Cəmiyyət

Onu sevmək - nə böyük nemət!

18 Aprel 2015 21:45
0 Şərh     Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milyonlar bir ağızdan oxuyur bu sözləri, həm də ürəyinin ən dibindən, ən gözəl dua kimi: "Canım fəda olsun..." Candan daha dəyərli nəyi var ki, sevənlərin.

Sən Allahın sevdiyisən, Allahın sevdiyini sevəni Allah sevər, Allahın sevdiyini sevən Allahı sevər.

Məhəmməddən oldu məhəbbət hasil

Məhəmmədsiz məhəbbətdən nə hasil?

Ya Rəsulullah! Sevməyi Sən öyrətdin bizə, Səndən öyrəndi bu insanlıq sevməyi, Sənsiz nə sevgi, nə məhəbbət?

Sənin adın yetər aşiqlərə. Hansı könüldə, hansı cümlədə adın çəkilərsə, bərəkət toxumları kimi boy verər o yerdə. Adın dodaqlarda gül kimi açar, könüllərə, duyğulara bərəkət qaynağı olar. Səninlə eyni tarixi paylaşıb, eyni havanı ciyərimizə çəkə bilməməyin üzüntüsü sarmış ruhumuzu. Sənin ayağının tozunu məlhəm kimi gözümüzə, üzümüzə, ürəyimizin başına sürə bilməməyin yanğısı içindəyik. Amma təsəllisiz də deyilik: Özün buyurmusan ki, Qiyamət günü hər kəs öz sevdiklərinin yanında olacaq və onu da buyurmusan ki, Səndən sonra gəlib, üzünü görmədən Səni sevənlər Sənin qardaşlarındır. Biz də bu müjdənin coşqusuyla qollarımızı da, könlümüzü də açıla bildiyi qədər açaraq Allaha yalvarırıq:

- Ya ərhəmərrahimin, bizim könlümüzü Allah sevgisi və Rəsulullah sevgisi ilə elə doldur ki, orada dünyaya zərrə qədər yer qalmasın. Bilirik ki, bir bəndənin Allahı sevə bilməsi Allahın o bəndəyə ən böyük lütfüdür. Bu lüftü əta buyur bizə, ey mərhəməti sonsuz olan uca Rəbbim!

***

1400 ildir ki, İslam aşiqləri Rəsulullah sevgisiylə coşub çağlayırlar. Peyğəmbərimizin vəsfinə yazılmış nəti-şərifləri bir araya yığsanız yüzlərlə cild kitablar ortaya çıxar. Amma bütün bu gözəl duyğular və şeirlər arasında biri var ki, Rəsulullahı sevən bütün könüllərin tərcümanıdır. Süleyman Çələbinin nəti-şərifini deyirik. Elə bu mübarək Mövlud qəndili münasibətilə Süleyman Çələbiyə, Yunus Əmrəyə, Mölanaya, Sədi Şiraziyə, Məhəmməd Füzuliyə, Mehmet Akifə, Seyyid Nigariyə, adını çəkə bilmədiyimiz bütün Rəsulullah aşiqlərinə, İslam bülbüllərinə Allahdan rəhmət diləyir, duyğularımızı Süleyman Çələbinin nəti-şərifindən seçdiyimiz parçalarla hüzurlarınıza təqdim edirik. Mövluq qəndiliniz mübarək olsun! Allaha əmanət olun! 

Süleyman Çələbi

Nəti-şərifdən parçalar

Allah adın zikr edəlim əvvəla, 

Vacib oldu cümlə iştə hər qula.

Allah adın hər kim ol əvvəl ana. 

Hər işi asan edər Allah ona. 

Allah adı olsa hər işin önü, 

Hərgiz əbtər olmaya anın sonu.

Bir kəz Allah dersə şövq ilə lisan, 

Tökülür cümlə günah misli-xəzan. 

İsmi-Pakin pak olur zikr eyləyən 

Hər murada yetişir Allah deyən.

Eşq ilə gəl indi Allah deyəlim, 

Dərd ilə, göz yaş ilə ah edəlim. 

Ola kim rəhmət qıla ol padişah, 

Ol Kərimü ol Rahimü ol ilah.

***

Bu gələn elmi-lədun sultanıdır, 

Bu gələn tövhidi-irfan kanıdır. 

Bu gələn eşqinə dövr eylər fələk, 

Yüzünə müştaqdürür insü-mələk.

Bu gecə ol gecədir kim, ol şərif, 

Nur ilə aləmləri eylər lətif. 

Bu gecə şadan olub ərbabi-dil, 

Bu gecəyə can verir əshabi-dil. 

Rahmətən lil-aləmindir Mustafa, 

Həm şəfi ül-müznibindir Mustafa.

