Cəmiyyət

Çandar tapıntısının sirri

8 Mart 2014 23:02
0 Şərh     Baxış: 1 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elm və texnikanın inkişaf etməsinə baxmayaraq, günümüzdə Yer kürəsində hələ də açılmamış yüzlərlə sirr qalır.

Belə sirlərdən biri də Başqırdıstandakı Çandar qayaüstü rəsmləridir. Bu rəsmlərin tapıntısı da özünəməxsus olub. Belə ki, 1995-ci ildə Başqırdıstan Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Aleksandr Nikolayeviç Çuvırov və Çindən olan aspirant qadın Xuan Xun Başqırdıstanın insan ayağı dəyməmiş bəzi zonalarına ekspedisiyaya çıxdılar. Məqsədləri Başqırdıstanın qədim tarixinə dair materiallar toplamaq, həmçinin hələ də elmə məlum olmayan qədim insan məskənlərinin qalıqlarını aşkar etmək idi.

Çuvırov və Xuan Xun tarixçilərdən fərqli olaraq bu işə daha cəsarətlə girişmişdilər. Əslində tarixi abidələri aşkar etmək və ya hansısa qədim yaşayış məskənlərinin qalıqlarını öyrənməyin fizika-riyaziyyat elmləri doktoru Çuvırovun elimi tədqiqat sahəsi ilə heç bir əlaqəsi yox idi. Ən qəribəsi də məhz bu idi. Belə ehtimal etmək olar ki, Başqırdıstanda insan ayağı dəyməyən yerlərə ekspedisiyaya çıxmaq ideyası çinli aspirant qadın Xuan Xundan gəlmişdi. Çünki Çində qədimlərdə Başqırdıstan və Sibirdə Çin etnoslarının yaşadığı barədə müxtəlif ehtimallar mövcuddur. Amma bu ehimalların arxasında Çinin ərazi iddialarının gizləndiyini nəzərə alaraq, SSRİ tarixçiləri çinli tarixçilərin bu ərazidə hər hansı ekspedisiyaya çıxmasına razılq vermirdilər və Sibirdə çinlilərin yaşadığı barədəki ehtimalları gülünc iddia adlandırırdılar.

Bu baxımdan Başqırdıstanda aspiranturada oxuyan çinli Xuan Xunun ixtisası tarix olmayan fizika-riyaziyyat elmləri doktoru Aleksandr Nikolayeviç Çuvırovu bu işə cəlb etməsini təsadüfi hesab etmək olmaz. Ola bilsin ki, bu işə məhz ixtisasca tarixçi olmayan birinin cəlb edilməsi və ekspedisiya ilə bağlı plan Çində hazırlanıbmış. Bütün hallarda məlum ekspedisiyanın təsadüfi şəkildə həyata keçirildiyini düşünmək sadəlövhlük olardı. Amma ekspedisiya üzvləri Çandar adlı yerdə sonralar dünyanı heyrətə salacaq qayaüstü yazılar aşkar etdilər. Bu yazılar daha çox Çin heroqliflərini xatırladırdı. Xuan Xun dərhal onlardan bəzilərini oxudu. Yazılarda ticarət işləri, nikah və ölüm barədə danışılırdı. Bu da ortaya yeni suallar çıxardı: Doğrudanmı çinlilər qədimlərdə bu yerlərdə yaşamışdılar? Bu suallara cavab tapmaq üçün təcili araşdırmalara başlanıldı.

Arxivlərdə Çandar izləri

Çandar qayaüstü heroqliflərinin aşkar edilməsi və onların Çin dilində oxunması Rusiya Elmlər Akademiyasını dərhal hərəkətə gətirdi. Çünki Çandardakı qayaüstü heroqliflər tarixçi alimlər və arxeoloqlar tərəfindən deyil, fizika-riyaziyyat elmləri doktoru və çinli aspirant qadın tərəfindən aşkar edilmiş və dərhal da onlar çin dilində oxunmuşdu. Çinli aspirantın bu hər hansı icazəsi olmadan ekspedisiyaya çıxması və bu işə riyaziyyatçı alimi cəlb etməsinin arxasında tapıntı haqqında hansısa məlumatın öncədən Çinə məlum olduğunu ehtimal kimi gündəmə gətirmişdi. Ona görə də dərhal rusiyalı tarixçilər məsələ ilə bağlı arxivləri araşdırmağa başladılar.

