Ölkə

Ermənistan İranı da Araz çayında törətdiyi ekoloji fəlakətin qurbanına çevirib

12 Avqust 2022 11:37
0 Şərh     Baxış: 715

Milli.Az APA-da dərc olunan məqaləni təqdim edir.

Ermənistanın yaratdığı ekoloji fəlakət təkcə özü və Azərbaycan deyil, bütün region üçün təhlükədir. Bu fəlakətlərin siyahısı uzun olsa da, biz bu məqalədə onlardan biri üzərində dayanacağıq. Söhbət Ermənistanın Araz çayını çirkləndirməsinin həm də İran üçün yaratdığı təhlükələrdən gedir.

Ermənistanın heç bir standartları, heç bir dəyərləri nəzərə almadan Araz çayını zəhərləməsinin ən böyük təhlükəsi həm də İrana dəyir. Araz çayı Azərbaycan ərazisində Kür çayına birləşənə qədər kilometrlərlə İran-Azərbaycan sərhədi boyu axır. Araz çayının suyundan Azərbaycanla yanaşı, İran da istifadə edir. Deməli, elə Azərbaycan qədər İran da Ermənistanın Araz çayında törətdiyi ekoloji fəlakətin qurbanına çevrilir.

Təbii ki, İranda da bunun fərqindədirlər, qonşu ölkədə bu narahatlıq bir müddətdir davam edir və açıq şəkildə dilə gətirilir.

İran mətbuatı həyəcan təbili çalır

İranın ingilisdilli "Tehran Times" nəşri 2019-cu ilin noyabrında yazır ki, İran üçün böyük kənd təsərrüfatı və turizm əhəmiyyətinə malik olan transsərhəd Araz çayı Ermənistandan axıdılan çirkab suları ilə çirkləndirilir. Məqalədə qeyd olunur ki, Araz Qafqazda ən böyük, İran üçün isə ən vacib çaylardandır. Turizm üçün cəlbedici, ekosistemə müsbət təsir imkanları ilə yanaşı, vacib balıqçılıq potensialına malikdir. Son onilliklər ərzində Ermənistandakı zavodlardan ağır metalların axıdılması nəticəsində çay çirkab mənbəyinə çevrilib və ölkənin şimal-qərb hissəsində yaşayan əhali üçün təhlükəlidir.

Araz çayı

Yazıda vurğulanır ki, İran hakimiyyəti ikitərəfli münasibətləri korlamamaq üçün şikayət verməkdən çəkinsə də, vəziyyət bu cür davam edə bilməz. "Bu məsələ ya iki ölkə arasında razılaşma əsasında, ya da beynəlxalq müdaxilə nəticəsində həllini tapmalıdır", - deyə məqalə müəllifi vurğulayır.

Məqalədə İranın tanınmış eksperti Əhməd Baybordinin sözlərindən sitat gətirilir. Əhməd Baybordinin sözlərinə görə, bir neçə il əvvəl Təbriz Universiteti və İranın Kənd Təsərrüfatı Nazirliyinin tədqiqat mərkəzinin birgə monitorinqi nəticəsində çayın ağır metallarla çirklənməsi aşkar edilsə də, məlumat ictimaiyyətdən gizlədilib. Ərdəbil əyalətində su və torpağın tədqiqi nəticəsində də Araz çayının ağır çirklənməyə məruz qaldığı bir daha təsdiqlənib.

İranın rəsmi dairələri də narahatdır

Araz çayının Ermənistan tərəfindən çirklənməyə məruz qalması İranda rəsmi səviyyədə də ciddi narahatlıq yaradıb. Artıq bir neçə ildir ki, rəsmi səviyyələrdə Tehran bununla bağlı iradlarını İrəvana çatdırır.

Ermənistan-İran hökumətlərarası birgə işçi qrupunun 2019-cu ilin noyabrında Təbrizdə keçirilən iclasında Araz çayının çirklənməsinin qarşısının alınması məsələləri müzakirə olunub.