***

Cümlə zərrati-cahan edib səda, 

Çağrışuban dedilər kim, mərhəba! 

Mərhəba ey ali-sultan, mərhəba! 

Mərhəba ey kani-ürfan, mərhəba! 

Mərhəba ey sirri-Furkan, mərhəba! 

Mərhəba ey dərdə dərman, mərhəba! 

Mərhəba ey bülbülü-bağı-cəmal, 

Mərhəba ey dərdə dərman, mərhəba! 

Mərhəba ey mahü xurşidi-Xuda, 

Mərhəba ey Haqdan olmayan cüda! 

Mərhəba ey asi ümmət məlcəi, 

Mərhəba ey çarəsizlər əşfai! 

Mərhəba ey cani-baqi, mərhəba, 

Mərhəba uşşaqə saki, mərhəba! 

Mərhəba ey qüdrəti ayni-Xəlil, 

Mərhəba ey xasi-məhbubi-Cəlil! 

Mərhəba ey rahmətən lil aləmin. 

Mərhəba sənsən şəfi əl-münzibin. 

Mərhəba ey padişahi-du cahan, 

Sənin üçün oldu kövn ilə məkan.

***

Ailədə gözəl rəftarı ilə hamının könlünü alar, kimsəni incitməzdi. Evində boş oturmaz, ya pal-paltarını təmizləyər, başmağını yamayar, ya da qoyunlarını öz əli ilə sağardı. Heç işsiz oturmazdı. Həzrəti Xədicə ona:

- Ya Əbül Qasim, özünü yorma, evdə iş görənlər var, sən dincəl, - deyərdi.

O, sevimli zövcəsinin bu iltifatından məmnun qalar və ona belə cavab verərdi:

- Ya Xədicə, bu dünyada dörd şeydən heç xoşum gəlmir: qorxaqlıq, xəsislik, tənbəllik, bir də pintilik.

Sevgi, məhəbbət onun bütün varlığına hakim kəsilmiş, onu bürümüşdü. Ehtiyacı olan insan gördüyü zaman qəlbi sızlayar, özü və ailəsini bir tərəfə qoyub, ona əlindən gələn yardımı edərdi. Ona əl açanları boş qaytarmaz, evində, eşiyində olan-qalan nə varsa verərdi. Hətta özündə veriləcək bir şey olmayanda bir başqasından borc alıb verərdi.

***

Onun sevgisi yalnız insanları əhatə edən bir sevgi deyildi. O, heyvanlara, bütün canlılara qayğı ilə yanaşardı. Qapısını cırmaqlayan pişiyə öz əli ilə qapı açardı. Xəstə xoruzu sağaltmaq üçün müalicə edər, atını tumarlayaraq sevərdi. Susuz bir köpəyə başmağı ilə quyudan su çəkib verən kəsə cənnətə gedəcəyini müjdələmişdi. Bir pişiyi ac qoyan qadının bundan ötrü əzab görəcəyini söyləmişdi. Bitki və ağac məhəbbətini də xüsusilə tövsiyə edirdi. Susuz qalmış bir ağaca su tökən insana Allah-Təalanın mükafat verəcəyini xəbər vermişdi. Hər bir canlının sevgiyə möhtac olduğunu təkrar edərdi.

Ona, nəslinə və Əshabına səlatü salam olsun.

***

Bir nəfər peyğəmbərimizlə üzbəüz gələrək Ondan soruşur:

- Ya Rəsulullah, hansı əməl daha fəzilətlidir?"

- Gözəl əxlaq, - buyurdu.

Adam sağ tərəfdən, sol tərəfdən və arxa tərəfdən gələrək yenə eyni sualı sordu və peyğəmbərimiz hər dəfə eyni cavabı verdi və axırıncı dəfə belə cavab verdi:

- Niyə anlamırsan, gözəl əxlaqdır, o da gücün çatarsa, hirslənməməkdir. 

Rəsulullah Vəhyin işığında:

- Biz səni aləmlərə rəhmət olaraq göndərdik (Ənbiya-107).

- Ey Peyğəmbər! Biz səni bir şahid, bir müjdəçi, bir xəbərdaredici, Allahın izni ilə Allaha çağıran və nur saçan bir qəndil olaraq göndərdik (Əzhab 45-46).

- Həbibim! Onlara söylə: Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin (Ali-İmran-31).

- Şübhəsiz, Allah və mələkləri Peyğəmbər Muhammədə çox səlat və salam edərlər. Ey inananlar! Siz də ona səlatü salam gətirin və tam bir təslimiyyətlə könüldən Ona təslim olun! (Əzhab-56)

- Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları pis əməllərdən təmizləyən, onlara kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Həlbuki, bundan əvvəl onlar açıq-aydın zəlalət içində idilər (Ali-İmran 164).

- (Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir (ət-Tövbə- 128).

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.