Cəmiyyət

Pulsuz çimərliklər xəstəlik mənbəyidir

24 İyul 2014 11:57
0 Şərh     Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdaşımız Xəzər sahillərində gördüklərindən yazır

Paytaxtın isti, bürkülü havasından qurtulmaq üçün minlərlə insan hər gün dənizə axışır. Qadağan nişanları da insanları dənizdən ayıra bilmir, sahilboyu cərgələnmiş çimərliklər hər gün dolub-daşır. Amma təmiz və pulsuz çimərlik harada var? Dəniz sahili kilometrlərlə hasarlanıb deyə indi pulsuz çimərlik tapmaq çətindir. Biz Bakı sakinlərinin və Bakıya yaxın rayonlarının əhalisinin üz tutduğu Şıx çimərliyinə yollandıq.

Burada yaşı yeddidən yetmiş yeddiyə qədər hər kəs dəniz suyunun, isti qumun dadını çıxarırdı. Söhbət etdiyimiz insanlar pulsuz çimərlik sahələrinin azlığıdan şikayətlənərək, belə çimərliklərdə təmizliyin olmamasından narahatlıqlarını dilə gətirdilər.

"Şəhər çimərlikləri son 100 ildə Bakı əhalisinin istirahəti üçün ən əlverişli variant idi. Ancaq son illərdə çimərlik sahələri kiçilir, qalan kiçik ərazilər də aidiyyatlı dövlət qurumları tərəfindən təmizlənmir. Bölgələrdə yaşayan dəniz həvəskarları da bura, yəni Şix çimərliyinə gəlirlər", - deyə təqaüdçü Akif dayı bildirdi. O deyir ki, aldığı təqaüdün məbləği imkan vermir ki, pullu çimərliklərdə istirahət etsin.

Şıx çimərliyində müşahidə apararkən şahidi olduq ki, Mənzil Kommunal İstismar Birliyi tərəfindən əraziyə bir zibil qabı qoyulub. O da zibillə doludur.

Sahil boyu gəzərkən çimərlikdə məişət tullantılarına rast gəldik. Su qabları, qarpız-yemiş qabıqları, sellofan torbalar addımbaşı səpələnmişdi.

Coğrafiya fakültəsinin tələbəsi olduğunu bildirən Elgün deyir ki, Azərbaycan dəniz sahilində yerləşən ölkə kimi gəlir əldə edə bilər:

"Bilirik ki, okean və dəniz sahillərində yerləşən ölkələrdə turizmin inkişafında çimərlik təsərrüfatı mühüm rol oynayır. Bunu qonşu Türkiyənin, eləcə də İspaniyanın, Misirin və s. ölkələrin timsalında görə bilərik. Azərbaycanın Rusiya sərhədindən İran sərhədinədək Xəzər dənizi ilə 825 kilometrlik bir məsafədə əhatələnməsi ölkəmizdə çimərlik turizminin inkişafı üçün çox böyük imkanlar yaradır. Hökumət dənizi və onun sahilini çirkabdan təmizləməklə həm insanlara xidmət etmiş olar, həm də bu imkandan istifadə etməklə ildə çimərlik turizmindən külli miqdarda gəlir götürə bilər. Büdcəyə gəlir gələr".

Dəniz sahilində müşahidə apararkən bir əlil vətəndaşımıza rast gəlib onunla söhbət etməyə can atdıq. Əli avtomobil qəzasında hərəkət etmək imkanını itirib. Dənizə araba ilə daxil olub, ayaqlarını suya salıb:

"İlk baxışdan mən həsrətlə üzən insanlara baxırdım. Kaş ki, mən də üzəydim-filan deyirəm. Amma mənim həsəd apardığım insanlar söhbət edəndə məlum olur ki, onlar bu hallarından razı deyillər. Xoşbəxt deyillər. Dənizin çirkli, sahilin natəmiz olmasından gileylənirlər. İstidən çirkli dənizdə üzməyə məcbur olduqlarını deyirlər. Bilmirəm, bunu mənə təsəlli üçün deyirlər, ya yox. Amma mən də görürəm, qoxulayıram ki, Şıx çimərliyi xəstəlik mənbəyidir. Kanalizasiya qoxusu gəlir hətta. Mən də özümə belə təsəlli verirəm" deyib köks ötürdü.

Bizimyol.info
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.