İranın energetika naziri 2021-ci ilin mayında Ermənistana xəbərdarlıq edərək bildirib ki, İrəvan tullantıların Araza atılmasını dayandırmaq üçün kifayət qədər addımlar atmır.

Nazir Reza Ərdakanian deyib ki, ölkəsi artıq bir neçə ildir, Ermənistanın Araz çayını çirkləndirməsinin qarşısını almağa çalışır, lakin nəticə yoxdur.

İranın bu məsələdən ciddi narahatlıq keçirdiyini ölkənin baş prokurorunun 2022-ci ilin mayında İrəvana səfəri zamanı Arazın çirklənməsi məsələsini Ermənistan rəsmiləri qarşısında qaldırması bir daha təsdiqləyir.

İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri görüşlə bağlı mətbuata açıqlamasında bildirib ki, Ermənistana səfəri zamanı ən mühüm mövzulardan biri Araz çayının çirklənməsi olub və o bu məsələni Ermənistanın hakimiyyət orqanları ilə müzakirə edib.

Baş prokuror İran və Ermənistanda Araz çayının çirklənməsini araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə razılıq əldə olunduğunu da vurğulayıb: "Biz əvvəllər Ermənistan rəsmiləri ilə görüşlərdə bu məsələni qaldırmışdıq, lakin heç bir nəticəyə gəlməmişdik. Bu səfər zamanı isə Ermənistan hakimiyyəti tərəfindən qəbul edilən təkliflə çıxış etdik. Görüşlərdə İranda və Ermənistanda müvafiq olaraq Araz suyunun çirklənməsi məsələsini araşdırmaq üçün üç nəfərdən ibarət xüsusi komissiyanın yaradılması qərara alınıb. Biz artıq İranda bu nümayəndə heyətini formalaşdırmağa başlamışıq, Ermənistan rəsmiləri də nümayəndə heyətinin formalaşdırılmasının prioritet olacağına söz veriblər".

Ölkənin baş prokuroru vurğulayıb ki, Araz çayı məsələsi hər iki ölkə üçün vacibdir və bu məsələni istənilən nəticəyə nail olana qədər davam etdirmək əzmindədirlər.

Bu ilin iyul ayında Ermənistanın ətraf mühit nazirinin İrana səfəri çərçivəsində iki ölkənin ekoloji strukturlarının rəhbərləri "Daha yaxşı gələcək naminə ekologiya sahəsində əməkdaşlıq" mövzusunda müzakirələr zamanı Araz çayında aparılan işlərlə bağlı məsələləri nəzərdən keçiriblər.

Bir neçə gün öncə isə İranın Şərqi Azərbaycan əyalətinin rəhbəri Abedin Xorram Ermənistanın İrandakı səfiri Arsen Avakyan ilə görüşündə Araz çayının İran üçün böyük əhəmiyyət kəsb etdiyini, ölkəsinin Ermənistan tərəfindən mədən tullantılarına nəzarət üçün böyük addımlar atılacağını gözlədiyini bildirib.

Ermənistan təkliflərə məhəl qoymur

Bu məqamda qeyd etmək yerinə düşər ki, Araz çayının məhz Ermənistan tərəfindən çirkləndirildiyi təkcə Azərbaycan və İran deyil, bütün dünyaya məlumdur. Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq mətbuata açıqlamasında bildirib ki, bir neçə il öncə Almaniya Araz çayını çirkləndirməyə son qoymaq üçün Ermənistana təmizləmə qurğuları tikdirməyi təklif edib, lakin məsələ indiyədək həllini tapmayıb. Səfir qeyd edib ki, nəticədə Ermənistanın bütün çirkli suları Araz çayına axır.

İrəvanı sutəmizləyici qurğular tikməyə sövq etmək məqsədilə bu mövzu dəfələrlə Azərbaycan və İran tərəfindən də qaldırılıb, lakin Ermənistan yenə də heç bir addım atmayıb.