Uzun axtarışlardan sonra məlum oldu ki, vaxtı ilə Ural dağları ətrafında üzərində heroqliflər olan 200 daş plitə aşkar edilibmiş. "Birdən bu heroqliflər Çandarda aşkar edilən qayaüstü heroqliflərlə eyni olar?" - deyə tədqiqatçılar düşündülər. Adı çəkilən məlumatı daha dərindən araşdıranda onun XVIII əsrə aid olduğu məlum oldu. Axtarışlar zamanı XX əsrə aid edilən digər bir arxiv məlumatında isə üzərində heroqliflər olan daha 6 daş plitə məlumata rast gəlindi. Həmin daş plitələri Çandara ekspedisiyaya gedən məşhur arxeoloq Şmidt də görübmüş. Bütün bunlar da göstərirdi ki, Çandar ətrafındakı tapıntıdan öncədən Çinin xəbəri olubmuş. Məhz çinli aspirant qadının oraya ekspedisiyaya getməsi də təsadüfi olmayıb. Məsələnin digər tərəfinə gəlincə Çandar ətrafındakı daş plitələrdə aşkar edilən heroqliflər Çində xüsusi heroqliflər hesab edilən tzyaquvenlə yazılmışdı.

Ona görə də, tədqiqatçılar yenidən "Doğrudanmı bu heroqliflər Sibirdə və Başqırdıstanda etnik çinlilərin yaşadıqlarını göstərir?" sualı üzərində baş sındırmağa başladılar. Rusiyalı arxeoloqları heyrətə salan digər bir məsələ də vardı. Bu da dəfələrlə Çandar ətrafına ekspedisiyalar təşkil edilməsinə baxmayaraq, orada hər hansı qayaüstü heroqliflərə rast gəlinməməsi idi.

Yeni izlər...

1999-cu il iyul ayının 21-də Aleksandr Nikolayeviç Çuvırovun yanına Çandar kənd sovetinin keçmiş sədri Vladimir Kraynov gəldi. O, Çandardakı tapıntı barədə eşitmişdi və bu işdə Çuvırovun böyük əməyi olduğundan yaxşı xəbərdar idi. Kraynov Çuvırova məlumat verdi ki, onun evinin damının bünövrəsinin ətrafında hansısa qəribə bir daş plitə var. O, bu daş plitəni hələ uşaqlıqdan görmüşdü. Ancaq heç kim onun nəyə görə evin bünövrəsinə yaxın hissəsində saxlanıldığına fikir verməmişdi.

Çuvırova Kraynovun yaşadığı evdə hələ XX əsrin 20-ci illərində arxivdə adı çəkilən Şmidtin yaşadığı məlum idi. Ancaq doğrudanmı bu plitənin heroqliflə əlaqəsi vardı? Bəlkə, Şmidt bu daş plitəni özü ilə evə gətirmiş, ancaq onu sonralar özü ilə aparmağa imkan tapmamışdı. Qeyri-adi tapıntıya rast gələcəyinə inanmadan Çuvırov Kraynovla onların evinə getdi. Kraynovun göstərdiyi yerdə həqiqətən də böyük bir daş plitə vardı. Onun yarısı torpağın altında idi. Çox çətinliklə də olsa, daş plitəni qazaraq üzə çıxardılar və onun üzərindəki torpağı ehtiyatla təmizlədilər. Dərhal da Çuvırovu heyrət bürüdü. Vaxtı ilə arxivlərdə Ural dağları ətrafında üzərində heroqlif olduğu ehtimal edilən 200 daş plitədən biri onun qarşısına çıxmışdı. Bu daş plitəni illərlə axtarmış, ancaq ona heç yerdə rast gəlməmişdilər. Bu olduqca xoş bir tapıntı idi. Daş plitənin hündürlüyü 148 santimetr, eni 106, qalınlığı isə 16 santimetr idi. Daş  plitə olduqca ağır idi.

Onun çəkisi bir tona yaxın idi. Daş plitə 3 qatdan təşkil edilmişdi. Birinci qatı boz-yaşıl rəngə çalırdı. Bu qatın qalınlığı 14 santimetr idi. Rentgen analizi göstərdi ki, bu qat xüsusi tərkibli sementdən - dolomit (mineral) əsasında hazırlanıb. Daş plitənin ikinci qatının qalınlığı isə 2 santimetr di. O qara rəngə çalırdı. İkinci qat olduqca möhkəm material hesab edilən diopsid şüşədən hazırlanmışdı. Bu qatın üzərinə nazik bir ağ rəng çəkmişdilər. Əvvəlcə elə bildilər ki, bu, bəzək elementidir. Amma bəzək elementini belə ustalıqla oraya necə həkk etmişdilər? Nəyə görə məhz ağ rəng? Daş-plitəni bir də diqqətlə rentgendən keçirdilər.

