Cəmiyyət

Azərbaycanda zəlzələ: nələri bilmirik? - ARAŞDIRMA

11 Fevral 2014 15:29
0 Şərh     Baxış: 1 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən ölkə ərazisində baş verən zəlzələ yəqin ki, hələ uzun müddət müzakirə mövzusu olacaq. Artıq indidən sosial şəbəkələrdə bəzi "çoxbilmişlər" tərəfindən müxtəlif proqnozlar da verilir. Lakin Azərbaycanın ən tanınmış alimləri belə, bu mövzuda dəqiq açıqlamalar vermirlərsə, təbii ki, bu cür "proqnozlar" da inandırıcı sayıla bilməz. Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli deyib ki, hələlik, Bakıda güclü zəlzələnin olacağı barədə proqnoz verməyin elmi əsasları yoxdur: "Sadəcə paytaxt üçün qorxu yalnız Xəzər dənizindəki zəlzələ ocaqlarından gələ bilər".

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov isə qeyd edib ki, tarixən Şamaxı, Abşeronun cənubu zəlzələnin olması üçün ən seysmik yerlərdir: "Yerlərdə belə gərginliklər toplananda zəlzələnin olma ehtimalı gözlənilir. Amma onun nə vaxt olacağını heç kim bilmir". Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə deyir ki, dünən baş verən zəlzələnin dərinliyi 55 km olduğuna görə respublikanın, demək olar ki, bütün ərazilərində hiss olunub: "Ancaq zəlzələ çox dərində olduğundan, dağıntı əmələ gətirməyib". Onun sözlərinə görə, 55 km dərinlikdə olan zəlzələ episentrdə və digər rayonlarda dağıntılar əmələ gətirməyibsə, bu o deməkdir ki, elə də qorxulu bir şey yoxdur. Q. Yetirmişli zəlzələ ilə bağlı yayılan şayiələrin düzgün olmadığını söyləyib". Kibernetika İnstitutunun direktoru Telman Əliyev isə bildirib ki, seysmik proseslərin artması nəticəsində Azərbaycanda zəlzələnin olacağı təxmin edilsə də, onun koordinatları dəqiq müəyyən edilməmişdi: "Biz hesab edirdik ki, Zaqatala-İsmayıllı zonasında zəlzələ ola bilər. Lakin konkret olaraq harada və neçə bal gücündə olacağı barədə hec nə deyə bilməzdik. Hazırda proseslər sönməyə doğru gedir".

Dünən Azərbaycan ərazisində baş verən zəlzələ insanları təşvişə saldı. Qəribədir ki, bilən də, bilməyən də - bir sözlə, hər kəs bu mövzuda danışır. Elə adamlar var ki, özlərindən bəzi uydurmalar edib, ətrafdakı insanları həyəcanlandırmağa çalışır və sanki bundan bir növ zövq alırlar. Qısa xatırlatma üçün deyək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ fevralın 10-da, saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə - Hacıqabul ərazisində qeydə alınıb. 50 kilometr dərinlikdə baş verən zəlzələnin maqnitudası 5.80 olub. Yeraltı təkanlar paytaxt Bakıda və ölkənin digər ərazilərində hiss olunub.

Bu məqamda onu qeyd edək ki, Bakıda güclü zəlzələnin olacağı ilə bağlı açıqlama artıq bir müddətdir ki, elm adamları tərəfindən müxtəlif kütləvi informasiya vasitələrində səsləndirilirdi. Lakin zəlzələnin nə vaxt baş verəcəyi dəqiq bilinmədiyindən fikirlər də birmənalı deyildi.

Qəribədir ki, ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun (MİT) alimləri də Bakıda güclü zəlzələ ola biləcəyi barədə açıqlama yayıblar. Onların proqnozları bir qədər şişirdilmiş təsiri bağışlasa da, diqqət etməyə dəyər. İnstitutun alimləri qeyd ediblər ki, Bakıda və Şamaxıda Azərbaycanın əhalisinə və neft infrastrukturuna, eləcə də regionun vəziyyətinə təsir etmə imkanında olacaq zəlzələnin baş vermə ehtimalı var. Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli isə deyib ki, ola bilsin amerikalı alimlər Azərbaycan ərazisində, eləcə də, Qafqaz ərazisində aparılan yer qabığının horizontal hərəkətlərinin sürətini ölçməklə əlaqədar bu fikri söyləyiblər. Lakin hələ indiyə qədər, bu məlumatlar əsasında zəlzələ proqnozu verilməyib. Bu əsasda yeraltı təkan baş verməsi barədə proqnoz vermək qeyri-müəyyəndir. Alimin sözlərinə görə, hələlik Bakıda güclü zəlzələnin olacağı barədə proqnoz verməyin elmi əsasları yoxdu. Sadəcə paytaxt üçün qorxu yalnız Xəzər dənizindəki zəlzələ ocaqlarından gələ bilər: "Bakı üçün zəlzələ təhlükəsi Xəzər dənizindəki zəlzələ ocaqlarından gözlənilir".

