İdman

"Altı ay ərzində qırmızı vərəqə ala bilmərəm"

18 Aprel 2015 10:08
0 Şərh     Baxış: 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Neftçi" klubunun futbolçusu Karlos Kardozo Premyer Liqanın 30-cu turunda "Qəbələ"yə uduzduqları oyundan (1:3) sonra müsahibə verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, məğlubiyyəti şərh edən braziliyalı müdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb.

- Vacib qarşılaşmada məğlub oldunuz. Bunu nə ilə izah edə bilərsiniz?

- "Qəbələ"nin belə yaxşı oyun nümayiş eləməsi bizim üçün gözlənilməz oldu. Təəssüf ki, komandamız bu oyuna tam şəkildə diqqət yetirməmişdi. Psixoloji olaraq çox çətin idi. Çalışırsan ki, oyuna tam diqqətini verəsən, amma alınmır.

- "Qəbələ"dən belə oyun gözləmədiyinizi qeyd elədiniz. Amma rəqib ardıcıl son altı matçda qələbə qazanıb...

- Rəqibin yaxşı oyun göstərəcəyini gözləyirdik. Bəlkə də, mən Azərbaycana gəldiyim gündən indiyə qədər "Qəbələ" bizə qarşı ən yaxşı oyun nümayiş etdirən komanda oldu.

- Bugünkü məğlubiyyətə əsas səbəb olaraq nəyi göstərmək olar? Qapıçı Aqil Məmmədovun yerinə Saşa Stamenkoviçin meydana çıxması buna səbəb ola bilərmi?

- Bizim hər iki qapıçımız yaxşıdır. Eyni səviyyəli qapıçılardır. Fikrimcə, bu məğlubiyyət "İnter"lə oyunla bağlı idi. Diqqətimizi "Qəbələ" ilə qarşılaşmaya tam olaraq verə bilmədik.

- "İnter"lə kubok oyununda məğlub olsanız, bu, "Neftçi" üçün cari mövsüm hər şeyin bitdiyi deməkdir?

- Bu suala cavab verə bilməyəcəm. Mən tam olaraq əminəm ki, ilk oyunda olduğu kimi, cavab qarşılaşmasında da qələbə qazanacağıq.

- "Neftçi"nin çempionatda əsas məqsədi gümüş medallar uğrunda mübarizə olduğunu düşünmək olar?

- Təbii ki, əsas məqsədimiz budur. Əgər başqa titul qazanmaq şansımız yoxdursa, yaxşı oynayıb ikinci yer uğrunda mübarizə aparmaq lazımdır. Bu gün hələ "Qarabağ"ın çempion olacağını da demək olmaz.

- "Qəbələ" ikinci qolu vurduqdan sonra meydanda bir neçə epizodda gərgin anlar yaşandı. Bu münaqişələr nə ilə bağlı idi?

- Rəqibin ikinci qolunda qayda pozuntusu var idi. Amma deyə bilmərəm ki, hakim oyunu pis idarə etdi.

- Üçüncü qoldan sonra azərkeşlər baş məşqçini istefaya səslədilər. Nəyi dəyişmək lazımdır ki, komanda əvvəlki kimi güclü olsun?

- Mən öz işimi görməyə çalışıram. Bu suallara daha yaxşı rəhbərlik cavab verə bilər. Biz əlimizdən gələn hər şeyi edirik. Hər şey bizdən asılı deyil. Amma bəzi şeylərin dəyişməli olduğu doğrudur.

- Etiraf eləyə bilərsən ki, üçüncü qolda səhvin var idi?

- Demək olar ki, var idi. Qaydanı pozmaq istəmədim. Bilirsiniz ki, mən artıq şərti olaraq cəzalıyam. Altı ay ərzində qırmızı vərəqə ala bilmərəm. Buna görə də rəqibi buraxmaq məcburiyyətində qaldım.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.