Məlum oldu ki, bu ağ qat heç də bəzək elementi deyil, 3-cü qatdır. 3-cü qatın çini qat - farfor olduğu aşkara çıxdı. Onun qalınlığı 2 millimetr idi. Aşkar edilən farfor tərkib etibarilə bu günə kimi rast gəlinən heç bir farfora bənzəmirdi. Onun tərkibi kalsiumdan təşkil edilmişdi. Kalsiumdan təşkil edilən farforlar daha möhkəm olurdu və görünür, bunu qədimlərdən yaxşı bilirlərmiş. Uzun araşdırmalardan sonra məlum oldu ki, günümüzdəki müasir texnologiyalar belə daş plitənin üzərindəki kimi farfor hazırlamağa imkan vermir.

Dünyanın xəritəsi

Daş-plitəni araşdırmaqda davam edən rusiyalı tədqiqatçılar sonrakı mərhələdə daha bir gözlənilməz hadisə ilə üzləşdilər. Məlum oldu ki, daş plitənin üzərindəki sadə bəzəklər Ufa şəhərinin yerləşdiyi ərazinin xəritəsidir. Xəritənin həcmi 1:110000 idi və o, 150 kilometr uzunluğu, 100 kilometr eni olan bir ərazini göstərirdi. Çandar tapıntısı barədə materiallar ABŞ-ın Viskonsin ştatındakı Tarixi Xəritə Mərkəzinə göndərildi. Tapıntını yoxlayan amerikalı alimlər heyrətə düşmüşdülər.

Belə üçölçülü xəritəni yalnız kosmosdan çəkilən şəkillə hazırlamaq olardı. Hesablama zamanı məlum oldu ki, xəritənin hazırlanmasında 300 kilometr hündürlükdən çəkilən şəkillərdən istifadə edilib. Amma daş plitə üzərində xəritəni çəkərkən naməlum sivilizasiyaya məxus insanlar bizə məlum olmayan kosmik aparatla 300 kilometr hündürlüyə çıxa bilmişdilər. Eyni zamanda xəritənin ən cüzi milyardda bir dəqiqliklə hazırlanmasına imkan verən kompüter hesablamalarından istifadə edilmişdi. Bir sözlə, xəritəni belə milyonda bir millimetrə qədər dəqiqliklə hesablamaq yalnız kompüterin imkanlarından istifadə etməklə mümkün ola bilərdi. Alimlər xəritəni dönə-dönə tədqiq edəndən sonra bu qərara gəldilər ki, bu xəritə dünyanın xəritəsinin çox cüzi bir hissəsidir. Bu cür daş plitələrdən istifadə etməklə dünyanın xəritəsini hazırlamaq üçün ən azı 1 milyon 224 min 25 daş plitə lazım idi.

Daş plitələrin ilkin kimyəvi analizi göstərdi ki, onlar 40 min il bundan əvvələ aiddir. Amma o dövrdə bu xəritə necə hazırlanmışdı və bundan məqsəd nə idi? Axı müasir elmdə mövcud olan nəzəriyyələrə görə, daş dövrü eramızdan 10 min il əvvəldən o yana getmir. 

Əgər söhbət bizə məlum olmayan sivilizasiyanın eramızdan 30-40 min il əvvəl yüksək nəticələrə nail oduğu, Yer kürəsinin xəritəsini ən xırda incəliyinə qədər çəkmək üçün 300 kilometr yüksəkliyə uça bildiyindən və bu zaman hesablamalar zamanı kompüterdən istifadə etdiyindən gedirsə, onda deməli, bizim dünya tarixini 10 min il bundan əvvəldən başlayaraq öyrənməyimiz səhvdir. Belə ehtimal etmək olar ki, daş dövründən əvvəl yüksək sivilizasiyalar mövcud olub və bizə məlum olmayan səbəblər üzündən Yer kürəsi əhalisini daş dövrünə qaytaran hansısa qlobal hadisə baş verib.

