Cəmiyyət

Kiminə sağından, kiminə solundan...

31 Avqust 2014 16:15
5 Şərh     Baxış: 1 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Məhz o vaxt əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun! Mən hesab verəcəyimə inanmışdım!" Bundan belə, o, xoş güzəran içində, yüksək bir Cənnətdə olacaqdır.

Onun meyvələri çox yaxındadır (Onlara belə deyiləcəkdir): "Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!" Əməl dəftəri sol əlinə verilənlər isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə verilməyəydi! Hesabımın nə olduğunu bilməyəydim! Kaş o (ölüm) qəti (əbədi) olaydı! Mal-dövlətim mənə heç bir fayda vermədi. Mülküm də məhv olub getdi!" Allah dərgahından belə bir nida gələcəkdir: "Onu tutub qandallayın! Sonra da Cəhənnəmə atın! Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! Çünki o, böyük olan Allaha inanmırdı. 0 yoxsulu yedirtməyə rəğbət oyatmırdı" (əl-Haqqə, 69/19-34).

Oxuduğumuz ayələrdə Allah-Təala əməl dəftərinin sahiblərinə verilməsini və onların da buna görə xoşbəxt olacağını, yaxud kədərlənəcəyini xəbər verir.

Əməl dəftəri insanların dünyada gördükləri işlərin qeyd edildiyi və axirətdə özlərinə təqdim ediləcəyi bildirilən dəftərə, yaxud kitaba verilən addır.

Quranda insanın dünyadakı əməllərinin qiyamət günü açıq kitab şəklində özünə göstəriləcəyi və hər bir şəxsdən öz kitabını oxumasının istəniləcəyi həm bu, həm də digər bəzi surələrdə (məsələn, əl-Isra, 17/13-14) izah edilmişdir. Buna görə də "hər bir şəxsin qiyamət günü əməl dəftərinin veriləcəyinə" inanması fərzdir.

Kiramən katibin, yəni Həfəzə və Atid adlandırılan mələklərin yazdıqları əməl dəftəri (əl-Ənbiya, 21/94; Qaf, 50/18; əz-Zuxruf 43/80) insanın haqq-batil, doğru-yalan, yaxşı-pis bütün inanc, fikir, söz və davranışlarını ehtiva edəcəkdir (əl-Kəhf 18/49). Əməl dəftəri cənnətlik olanlara sağdan, cəhənnəmlik olanlara isə soldan, yaxud arxadan veriləcəkdir. Dəftərləri sağdan verilənlər Quranda "əshab ul-yəmin", soldan, yaxud arxadan verilənlər "əshab uş-şimal" adlandırılır (əl-Haqqə, 69/19,25; əl-İnşiqaq, 84/7,10).

Dəftərin sağdan verilməsi bir xoş xəbər (müjdə); soldan, yaxud arxadan verilməsi isə bir qorxu və əzab əlamətidir. Quranda yalnız şəxslərin deyil, millət və cəmiyyətlərin də "kitab" adlandırılan əməl dəftərlərinin olduğu və hesab günü hər millətin öz kitabını oxumağa çağırılacağı qeyd edilir (əl-Casiyə, 45/28-29).

Məhşərdə insanın əməl dəftərinin sağ tərəfindən verilməsi onun dünya həyatında Allahın əmrinə münasib, mərd və dürüst bir həyat yaşadığını, yəni keçmişinin təmiz olduğunu göstərir. Belə bir vəziyyətdə olan insan Allahın lütfü ilə nicat tapanlardan olduğunu başa düşər və "Alın, kitabımı oxuyun" deyərək sevincini başqaları ilə bölüşmək istəyər.

20-ci ayədə əməl dəftəri sağından verilən insanın dünyada ikən axirətə iman etdiyini və axirət üçün tədarük gördüyünü söyləməyi bizə görə diqqətəlayiqdir.

İnsanın əməl dəftərinin sol tərəfindən verilməsi onun dünya həyatında Allahın əmrinə uyğun hərəkət etmədiyini, dürüst və kamil şəkildə yaşamadığını, yəni keçmişinin təmiz olmadığını göstərir. Belə vəziyyətdəki bir insan dünyada etdiklərini əməl dəftərində görəndə cəzalandırılacağını başa düşər, buna görə də əməl dəftərinin ona verilməsini və içərisində yazılanları görmək istəməz və ölüm ilə hər şeyin sona çatmasını istəyər. Belə bir istək orada bir işə yaramadığı kimi, dünyada halala-harama əhəmiyyət verməyərək yığdığı mal-mülkü də ona verilən cəzanın qarşısını ala bilməyəcəkdir. Bundan sonra mal-mülk, səltənət, vəzifə, iqtidar və s. dünyaya aid nə varsa, hamısı yox olub getmişdir. Yalnız insanın müsbət və ya mənfi inanc və əməlləri qalmışdır.

Əməl dəftəri solundan verilən insanın hesablaşması qurtardıqdan sonra Allah-Təala bu işlə vəzifələndirdiyi mələklərinə həmin günahkar insanın əllərini boynuna bağlayıb, cəhənnəmə aparmalarını, sonra isə qandallamalarını əmr edəcəkdir.

Axirət həyatı qeyb aləminə aid bir inanc olduğuna görə, Allah ora ilə bağlı məlumatları bizə misallar gətirərək başa salmışdır. Bundan başqa, ayələrdə cəhənnəmə aparılacaq olan günahkar insanın qandallanmasının səbəbi də izah edilir. Belə ki, o insan Allaha inanmamış, kasıblara köməyə təşviq etməmiş, yəni eqoist duyğularına qapılaraq başqalarının dərd və problemlərini bölüşmə kamilliyini, mədəniyyətini, alicənablığını nümayiş etdirə bilməmişdir. Yoxsula kömək etmə məsələsindəki laqeydliyin bir insanın qandallanmasının əsas səbəblərindən biri kimi Allaha inancsızlığın dərhal arxasınca qeyd edilməsi İslamın bölüşməyə, sosial ədalətə və sülhə çox dəyər verdiyini göstərir.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.