:37
Baxış: 1 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda hakim "Mülki Müqavilə" partiyasından olan deputat Hayk Sarkisyan parlamentə yeni qanun layihəsi təqdim edib. Qanunun qəbulu 27 yaşına çatmış, lakin məcburi hərbi xidmət keçməmiş vətəndaşların cinayət məsuliyyətindən azad edilməsinə imkan yaradacaq. 

Təklif olunan qanun 27 yaşdan 37 yaşa qədər olan vətəndaşa aşağıdakı imkanları verir:

24 ay müddətində hərbi xidmət keçmək,

12 ay müddətində hərbi xidməti başa vurmaq və 2,5 milyon dram ödəmək (təxminin 6 min 250 dollar)

6 ay müddətində hərbi xidmət keçmək və 5 milyon dram (13 min 500 dollar) ödəmək,

1 ay müddətində hərbi xidmət keçərək 10 milyon dram (27 min dollar) ödəmək,

hərbi xidmət əvəzinə 15 milyon dram ödəmək (40 min 500 dollar).

Qeyd edək ki, Ermənistanın sınıq-salxaq ordusu onsuz da çağırışçı, peşəkar hərbçi qıtlığı yaşayır. Hətta boşluğu doldurmaq üçün bir müddətdir qadınların orduya cəlb edilməsinə başlanılıb.   

Ermənistanın peşəkar orduya keçməsi üçün resursu varmı?

Bəs, Azərbaycanda bu sahədə qanunvericilik nə deyir, bizdə pul təzminatı qarşılığında orduya xidmətdən yayınmaq mümkünmü?

Ən əsası, dünya təcrübəsində özünü doğrultmuş hansı sistemlər var bu baxımdan?

Milli.Az xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov "Yeni Müsavat"a deyib ki, pul qarşılığında orduya getməmək praktikası dünyanın bir çox ölkələrində var: "Gürcüstanda, qardaş Türkiyədə, keçmiş SSR-in bəzi ölkələrində də bu praktika var. Uzun illərdir ki, Azərbaycanda da bu məsələ müzakirə mövzusudur. Qarabağ məsələsi həll edilmirdi deyə, bu məsələ də açıq qalırdı. Qarabağ məsələsi artıq geridə qalıb. Sülh sazişi də yaxın zamanlarda tam olaraq həllini tapacaq.

Ümid edirəm ki, "Alternativ xidmət haqqında" Qanuna yaxın vaxtlarda Milli Məclisdə baxılacaq və qəbul ediləcək. Bu məsələ ilə bağlı Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən müəyyən iradlar var və bu qanun ölkəmizin gələcəyi naminə qəbul edilməlidir. Qarabağ məsələsi çözülməyənə qədər bu məsələnin həlli istiqamətində addımlar atılmırdı, çünki belə ehtimallar vardı ki, bəziləri xidmətdən yayınmaq üçün bu qanundan yararlana bilər. Əslində isə alternativ xidmətin şərtləri həqiqi hərbi xidmətdən daha ağırdır. Alternativ xidmətlə bağlı müvafiq komitə və güc strukturları bu məsələdə bir qədər lənglik nümayiş etdirirlər. Əslində özləri bunun marağında olmalıdırlar. Alternativ xidmət tətbiq etməklə bir neçə məqsədə çatmaq olar. Bu gün orduda xidmət etmək istəməyənlər bir yol tapıb yayınırlar. Rüşvət verməklə, saxta xəstəlik arayışı almaqla, xaricə getməklə ordudan yayınırlar. Bu işlərdən dəllallar və müvafiq vəzifə sahibləri qazanırlar. Bu sistem tətbiq olunsa, qazanan dövlət olacaq. Xidmətə getmək istəməyən, özünü başqa sahədə görən də gedib orada çalışacaq, uğur və pul qazanacaq. Belə birinin qabağını almaqda istənilən qüvvə acizdir. Bu gün ermənilər bu yöndə eksperiment aparırlar. Ermənistanda korrupsiya və rüşvətxorluq halları var. Onlar vəziyyətdən çıxış kimi dünya praktikasına müraciət ediblər və bu, normal haldır. Amma nə etsələr də, orduları yaxın 5-10 ildə zorla ayaq üstə dayana biləcək. Bu minvalla daha çox peşəkarları orduya cəlb etmək istəyirlər. Enində-sonunda bütün yük yenə də imkansızların üzərinə düşəcək, orduya kasıb övladları gedəcəklər".