Nə isə, mövzudan uzaqlaşmadan qeyd edək ki, Çandarda tapılan daş plitənin üzərindəki xəritənin 3-cü qatının hazırlanmasında istifadə edilən farforun Çində hazırlanmadığının ortaya çıxması onun Çinlə əlaqəli olması barədə söylənilən ehtimalların boşa çıxmasına səbəb oldu. Belə başa düşmək olar ki, naməlum sivilizasiya tərəfindən bu xəritə hazırlanarkən məqsəd Yer kürəsi barədə gələcək nəsillərə özlərindən sonra bir məlumat qoymaq olub. Ola bilsin ki, onlar məhv olaraq tarixin səhnəsindən silinəcəklərini və özlərinə aid olan yüksək texnologiyaların da yoxa çıxacağını bilirlərmiş. Ona görə də Yer kürəsinin xəritəsini məhz milyon illər belə dağılmayacaq daş plitələr üzərinə köçürməklə gələcək nəsillərə özlərindən sonra bir işarə qoyublar. Hər halda Çandarda tapılan bu xəritə Yer kürəsinin müxtəlif bölgələrindəki günümüzdə belə sirri açılmayan yüzlərlə tapıntılardan biridir. 

Türk izləri...

Çandar tapıntısına səbəb Başqırdıstanda Çin izinin axtarılması oldu. Belə demək mümkünsə, Kolumb Hindistanı axtarırdı, əvəzində Amerika qitəsini kəşf etdi. Digər tərəfdən də Çandardakı qayaüstü heroqlifləri dərindən öyrənərkən onların Çinlə əlaqəsinin olmadığı, səhv oxunduğu məlum oldu. Düzdür, bu heroqliflər Çin heroqliflərinə - tzyaquvenə oxşayır. Ancaq onun Çin dilində oxunuşunun düzgün olmadığı elmi dəlillərlə sübut edildi. Ancaq onda bu yazılar hansı dildə idi? Bu suala dünya rusiyalı alimlərin cavabı birmənalıdır: "Çandar qayaüstü yazıları naməlum, bizə məlum olmayan dildədir".

Niyə rus və dünya alimləri Çandar qayaüstü yazılarının naməlum dildə olduğunu söyləyir və bununla da məsələni bitmiş hesab edirlər? Halbuki Çandar qayaüstü yazılarını bu yerlərin qədim sakinləri olan türk və onlarla etnik yaxınlığı olan fin-uqor dillərində oxunmağa cəhd edilməsi mümkündür. Axı tarixdə türklər və onlarla qohum olan fin-uqorların Balkanlardan, daha dəqiq desək, Mərkəzi Avropadan tutmuş Ural və Sibir də daxil olmaqla Çinin mərkəzi hissələrinə, Uzaq Şərqə - Yaponiyaya qədər uzanan böyük bir ərazidə yaşamaları dəfələrlə bu ərazidə tapılan qədim maddi mədəniyyət abidələri, toponimlərlə (yer adları) sübut edilib. Bəs belə isə niyə Çandar qayaüstü yazılarının türk və ya fin-uqor dillərində oxunmasına cəhd edilmir?

Bu sualın cavabını Avropa alimlərinin türklərin qədim sivilizasiyaya malik olmasını qəbul edə bilməməsində axtarmaq lazım gəlir. Yeri gəlmişkən, onu da qeyd edək ki, bizə məlum olan ən qədim sivilizasiya quran şumerlərin türk olması onların dillərində olan və günümüzdə belə türk xalqlarının dillərində işlənən 500-dən artıq söz də sübut edir. Amma Qərb tarixçiləri bu faktın üstündən sükutla keçərək şumerləri milli mənşə və dil baxımından naməlum xalqa aid edirlər. Halbuki hansı qədim xalqın dilində günümüzdəki dillərdən hər hansı birində işlədilən çox yox, 15-20 söz tapsalar, onda onun etnik və dil baxımından qədim xalqın varisi olduğunu söyləyirlər. Amma türklərə gələndə bu məsələ barədə susmağa üstünlük verilir. Qədim sivilizasiyanın türk şumerlərdən başladığını ört-basdır etmək üçün Qərb tarixçiləri qədim yunan mədəniyyətini təbliğ edirlər. Halbuki yunan mədəniyyəti şumerlərdən əsrlər sonra yaranıb. Yunan mədəniyyətinə şumerlərin təsiri olduqca güclüdür. Üstəlik, yunan mədəniyyəti yüz illər sonra yaranmasına, şumer sivilizasiyasından bəhrələnməsinə baxmayaraq, onun səviyyəsinə yüksələ bilməyib. Bu baxımdan Çandar qayaüstü yazılarının türk dilində oxunmasına cəhd edilməməsi də zənnimizcə, tarixi türk üşmənçiliyindən irəli gəlir. Vaxtı ilə məsələnin bu tərəfinə diqqəti cəlb edən məşhur tarixçi alim Lev Qumilyov yazmışdı ki, Qərb və eləcə də rus tarixçilərinin türk sivilizasiyalarının mövcudluğunu həzm edə bilməməsi və bu məsələdə Çin və fars mədəniyyətinin izlərini axtarması tarixi yanlışlıqlara gətirib çıxararaq dünyanın həqiqi tarixinin yazılması yolunda ciddi maneəyə çevrilib.

