Ölkə

"Bakılılar günü" - üzqarası olası bayram - Elçin Alıoğlu yazır

1 İyul 2022 13:20
22 Şərh     Baxış: 7 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"День Бакинцев", "Есть такая нация - бакинцы"...

Bakı mənə doğmadır, əzizdir. Bakımı Parisdən də çox sevirəm. Və rusdilliyəm.

Gələk məsələyə.

Bu gün, iyulun 1-ni sən demə, "Bakılılar Günü" kimi qeyd edirlər. Sosial şəbəkələrdə bununla bağlı rəylər yazılır, şərhlər edilir, təbriklər uçuşur.

Məni də təbrik edirlər.

Amma nə cavab verirəm, nə də təbrikə müzayiq durum görürəm.

Çünki...

"Ümumdünya Bakılılar Günü" adlı bayram yoxdur. Olan sadəcə, "köhnə Bakı"nın nisgilini çəkənlərin qeyd etdikləri gündür.

Bu "bayram"ın özü absurdur, necə ki, "Qazaxlılar Günü", "Bərdəlilər Günü", "Laçınlılar Günü" qeyd edilərsə, absurd olacağı kimi.

Şəhərin, kəndin, məkanın günü olar - orada yaşayanların yox.

Maraqlıdır ki, "Bakılılar Günü"nü "qeyd" edənlərdən kimsə niyə məhz iyulun 1-nin, bu tarixin seçildiyini, təşəbbüskar və müəllifin kim olduğunu araşdırmayıblar.

Araşdırmırlar da.

Bəlamız odur ki, Bakının tarixini yerli "nastoyaşı bakinets"lər və ya özlərini belə sayanlarla müqayisədə bir çox ermənilər daha yaxşı bilirlər.

Həmin ermənilər "Bakı əvvəlki şəhər deyil, gəlmələr zibilə döndərdilər şəhəri" deyənlərin kosmopolitizmindən, nihilizmindən, saxta sosyete anlamlarından istifadə edirlər. "Belə millət var - bakılı!" təki marazmatik şüar otraya atılır, iyulun 1-i nədənsə "Ümumdünya Bakılı Günü" elan edilir.

Amma deyilmir və yazılmır ki, iyulun 1-nin seçilməsinin səbəbi 1918-ci ildə Rusiyanın bolşevik lideri Vladimir Leninlə Birinci Dünya Müharibəsinin cəbhələrində vuruşan kayzer Almaniyasının anlaşaraq almanların neftlə təmin edilməsinin müqabilində Bakının Rusiya tərkibində qalması ilə bağlı razılığa gəldiyi gün olmasıdır.

Yəni Bakını elə Bakının nefti ilə haqq-hesab edərək satmışdılar.

Almaniyanın, Rusiyanın yox - Azərbaycanın nefti hesabına.

1918-ci il, 27-30 iyun günləri. Qafqaz İslam Ordusunun qəhrəman əsgərləri Göyçay yaxınlığında Stepan Şaumyanın dəstələrini və daşnakların birləşmələrini darmadağın edirlər.

Bakıya yol açılır.

Təlaşa qapılaraq qorxuya düşən Vladimir Lenin iyunun 30-da İosif Stalinə teleqraf yollayır və əmr edir ki, o, Almaniyanın Tiflisdəki diplomatik nümayəndəliyi ilə dərhal danışıqlara başlasın.

Stalin almanlardan xahiş etməliydi ki, onlar türk müttəfiqlərinə təzyiq göstərərək Nuru Paşanın Bakıya doğru irəliləyişini dayandırsınlar.

Leninin teleqramı alınır və ertəsi gün, iyulun 1-də Stalin aldığı göstərişi Almaniyanın Tiflisdəki konsulu Fridrix fon Şulenburqun diqqətinə çatdırır.

Şulenburq da "Bakı Rusiya şəhəri kimi qalmalıdır" təklifi ilə razılaşır.

Bakıda isə ermənilər bayram edirdilər. Küçələrdə "Bakı - əbədi olaraq Rusiyada!" şüarları asılmışdı.

Nuru Paşa isə alman müttəfiqlərdən "lütfən, hücumu dayandırın" ismarıcı alsa da, almanları və daşnakları piyada erotik səyahətə yollayaraq hücumu davam etdirir.

"Ümumdünya Bakılılar Günü"nün müəllifi isə Arsen Petrosyan adlı ermənidir. Məhz bu individ illər əvvəl "Odnoklassniki" sosial şəbəkəsində "bayram"la bağlı status yazmışdı.

Sonradan bu basilla sosial şəbəkələrdə yayıldı.

Arsen Petrosyan daşnak idi, "Miasus" idefiksi ilə sayıqlayan ermənilərin sosial şəbəkələrindəki qruplarında çox fəaldı.

Günün seçimi də sərrast və dəqiqdi. Axı Azərbaycanda 1918-ci ilin iyun ayının son günləri barədə nə qədər həmvətənimiz məlumatlı idi ki...

...Hər kəs seçimində tam asudə və azaddır.

"Ümümdünya Bakılılar Günü" barədə şəstlə yazıb "Axxx, Bakı" tipli köksötürmələri növbələyənlərlə də işim yox.

Sadəcə, nəzərə çatdırım ki, o Arsen Petrosyanın tam adaşı olan erməni "manıs" Arsen Petrosyanın "Kayfuem!" mahnısı da var.

Mənim üçünsə Bakı Günü var.

Hər ilin sentyabrın 15-i...

Vaxt ayırıb oxuduğunuz üçün təşəkkür edirəm.

Elçin Alıoğlu
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.