Araz çayını Ermənistandakı hansı mənbələr çirkləndirir?

Ermənistanın dağ-mədən sənayesinin ən strateji nöqtəsi Zəngəzur (Syunik) bölgəsi hesab edilir. Araz çayı sözün həqiqi mənasında bu bölgədə yerləşən Qafan və Qacaran şəhərlərindəki müəssisələrin sənaye tullantılarının kollektoruna çevrilib.

Qacaran şəhərində istismar edilən mis-molibden yatağının tullantıları Oxçuçayı, Aqarak şəhərindəki mis-molibden və qızıl yatağı isə Xarçevan çayını çirkləndirməyə davam edir. Nəticədə hər iki çayın Araz çayının qolu olması, regiondakı torpaq sahələrinin və su resurslarının təhlükəli həddə çirkləndirir.

Əldə edilən nəticələrə əsasən, Ermənistanın əsas filiz ixracatçıları Azərbaycan, Gürcüstan və İran İslam Respublikasının ekoloji vəziyyətinə təhlükə yaradan "Zangezur Copper-Molybdenum Combine (CJSC)", "Agarak Copper Molybdenum Combine" CJSC, "Akhtala Mining and Processing Enterprise" CJSC, Teghout Armenia kimi şirkətlərdir.

Xüsusi olaraq vurğulanmalıdır ki, Ermənistan Araz çayını daha çox Oxçuçay vasitəsilə çirkləndirir. Ermənistan ərazisində fəaliyyət göstərən müəssisələrin ağır sənaye tullantıları Oxçuçayı zəhərləyir, Oxçuçay isə öz növbəsində bu tullantıları Araza qarışdırır.

Oxçuçay

Bir fakta diqqət yetirək ki, yerli şirkətlərlə yanaşı, Almaniyanın "CRONIMET" şirkəti də uzun illər Ermənistanda mədənçıxarma sahəsi üzrə fəaliyyət göstərib. Ermənistanın çayın mənbəyində yerləşən Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatlarının toksik tullantıları, eyni zamanda, həmin şəhərlərin məişət-çirkab suları təmizlənmədən birbaşa Oxçuçaya axıdılmasında Ermənistanla yanaşı, bu şirkət də məsuliyyət daşıyır. "CRONIMET" şirkəti ekostandartlara riayət etməyib, nəticədə bütün region üçün ekoloji terror təhlükəsi yaranıb.

İranlı ekspert: "Ermənistanın Arazı çirkləndirməsi davam edə bilməz"

Artıq Azərbaycan dövlət həmin şirkətlə bağlı beynəlxalq səviyyədə tədbirlər görülməsi üçün müvafiq addımlar atmağa başlayıb.

Azərbaycandakı ekoloji təşkilatlar da Ermənistanın və "CRONİMET" şirkətinin bu addımına ciddi etiraz bildirib, dünyanın nüfuzlu ekoloji qurumlarına yaranmış təhlükəli vəziyyətlə əlaqədar müraciət ünvanlayıb.

Müraciətdə qeyd edilib ki, Oxçuçay çayı sənaye tullantıları ilə çirkləndirilərək yararsız hala gəlib. Erməni mədən sənayesinin fəal oyunçusu olmuş "CRONİMET" şirkəti ətraf mühitin standartlarına uyğun çoxsaylı açıqlamalara baxmayaraq, fəaliyyətinin ətraf mühitə təsirini nəzərə almayıb. Oxçuçay su nümunəsi sınaqlarında ağır metalların, xüsusən mis, molibden, manqan, dəmir, sink və xromun yüksək miqdarı aşkar edilib. Suyun tərkibindəki ağır metalların miqdarı yalnız flüvial faunanı məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcədə təhlükəlidir.

