Avto

Bu avtomobillər ucuzlaşdı - Maşın bazarında durğunluq

18 Mart 2024 12:12
Baxış: 9 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün maşın bazarında sıxlıq müşahidə olunurdu. Maşın əlindən tərpənmək mümkün deyildi. Lakin, alıcılar çox az idi. Görünür, parkinqlərlə bağlı qərarlar, şəhərin mərkəzinə girişə qoyulan məhdudiyyətlər avtomobil bazarına ciddi təsir edib.

Bəzi avtomobillərin qiymətində kəskin artım, bəzilərində isə kəskin azalma var idi. Benzin mühərrikli ili köhnə olan avtomobillərin qiyməti aşağı idi. İli yeni, kiçik həcmli mühərrikli maşınların qiymətində artım müşahidə olunurdu.

Bəzi avtomobillərin qiyməti isə şişirdilmişdi. Ümumiyyətlə, bazarda maraq daha çox "Hyundai" və "Kia"ya idi. Görünür, "Mersedes" artıq populyarlığını itirib. Bu modelin sadəcə el arasında "4 göz" və "Çeşka" kimi tanınan modellərinə baxılırdı, hansı ki, başqa ölkələrdə bu modelləri çoxdan yararsız adı ilə məhv ediblər.

Bazarda həm səsi, həm görünüşü ilə ən çox diqqət çəkən maşınlar "BMW" olsa da, alverçilərin qəlibləşdirdiyi ""rasxod"lu maşın" düşüncəsinə görə alıcısı zəif idi. Həm də, qiymətləri çox baha olduğundan "BMW"yə tələbat azalmışdı. Lakin, zərin qədrini zərgər bildiyi kimi, "BMW"ni də ancaq həvəskarları alır və buna görə heç maşın bazarına getməyə ehtiyac olmur. Elə avtomobil alqı-satqı saytlarına baxmaq kifayət edir.

Maşın bazarında ən az diqqət yapon maşınlarına, xüsusən də, "Nissan"a idi. Demək olar ki, "Nissan"a baxan yox idi. Ehtiyat hissələrinin baha olması ilə seçilən "Nissan" el arasında "daşdöyən" kimi tanınsa da, görünür, ehtiyat hissələrin bahalığı onun populyarlığını zəiflətmişdi.

Hazırda koreyadan gətirilmiş avtomobillərə maraq kəskin artıb. Yürüşü çəkilmiş, qəzası olan bu maşınlar Bakıda fantastik qiymətə təqdim olunur. Alverçilərin əsas gəlir yerinə çevrilən "koreyka"lar bazarda ən çox alınıb-satılan maşınlardan idi.

Amerika maşınlarına da tələbat azalıb. Buna səbəb onların Ai92 benzinə qarşı həssaslığıdır. Xüsusilə, "Chevrolet"in bazarı tamamilə "ölüb". "Ford"ların isə hibrid modelləri müəyyən qədər diqqət mərkəzindədir.

Ümumilikdə, Azərbaycanda maşınlar haqqında qəlibləşmiş düşüncə tərzi kökündən yanlışdır. Məsələn "Mercedes xərcsizdir", "BMW xərclidir", "Nissan daşdöyəndir", "Toyota ölümsüzdür", "Hunday dözümlüdür" kimi anlayışların səhv olması dəfələrlə təsdiqlənib. Nəzərdə saxlamaq lazımdır ki, hər bir avtomobil periodik qulluq tələb edir. Bu qulluq vaxtında edilmədikdə maşın sahibi üçün ciddi problem yaradır. Əsas ona diqqət yetirmək lazımdır ki, alman mühəndislər xüsusilə "Mercedes", "BMW" və "Audi" kimi modellərində avtomobildə istifadə olunan heç bir materialın ucuzundan istifadə etmir. Bu səbəbdən də almaniya istehsalı olan maşınlar uzunömürlü olur. Digər ölkə istehsalçıları isə daha çox aşağıbüdcəli alıcıları nəzərə aldıqlarından avtomobillərin hazırlanmasında istifadə etdikləri məhsulun materialında müəyyən qədər "xəsislik" edirlər... Bu baxımdan da, alman maşınları  rəqiblərindən qat-qata baha təklif olunur. Bütün bunlara baxmayaraq, dünyada ən çox satılan avtomobil "Toyota"dır. Səbəb isə hər kəsin "cibi"ni nəzərə almasıdır.

İslam
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.