Eyni sözləri Çandar qayaüstü yazılarına münasibətdə də görmək olar. Halbuki türklər və çinlilər minillər boyu qonşuluqda yaşayıblar. Müasir dövrümüzdə Avropa və dünya xalqlarının, o cümlədən türk əsilli dövlətlərin və xalqların çoxunun latın əlifbasından istifadə etdiyini nəzərə alanda qədim türklərin çiyin-çiyinə yaşadıqları xalqın heroqliflərindən (və ya əksinə) istifadə edə bilməsi bütün hallarda məntiqi baxımdan ağlabatan görünür. Nəhayət onu da deyək ki, çinli ekspertlər də daş plitədəki heroqliflərin çinlilərə aid olmadığını, onların daha qədim dövrlərin yadigarı olduğunu etiraf etməyə məcbur olublar. Çinli ekspertlər sözlərin heroqliflərlə çinlilərə xas olmayan heca vəzninə uyğun şəkildə yazıldığını, şəkilçilərin də sözün əvvəlinə deyil, kökünə birləşdirildiyini (türk dilində olduğu kimi) bildiriblər. Bu da tapıntının türklərə aid ola bilməsi ehtimalını daha da ağlabatan edir.

Əgər Çandar tapıntısına dünyanın hansısa bir yerində - Misirdə, Cənubi Amerikada rast gəlinsəydi, onu dərhal qəbul edər və hansı xalqa mənsubluğu barədə açıqlama verərdilər. Amma qədim sivilizasiyanın izləri gedib Qərbdə formalaşdırılan "vəhşi və mədəniyyətsiz köçəri" türklərə gedib çıxanda dərhal onun naməlum xalqa aid olması ehtimalı gündəmə gəlir. Halbuki elm və texnikanın yüksək inkişaf dövrü keçirdiyi bir vaxtda naməlum xalq anlayışı olmamalıdır. Belə yanlış və düşmən yanaşma isə günümüzə kimi gəlib çatan bir çox sirlərin açılmasına mane olur. 

Ziddiyyətli analizlər

Daş plitənin yaşının müəyyən edilməsi ilə bağlı kimyəvi analizlərlə bağlı bəzi ziddiyyətli məqamlar mövcuddur. Belə ki, əvvəlcə daş plitənin yaşının təxminən 40 min il olduğu ehtimal edilirdi. Amma təsadüfən daş plitəyə bərkidilən balıqqulağıdan biri qopdu. Nə üçünsə tədqiqatçılardan biri bu balıqqulağının ayrıca şəkildə kimyəvi analiz edilməsini təklif etdi. Balıqqulağının kimyəvi analizi mütəxəssisləri heyrətə saldı. Məlum oldu ki, bu balıqqulağının ən azı 50 milyon il yaşı var. Nə üçünsə daş plitə üzərinə birləşdirilən digər balıq qulağının isə yaşının 100 milyon ildən çox olduğu aşkar edildi. Müxtəlif fərqli illərə mənsub olan bu balıqqulaqlarının daş plitə üzərinə birləşdirilməsinin isə səbəbini mütəxəssislər izah etməkdə çətinlik çəkirlər. Ona görə də daş plitə üzərindəki xəritənin balıqqulaqlarına görə yaşının 40 min il, yoxsa 50, ya da 100 milyon il olması barədə alimlər ortaq məxrəcə gəlməkdə, bu barədə qəti fikir söyləməkdə çətinlik çəkirlər. 