İranın Ekoloji Risklər və Davamlı İnkişaf Assosiasiyasının üzvü, səhiyyə və ekoloji böhranlar sahəsində ekspert Məhəmmədrza Məhbubfər də APA-nın Tehran müxbirinə açıqlamasında Ermənistanın Araz çayını çirkləndirməsindən narahatlığını dilə gətirib: "Ermənistan tərəfindən Araz çayının çirkləndirilməsi davam edə bilməz. Uzun illərdir, Ermənistan ərazisindən, eləcə də işğal dövründə həddən artıq çirkləndirilmiş Oxçuçaydan Araz çayına çoxlu miqdarda zərərli tullantı, ağır metallar və sənaye tullantıları axıdılıb. Bu da çayın su hövzəsində mədə-bağırsaq, xərçəng də daxil olmaqla bir çox başqa xəstəliklərin yaranmasına səbəb olur".

Məhəmmədrza Məhbubfər

O qeyd edib ki, digər tərəfdən bu çirklənmələr heyvan və bitki örtüyünün biomüxtəlifliyində də problemlər yaradıb. Bu çirklənmələrin artması ilə ərazinin ekosistemində dəyişikliklər baş verib.

İranlı mütəxəssis Ermənistandan gələn bu çirklənmənin region əhalisinin sağlamlığına təsirləri barədə də xəbərdarlıq edib: "Ermənistanın Araz çayını çirkləndirməsi Azərbaycan Respublikasının vətəndaşları və İranın sərhədyanı vilayətlərinin əhalisinə mənfi təsir edərək böyük problemlərə yol açır".

O, həmçinin, çirklənmə nəticəsində Araz çayı ərazisində torpaq və suyun zəhərlənməsinin və ekosistem dəyişikliklərinin baş verdiyini söyləyib: "Bu da eyni zamanda çayda balıqların tələf olmasına səbəb olur".

M. Məhbubfər bildirib ki, tezliklə vəziyyətdən çıxış yolları tapılmalıdır: "Hesab edirəm ki, İran və Ermənistan tərəfindən Araz çayının çirklənməsini izləmək üçün komissiya yaradılmalı, çirklənmənin həcminə nəzarət etmək üçün Araz çayının çirkləndirilməsində hər bir ölkənin payı müəyyən edilməli, bu prosesin davam etməsinin qarşısı qəti surətdə alınmalıdır".

İran Ermənistanı məcbur edə biləcəkmi?

Göründüyü kimi, İranda da Ermənistanın Araz çayında yaratdığı ekoloji fəlakətdən ciddi narahatlıqlar var. Belə olan halda sual meydana çıxır ki, İran Cənubi Qafqaz regionunu təhdid edən bir çox təhlükələrə səbəb olan ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün Ermənistanı müvafiq tədbirlər görməyə məcbur edə biləcəkmi? Hərçənd, uzun illərdir, İrəvana bunun qarşısının alınması üçün tədbir görülməsi ilə bağlı edilən müraciətlər heç bir nəticə verməyib. Ermənistan regionun ekoloji təhlükəsizliyini təhdid edərək transsərhəd suları çirkləndirməyə davam edir. İndiki mərhələdə vurulan ekoloji zərərin aradan qaldırılması üçün Azərbaycanla İranın birgə addımları atması yetərli deyil. Analoji addımların Ermənistan tərəfindən də atılması problemin həllinə yardım edərdi. Əks təqdirdə, Araz çayının çirklənməsi yalnız Azərbaycan və İran üçün deyil, həm də bütün Xəzər hövzəsi ölkələri üçün ekoloji fəlakətə gətirib çıxara bilər.

İran, nəhayət, Araz çayının çirkləndirilməsinə, yaranmış ekoloji problemlərə görə Ermənistanın məsuliyyət daşıdığını İrəvana daha sərt şəkildə çatdırmalı, bunun qarşısının alınması üçün sözdən işə keçməlidir. Eyni zamanda yaxşı olardı ki, Tehran Araz çayında yaranan ekoloji fəlakətin qarşısının alınması üçün Azərbaycanın təşəbbüslərinə daha aktiv dəstək verərdi.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics