Cəmiyyət

Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalara nəzarət gücləndirilir

2 Sentyabr 2014 16:45
Baxış: 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində "Hədəf" Mərkəzinin açılış mərasimi keçirilib

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, sentyabrın 2-də Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində "Hədəf" Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının daimi nümayəndəsi Antonius Broek və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə məlumat verilib ki, "Hədəf" Mərkəzi Dövlət Gömrük Komitəsi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində yaradılıb. Məqsəd hava nəqliyyatında gömrük işini müasir texnologiyalar əsasında qurmaqla, qaçaqmalçılıqla mübarizəni gücləndirmək və hədəfləri müəyyənləşdirməkdir. Mərkəz Heydər Əliyev Beynəlxalq Hava Limanı, eləcə də Gəncə, Lənkəran və Qəbələ hava limanlarını əhatə edəcək, hava nəqliyyatı vasitəsilə daşınan sərnişin və yüklərin dövlət sərhədindən keçirilməsi zamanı gömrük xidmətinin səmərəliliyinin artırılmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.

Bundan başqa, "Hədəf" Mərkəzində Azərbaycan Respublikası ərazisindən keçən tranzit, idxal və ixrac yükdaşımalarında iştirak edən bütün nəqliyyat vasitələrinə də nəzarət olunacaq.

Sonra BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi A.Broek çıxış edərək Mərkəzin yaradılmasını gömrük işinin asanlaşdırılması və təhlükəsizliyi baxımından çox əhəmiyyətli bir addım olduğunu, bu layihənin regionun digər dövlətləri üçün də faydalı ola biləcəyini vurğulayıb.

DGK-nın sədri A.Əliyev isə qeyd edib ki, Azərbaycan Gömrük Xidmətinin BMT İnkişaf Proqramı ilə əməkdaşlığı 1999-cu ildən başlayıb. Bu əməkdaşlıq indiyədək gömrük qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, gömrük rəsmiləşdirilməsi və nəzarətin avtomatlaşdırılması sisteminin tətbiqi işinə öz töhfəsini verib.

Mərasimin sonunda DGK ilə BMT-nin İnkişaf Proqramı arasında gələcək perspektivə dair memorandum imzalanıb.

Sənədi DGK-nın sədri A.Əliyev və BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi A.Broek imzalayıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.