Cəmiyyət

Zavod direktoru musiqi ocağının səsini batırır

19 Fevral 2014 01:30
0 Şərh     Baxış: 2 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səsli-nəğməli təhsil ocağı son günlərini yaşayır

Samux rayon Qarayeri qəsəbəsindəki musiqi məktəbi öz binasından çıxarılır. Təhsil ocağının müəllimləri və orada oxuyan şagirdlərin valideyinləri Milli.Az-a yazdıqları məktubda musiqi məktəbinin taleyindən narahat olduqlarını qeyd ediblər:

"On dörd illik məktəbimizi qəsəbəmizdən başqa bir kəndə köçürüblər. Həmin kəndə heç bir uşaq və müəllim getmir. Direktora bu barədə şikayətlər etsək də, deyir ki, onluq deyil, Samux rayon mədəniyyət müdiri eləyir. Mədəniyyət və turizm şöbəsinin müdiri Kamil Vəliyevə dəfələrlə zəng vurub deyirik ki, müəllimlər yıgışıb sizi gözləyirlər. O isə gəlməkdən imtina edərək ora gəlməyəcəyini deyir. Onların bu işdə şəxsi marağı var, adını da qoyublar ki, binanın sahibi guya onlardan icarə pulu istəyir. Binanın sahibi gəlib dedi ki, mən on dörd ildi icarə istəmədim, indi də istəmirəm, iki yüz uşaq oraya necə gedəcək?"

Məsələ ilə bağlı kənd bələdiyyəsinin Zamin adlı üzvü Milli.Az-a bildirdi ki, şəhər tipli qəsəbə olan Qarayerində musiqi məktəbi ucqar bir kəndə köçürülür. Onun sözlərinə görə, musiqi məktəbi özəlləşdirildiyindən belə bir addım atılır: "Musiqi məktəbində 350 şagird təhsil alır. Tar, kaman, nağara, qoşanağara, qarmon, fortepiano təhsili verilir. Əvvəllər insanlar musiqi təhsili üçün Gəncə şəhərinə gedirdilər. Bu məktəb insanların işini xeyli rahat etmişdi. İndi isə vəziyyət pisləşib, heç kim uşağını məktəbin köçürüləcəyi ucqar Seyidlər kəndinə göndərmək istəmir".

Bələdiyyə üzvü Qarayeridən musiqi məktəbinin köçürülməsini sakinlər üçün təhqir hesab edir: "Yaxşı olardı ki, musiqi məktəbi qalaydı, Seyidlər kəndində filialını açardılar. Niyə belə etdilər, hələ də bizə qaranlıqdır. Deyirlər guya musiqi məktəbinin binası özəl mülkiyyətdir. Həmin binanı Qaraçanaq şərab zavodunun direktoru, sabiq bələdiyyə sədri Rasim Məmmədov özəlləşdirib".

Rayon mədəniyyət və turizm şöbəsinin müdiri K.Vəliyev Milli.Az-a açıqlamasında musiqi məktəbinin qaranlıq taleyinə aydınlıq gətirdi.

Şöbə müdiri bildirdi ki, məktəb binası özəl mülkiyyətdədir. Cəmi 6 otaq və bir zal məktəbin balansındadır. Binanın mülkiyyətçisi əvvəllər məktəb binasını istifadəyə verirdi, indi isə icarə haqqı tələb edir.

"2000 manat icarə haqqı tələb olundu, sonra 1000 manata endirildi. İndi isə şöbənin maliyyə vəsaiti yoxdur. Lakin musiqi məktəbinin müəllimləri mülkiyyətçi Rasim Məmmədovla danışıq aparıb məktəbin pulsuz icarəyə verilməsinə razı salsalar da, bu müvəqqətidir" - deyə şöbə müdiri əlavə etdi.

K.Vəliyev qeyd etdi ki, Qarayeri Musiqi Məktəbinin yerində müasir tipli təhsil ocağı tikiləcək: "Artıq bu tikinti plana salınıb. Müvəqqəti olaraq Qarayeri məktəbi Seyidlərə köçürüləcək. Həmin kənlər arasında məsafə 4 kilomertdir. Marşrut işləyir. Dərslərə uyğun olaraq əlavə qrafik müəyyən olunması üçün avtovağzal rəhbərliyinə müraciət olunacaq".

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.