Cəmiyyət

Azərbaycanda yol polisindən ağlagəlməz tələ - YENİLƏNİB - FOTO

8 Aprel 2014 11:44
40 Şərh     Baxış: 5 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:44

"Əgər yolda surəti məhdudlaşdıran işarə yoxdursa və yol polisi mülki maşına gizli şəkildə radar qoşubsa, bu, qanuna ziddir".

Bu sözləri "Axar.az"a Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Şəmkir-Gəncə yolunda yol polislərinin mülki maşına radar qoşması ilə bağlı xəbərə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, belə bir faktla bağlı müraciət daxil olduğu təqdirdə araşdırma aparıla bilər: "Bu barədə artıq məlumatlıyıq. Müəyyən olunarsa ki, yol polisi əməkdaşı nişan olmayan ərazidə sürəti ölçüb və buna görə sürücünü məsuliyyətə cəlb edib, bu zaman yol polisi əməkdaşı özü intizam məsuliyyətinə cəlb ediləcək".

K.Əliyev bildirdi ki, sürücülər radarın harada yerləşdirildiyini bilirlər. Çünki bununla bağlı müvafiq yol nişanları var: "İnformasiya stendi 6.14 servis nişanı və yaxud maksimum sürəti məhdudlaşdıran 3.24 yol nişanı quraşdırılır. O nişanın təsir sahəsi olan ərazidə sürücü bilməlidir ki, həmin yolda radar ola bilər. Həmin ərazi üçün müəyyən edilmiş sürət həddini aşmamalıdır. Bu qurğular maşını idarə edən və digər sürücülərin təhlükəsizliyi naminə qoyulan qurğulardır. Yol polisinin əməkdaşları sürücülərin təhlükəsizliyi üçün çalışır".

Radar işarəsi yoxdursa, gizli quraşdırma qanunsuzdur

Ekspert Azər Allahverənovun sözlərinə görə, radar yerləşdirilən ərazidə öncə radar işarəsi quraşdırılmalıdır:

"Qanunvericiliyə əsasən, radar yerləşdirilən ərazidə öncə radar işarəsi quraşdırılmalıdır. Həmin yol-hərəkət nişanı olan ərazidə bütün növ radarlardan istifadə etmək olar. İstər bu mobil, yəni daşınan radarlar olsun, istərsə də qeyriləri. Əgər radar həmin işarə quraşdırılan ərazidən kənar yerdə quraşdırılıbsa, bu qanunsuzdur".

Ekspert hesab edir ki, bir çox hallarda sürücülər həmin işarəni görməməzlikdən gəlirlər və bu da mübahisələrə səbəb olur: "Sürücülər çox ehtiyatlı olmalıdılar. Bir çox hallarda sürücülər özləri həmin radar işarəsini görmədiklərini deyirlər və təbii ki, bu da narazılığa səbəb olur".

Qanunvericilik "gizli radar" adlandırılan mobil radarların quraşdırılmasını qadağan etmir. Bütün bu məsələlər "Yol hərəkəti haqqında" qanunun 50 maddəsinə əsasən nizamlanır. Qanunvericilikdə göstərilir ki, əgər yol polisi vətəndaşa radara düşməsi barədə məlumat verirsə və sürücü bununla razılaşmırsızsa, yol polis əməkdaşı protokol tərtib edə bilər, lakin qərar çıxarılmır. Qərar radarın fotogörüntüsü vətəndaşın qeydiyyatda olduğu ərazinin yol polis şöbəsinə göndərildikdən sonra və sürücünün iştirakı ilə çıxarıla bilər. Əgər sürücü qeyd olunan zaman da şöbəyə getməsə, qərar onun iştirakı olmadan çıxarılacaq. Vətəndaş qərardan narazı olduğu təqdirdə 10 gün ərzində şikayət edə bilər.

Qeyd edək ki, Şəmkir-Gəncə yolunda yol polisinin sürücüləri gizli yolla cərimələməsi halı ilə bağlı Milli.Az saytı xəbər yayıb və Könüllü kəndi ərazisində yol polisinin mülki maşına radar qoymasını əks etdirən şəkillər dərc edib.

------------
00:30

Son günlər yol polisinin gizli radarlarla sürücüləri cərimələməsi halları mətbuatda geniş yer alır. Sürücülərdən biri Şəmkir-Gəncə yolunda yol polisinin ağlagəlməz tələsinin üstünü açıb.

Etibar adlı oxucu Milli.Az-a yazır ki, işə gedərkən yolda polis özbaşınalığını çəkib. Könüllü kəndinin ərazisində polis dayanacağın arxasına girib və mülki maşını saxlayıb. Radarı mülki maşına qoşub ki, qarşı tərəfdən gələnlər onu görməsinlər. Həmin görüntüləri sübut edən fotoları da Milli.Az-a göndərib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin mövqeyini öyrənmək mümkün olmadı.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.