"Həmin ərazidə toplanan enerji üzə çıxmalı idi"

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov isə APA-ya açıqlamasında deyib ki, narahat olmağa heç bir əsas yoxdur: "Zəlzələ baş verən ərazilərdə çoxdan müəyyən proseslər baş verirdi. Ərəbistan və Avrasiya plitəsi Qafqaz ərazisində toqquşurlar. Bu toqquşma nəticəsində yer üstünün horizontal sürətlərini ölçməklə biz müəyyənləşdiririk ki, hansı ərazilərdə potensial olaraq enerji toplanır. Enerji toplanan, sıxıma, gərilmə olan yerlərdə zəlzələ ola da bilər, olmaya da bilər. Həmin ərazidə toplanan bu enerji üzə çıxmalı idi. Tarixən Şamaxı, Abşeronun cənubu zəlzələnin olması üçün ən seysmik yerlərdir. Yerlərdə belə gərginliklər toplananda zəlzələnin olma ehtimalı gözlənilir. Amma onun nə vaxt olacağını heç kim bilmir. Belə zəlzələlər hər zaman Azərbaycanda ola bilər. Amma biz potensial yerləri bilirik ki, harada ola bilər. Zəlzələdən də qorunmaq lazımdır. Biz təbiət hadisələri ilə birgə yaşamağı öyrənməliyik. İnsanlar bu halda təlaş keçirməməli və vəziyyətə uyğun olaraq özlərini normal şəkildə aparmağı bacarmalıdırlar".

Zəlzələdən sonra növbəti zəlzələlərin, afterşokların ola bilmə ehtimalına gəlincə, F.Qədirov bildirib ki, qeydə alınan yeraltı təkan mainşok, yəni böyük bir təkan olub. Onun sözlərinə görə, bundan əvvəl xırda-xırda təkanlar qeydə alınıb: "Amma bu mainşok, yəni "ana zəlzələ" idi. Bunun ardınca zəif təkanlar ola bilər, amma qorxulu deyil. Əgər bu 60 kilometrə yaxın dərinlikdə olan zəlzələdən normal şəraitdə ötüşmüşüksə, deməli hər şey yaxşıdır. Narahat olmağa heç bir əsas yoxdur. Bu gün baş verən zəlzələnin maqnitudası 5.6-dır və bu da ana təkandır. Bizim zonada 5.6 bal gücündə zəlzələdən sonra yenidən 7 və ya daha yüksək gücdə zəlzələ baş verməyib".

Dayandığınız yer təhlükəli, ya da möhkəm deyilsə...

Fəxrəddin Qədirovun da qeyd etdiyi kimi, zəlzələ zamanı yanlış hərəkətlər vəziyyəti bir qədər də qəlizləşdirir. Odur ki, emosional davranmağa gərək yoxdur. Məsələn, güclü zəlzələlər baş verən zaman çoxmərtəbəli binaların pəncərə və ya eyvanlarından tullananlar, liftə minənlər olur. Unutmaq olmaz ki, zəlzələ zamanı insan təlafatı, itkilərin çoxu bina və konstruksiyaların uçması, mebellərin, interyerin başqa komponentlərinin davamsızlığı ilə əlaqədar baş verir. Buna görə də davamlı və ağır mebellərin istifadə olunması məsləhətdir. Mənzildə ağır əşyaların yuxarı hissələrdə saxlanılması qətiyyən məsləhət deyil. Çarpayıları əsas divarların və dirəklərin yanında qoymaq lazımdır.

Tövsiyə edilən müdafiə tədbirlərindən biri də çaxnaşmaya düşməməkdir. Söhbət ondan gedir ki, zəlzələ yer tərpənməsi olub bir neçə saniyə, güclü zəlzələdə isə bir dəqiqəyə qədər davam edə bilər. Ona görə də binanın içərisində olduğunuz zaman təcili sürətdə təhlükəsiz yerə qaçmaq daha məqsədəuyğundur. Daxili qapıların yerində və ya otağın daxili künclərində dayanmaq lazımdır. Unutmayın ki, binanın daha çox xarici divarları uçur. Dayandığınız yer təhlükəli, ya da möhkəm deyilsə, onu yalnız təkanlardan sonra dəyişin.

Zəlzələ zamanı ən çox hara uçur?

Xəsarət almış binalarda təkrar təkanlar daha təhlükəli ola bilər. Pəncərələrdən, sobalardan, ağır əşyalardan - kitab rəflərindən, soyuduculardan, qab-qacaq rəflərindən kənarda durun. Onlar aşa və ya yerindən tərpənib sizə ağır zədə vura bilər. Əgər siz çoxmərtəbəli binanın daxilindəsinizsə, liftə girməyin və pilləkənlərlə qaçmayın. Unutmayın ki, zəlzələ zamanı pilləkənlər və liftlər çox vaxt uçur. Güclü təkanlardan sonra əgər elektrik və qaz sistemləri açıqdırsa, onları söndürün. Kibrit, şam və alışqanlardan qətiyyən istifadə etməyin, qaz axını partlayışlı yanğına səbəb ola bilər.

Binadan kənardasınızsa oraya yaxınlaşmayın, əksinə, ondan kənara küçənin ortasına, boş sahələrə, bağlara qaçın, ən açıq olan sahələrə çəkilin və elektrik şəbəkəsindən uzaqlaşın.

Zədələnmiş binaların yanından keçərkən çox diqqətli olun. Qəflətən uçqunlar baş verə bilər. Bundan başqa, qaz sızması, naqillərin qırılması, şüşə parçalanması təhlükəsi də ola bilər.

"Zaman Azərbaycan" 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.