Hərbi ekspert deyib ki, qardaş Türkiyədə müəyyən ödəniş müqabilində xidmətə getməmək mümkündür: "Amma 1 aylıq təlimə aparırlar və həmin müddətdə silahla davranmanı öyrədirlər. Bundan başqa 3 aylıq təlim də var. Pul ödəməklə 1 il, il yarım vaxtını itirməyib işlərinlə məşğul olursan. Türkiyədə məşhur futbolçular ödəniş edirdilər və 1 ay müddətində təlim keçib xidmətə getmirdilər".

Hərbi ekspert bildirib ki, Azərbaycanda da alternativ hərbi xidmətə sürətli keçid təmin olunmalıdır: "Hazırda Səfərbərlik Xidmətinin Xaçmaz şöbəsinin rəisinin məhkəməsi keçirilir. Xidmət rəisi rüşvət müqabilində çağırışçıları xidmətdən yayındırmaqda ittiham olunur. Belə faktlar bəs deyincə var. Səfərbərlik Xidmətinin 50-dən artıq rayon şöbəsi var və bu şöbələrin hərəsində 2-3 fakt olsa, il ərzində minə yaxın vətəndaşın müxtəlif yollarla xidmətdən yayındığını təxmin etmək çətin deyil. Bu baxımdan alternativ xidmətlə bağlı qanun qəbul edilməlidir ki, belə halların qarşısı alınsın".

Hərbi ekspert deyib ki, alternativ xidmət müddəti 2 il və daha artıqdır: "Alternativ xidmət keçənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin tabeliyindəki qurumların sərəncamına keçirlər. Bu qanunun tezliklə qəbul olunacağını gözləyirəm".

Hərbi ekspert bildirib ki, "Alternativ xidmət haqqında" qanun tez bir zamanda qəbul edilməlidir: "Dini inanclarına, cinsi oriyentasiyası, baxışlarına, iradəsinə görə həqiqi xidmət keçmək istəməyənlərin alternativ xidmət keçmələrinə şərait yaradılmalıdır ki, Azərbaycana qarşı iradlara da son qoyulsun, baxışları fərqli olan vətəndaşlara da xidmət keçmək imkanı yaransın. Misal üçün, onlar hərbi hospitallarda, tikinti, rabitə hissələrində qulluq edə bilərlər. Və ya hər hansı bir hərbi hissədə təmizlik, ya da aşpazlıq işlərinə baxa bilərlər".

Üzeyir Cəfərov bildirib ki, alternativ  xidmətin qanuniləşdirilməsi peşəkar orduya keçidə heç bir şəkildə təsir etmir: "Peşəkar ordu quruculuğu illərdir ki, gündəmdədir və Azərbaycan peşəkar ordu sisteminə keçidə hazırdır. Getdikcə həqiqi hərbi xidmət keçənlərin sayı azaldılacaq, əvəzində müqaviləli, peşəkar hərbçilərə üstünlük veriləcək. Türkiyədə bu sistem oturuşub və effektiv ordu modeli ortadadır. Azərbaycanda da eyni sistem olacaq. 18 yaşına çatanlar müəyyən müddətdə hazırlıq keçəcək. Mümkündür ki, bir neçə həftə və ya ay ərzində silahla davranma və hərbə aid elementar bilgilər öyrədilsin. Peşəkar orduya getmək istəyənlər də özləri qərar verəcəklər. Alternativ xidmət keçmək istəyənlərə də imkanlar yaradılacaq. Peşəkar ordu ilə alternativ xidmətin olması bir-birinə heç bir halda mane ola bilməz". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.