İdman

"Bir dəfə əlimi, bir dəfə burnumu sındırmışam" - FOTO

9 Oktyabr 2015 19:45
0 Şərh     Baxış: 2 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çoxlarımızın hobbisi var. Boş vaxt tapan kimi, sevdiyimiz işlə məşğul olmaqdan zövq alırıq. Bu, zamanımızı alır, adətən bizə pul qazandırmır, hətta hobbimizə pul da xərcləyirik. Amma əsas odur ki, işdən əlavə məşğul olduğumuz "işdən" zövq alırıq. Yeni rubrikamızda karyerasında müəyyən yol keçən, uğur qazanan gənclərin hobbisindən danışacağıq. İlk qonağımız "Azercell" şirkətində şöbə müdiri, Azərbaycan Oracle İstifadəçilər Qrupunun prezidenti Kamran Ağayevdir. K.Ağayev 4 ildir Jiu-jitsu idman növü ilə məşğuldur.

- Çoxlarının məşğul olmadığı və hətta eşitmədiyi idman növü ilə məşğulsunuz. Qısa olaraq Jiu-jitsu idman növü barədə məlumat verərdiniz...

- Bu idman növü Judo-dan yaranıb və əsasən yerdə boğucu və sındırıcı fəndlər tətbiq etməklə güləşməkdən ibarətdir. Bu idman növünün geyim forması həm kimono, həm də kimonosuz olur. Əsas məqsədlərindən biri, rəqibi heç bir zərbə yetirmədən zərərsizləşdirməkdir. Bu idman növünü bir cümlə ilə izah etsək, Karlos Maçado adlı məşhur braziliyalı döyüşçünün bu sözlərini deyə bilərik: "(Döyüşdə) hər nə olursa olsun, biz yerə düşəcəyik. Və biz mənim dünyama gəlmiş olacağıq. Yer mənim üçün okeandır. Mən köpək balığıyam. Və sən isə heç üzməyi belə bilmirsən".
Bu idman cəmiyyətdə çox məşhur olmasa da, dünyanın ən elit qaydasız döyüş yarışlarında iştirak edən döyüşçülərin əsas məşq etdiyi idman növüdür.

- Jiu-jitsu döyüş növünü braziliyalılar şahmat adlandırırlar. Niyə?

- Jiu-Jitsunun şahmat adlandırılmasında məqsəd odur ki, güləşərkən hər rəqib bir addım edir. Biri hücüm edir, digəri qorunur və ya hər ikisi hücüm edir. Şahmatda olduğu kimi, bu idmanda da minlərlə fərqli mövqe, hücüm və qorunma növləri var. Mən belə etsəm, o belə edəcək, o belə etsə, mən o zaman belə edəcəm və s. kimi addımlar düşünülür. Mütəxəssis səninlə güləşərkən, 5-10 saniyəyə səni asanlıqla məğlub edir. Bunun səbəbi, şahmatda olduğu kimi, səndən öncə bir neçə addımı hesablayıb hücüm etməsidir.

- Niyə məhz bu idman növü? Maraq haradan yarandı?

- Bu idman növünün ən böyük üstün cəhəti, onunla məşğul olduqca, hər gün yeni şey öyrənməyindir. Təsəvvür edirsiniz, hər gün yeni bir şey. Səndən çəkidə, gücdə, boyda dəfələrlə balaca olan bir insanın səndən daha çox məşq etdiyinə görə asanlıqla sənə qalib gəlməsi həqiqətən qeyri-adi bir duyğudur.
Bu idmanla məşğul olmağımın bir neçə səbəbi var. Birincisi, bu yeganə idman növlərindəndir ki, hətta yaşlananda belə onunla məşğul ola bilərsən. Digər döyüş növləri isə çox travmatik olduğuna görə, onlarla müəyyən yaşdan sonra məşğul olmaq çətin olur. 70 yaşında 2 nəfərin boks və ya karate sparinqi etməsi imkansız olduğu halda, onların hər ikisi hələ də güləşə bilər.
Kitab oxumaqla, qol gücü ilə, çəkinin artıq olması ilə qalib gələ bilməzsən. Ancaq illərlə, böyük səbr göstərib məşq etdikdən sonra qalib gəlməyin mümkündür.