Vaytman və vaytmarlar - kosmik aparatlardırmı?

Çandarda aşkar edilən daş plitənin üzərindəki xəritədə Başqırdıstandakı Salavat şəhərindən Ufa yüksəkliyinə kimi olan ərazi və oradakı çaylar, təpəliklər, dağlar, hətta çayın dibi belə aydın şəkildə əksini tapıb. Tədqiqatçılar üçün ən gözlənilməz hadisə isə xəritədə vaxtı ilə burada yaşayan sivilizasiyaya aid edilən izlərin aşkar edilməsi oldu. Xəritədə 500 metr eni və 1500 kilometr uzunluğu olan kanal aydın hiss edilir. Bundan əlavə, eni 300-500 metr, uzunluğu isə 10 kilometr olan 12 su bəndi də xəritədə əksini tapıb. Bu həcmdə hidrotexniki qurğuları inşa etmək hətta müasir texnikanın köməyi ilə belə mümkün deyil.

Kanalların yaxınlığında romb formasında olan meydançalar aşkar edilib. Professor Çuvırovun fikrincə, bunlar naməlum sivilizasiyaya məxsus və uzaq planetlərə uçan kosmik aparatlar üçün nəzərdə tutulan uçuş-enmə zolaqlarıdır. Qədim obyektləri və onların izlərinin müəyyən edilməsi üzrə tanınmış mütəxəssis olan moskvalı Nikolay Levaşovun da fikrincə, bu romb sahələri qədim sivilizasiyaya məxsus olan və şərti adı vaytman və vaytmar olan planetlərarası uçuşu həyata keçirən kosmik gəmilər üçün nəzərdə tutulan uçuş-enmə zolaqlarıdır. Çandarda aşkar edilən düzbucaqlı uçuş-enmə meydançasının həcmi də insanı heyrətə salan dərəcədə böyük, 280 kvadrat kilometrdir. 

Daha iki daş plitə...

Daş plitələrin digərlərinin axtarışı zamanı arxivdə general-qubernator Vaxruşev tərəfindən yazılan əlyazma aşkar edilib. Vaxruşevin yazdığına görə, 4 analoji daş plitə Çandarda, biri Xasanovun malikanəsində, digəri isə Ufimka adlı yerdə, Qırmızı çay (Krasnıy klyuç) ətrafındadır. Bir neçə il əvvəl adı çəkilən çayda suyun səviyyəsinin aşağı düşməsi nəticəsində həmin daş plitənin yarısı üzə çıxmışdı. Onu çaydan çıxarmaq isə mümkün olmadı. Çünki ağırlığı iki tondan çox idi. Digər iki daş plitə Çandarda yaşayan iki ailənin həyətində aşkar edilib. Ailələrdən biri bu daş plitə üçün böyük miqdarda pul tələb edir.

Digər daş plitədən isə ailə ev inşa edərkən onun bünövrəsində istifadə edib. Bu plitələrin sakinlərdən alınması üçünsə maraqlı qurumlar maliyyə vəsaiti ayırmaq istəmirlər. Halbuki hesablamalar göstərdi ki, Çandarda aşkar edilən ilk daş plitə-xəritənin qiyməti Rusiyanın birillik dövlət büdcəsindən bahadır. Bu və digər səbəblərdənmi, ya nədənsə yeni aşkar edilən daş plitələrin sakinlərdən alınaraq mütəxəssislərin tədqiqinə verilməsi isə ləngiməkdədir.

Halbuki onların tədqiqinin daha möhtəşəm sensasiyalara yol aça biləcəyi ehtimalı kifayət qədər yüksəkdir... Bir sözlə, Çandar tapıntısı hələlik öz sirlərini qoruyub saxlamaqda davam edir. Onun barəsində 7-dən artıq sənədli film çəkilməsinə baxmayaraq, bu tapıntıya aid olan digər daşların tədqiqinə maraq göstərilmir. Niyə? Bu sualın cavabını, çox ehtimal ki, Çandar tapıntısının digər qalıqlarının tapılmasının onların türklərə aid olmasının sübuta yetirilməsi qorxusu ilə bağlıdır. Yoxsa türklərə aid nə varsa, hamısına düşməncəsinə yanaşan Qərb və rus tədqiqatçılarının dünyanı heyrətə salan bu tapıntıya marağı birdən-birə azalmazdı...

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.