- Hobbiniz sizə nə verib?

- Hobbim mənə çox şey verib. Bir dəfə əlimi, bir dəfə burnumu sındırmışam. Ancaq neyləyək, incəsənət qurban tələb edir. Bu idman sayəsində çoxlu dostlar əldə etmişəm. Bu dostları nəinki Bakıda, dünyanın fərqli ölkələrində tanımışam.
İxtisasımla əlaqəli xarici ölkələrdən aldığım konfrans dəvəti zamanı, həmin ölkənin Jiu-jitsu məşq zallarını axtarıb, mütləq oradakı insanlarla tanış oluram, məşq edirəm və gələcək görüş və münasibət üçün sosial şəbəkəmə əlavə edirəm. İndiyə qədər Amerika, Koreya, Argentina, Uruqvay, Yaponiya, BƏƏ kimi ölkələrdə fərqli məşq zallarında fərqli insanlarla tanış olub dostlaşmışam, məşq etmişəm. Demək olar ki, hamısı ilə tez-tez əlaqə saxlayıram. Hətta Uruqvayda daxil olduğum zalda dillərini bilmədiyim halda, məni çox isti qarşılamaları, birgə məşq etməyimiz heç yadımdan çıxmır. Biz bir-birimizlə bir dildə danışırdıq - Jiu-jitsu dilində...
Bu idman daim sağlam və gümrah qalmağıma səbəb olub. İş həyatında və ümumiyyətlə, ətrafda baş vermiş bütün gərginlikləri məşq zalında rahatlıqla çıxarmaq mümkün olur. Bu idman mənə həm məşqdə, həm də həyatda özümə güvən verib. Bu həm fiziki, həm də mənəvi güvəndir.
Bu idmanla məşğul olarkən günü-gündən inkişaf etməyim məndə ümumi inkişafa bir motivasiya yaradıb. Fərqli texnikalar öyrənib dünən uduzduğun insana qalib gəlməyə başlayırsan. Bu idman mənə qərar qəbul edib həmən onun ardınca getməyi öyrədib. Güləşən zaman gözləsən, qərar qəbul edib hücüm etməsən, məğlub olacaqsan.

- Jiu-jitsu üzrə, deyəsən uğurlarınız da olub. Bu barədə danışardınız, zəhmət olmasa.

- Bir neçə dəfə yerli və beynəlxalq yarışlarda iştirak etmişəm. Sonuncu dəfə 2014-cü ildə Əbu Dabidə keçirilən yarışda 1-ci yerə çıxmışam. Bu yarışın mənim həyatımda çox böyük əhəmiyyəti olub. Eyni yarışa bir il öncə hazırlıqsız gedib məğlub olduqdan sonra, o yarışı udmaq mənim ən böyük hədəflərimdən biri idi. Yarış zamanı ayağımdan aldığım çox ciddi travmaya, yarış günü ağrıdan yerimdən qalxa bilməməyimə baxmayaraq, rəqiblərimi məğlub edib ən yüksək kürsüyə qalxdıqda hər şeyi unutmuşdum. Ən böyük arzularımdan biri nə zamansa dünya çempionu olmaqdır. Elə bir gün yoxdur ki, bu barədə düşünməyim...
Burda Məhəmməd Əlinin dediyi bir söz tam yerinə düşür: "Böyük çempion olmaq üçün düşünməlisən ki, sən ən güclüsən. Əgər deyilsənsə, özünü elə apar ki, eləsən". Yarış zamanı rəqiblərimə baxarkən "mən ən güclüyəm" deyə düşünməyimin yarışı udmağımda böyük köməyi oldu. Çünki hər iki rəqibim fiziki cəhətdən məndən çox güclü idilər.

- Məsul vəzifədə çalışırsınız. Hobbiniz işinizə mane olmur ki?

- Xeyr, əksinə çox kömək edir. İşdəki bütün stress və yükü məşq zalında çıxarıram. Çalışıram məşqləri buraxmayım. Yaxşı bir məsəl var, "məşqi buraxmağın üç səbəbi olur: 1. Ölüb. 2. Xəstələnib və ölüb. 3. Öldürüblər".

Kaspi.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.