Cəmiyyət

Bakıda gənc ailənin əkiz fəryadı: cüt gəldilər, cüt öldülər

6 Fevral 2014 08:10
4 Şərh     Baxış: 3 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda əkiz uşaqları olan ailə üçün faciə baş verib.

Ailənin yeni doğulmuş əkizləri dünyasını dəyişib. Milli.Az olaraq hadisədən gec xəbər tutsaq da, ailə faciəsini oxuculara çatdırmağı özümüzə borc bildik.

Sayta məlum olan budur ki, yanvarın 19-da Respublika Perinatal Mərkəzində əkiz uşaqlar dünyaya gəlib. Təəssüf ki, ailə üzvlərinin sevinci çox çəkməyib. Uşaqların 35-36 həftəlik dünyaya gəlməsinə baxmayaraq, sağlam və problemsiz olan körpələr ölüb. İddiaya görə, uşaqlar vaxtından əvvəl doğulduğundan xüsusi tənəffüs aparatında saxlanılırdı. Lakin uşaqların anası öz gözlərilə görüb ki, aparat çatışmazlığından uşaqları növbə ilə aparata qoyurmuşlar.

Körpələrin babası Nazir Milli.Az-a açıqlamasında mətbuatdan küskün halda "daha lazım deyil, hər şey həll olunub. Getdim izah verdim, iş bağlandı" deyərək hadisə barədə danışmaqdan imtina etdi. Babanın etirazlarına rəğmən ondan qaranlıq məqamları öyrənməyə müvəffəq olduq:

"İndən sonra nəyə lazım? Vaxtında eləmək lazım idi. Əkizlərin işi ilə bağlı izahat vermişəm. Kişi kimi söz vermişəm. İş batdı getdi. Vaxtında zəng etsəydiniz, dalında durardım. Həll elədilər ki, guya həkimin günahı olmayıb. Şikayət vermişdim, sonradan izahat verdim, iş bağlandı".

Respublikanın baş pediatrı Nəsib Quliyev Milli.Az-a açıqlamasında bildirdi ki, Respublika Perinatal Mərkəzi sərbəst müəssisə olduğundan həmin qurumun direktoru Əzim Nağdəliyevlə əlaqə saxlamaq lazımdır. Baş pediatrın sözlərinə görə, ölüm faktı Səhiyyə Nazirliyində müzakirə mövzusu olan zaman məlumatlı olacaq: "Hələlik bu haqda heç nə deyə bilmərəm. Bu gün əlimdə dəqiq məlumat yoxdur. Nazirlikdə komissiya tərəfindən bu kimi işlərə baxılır və günahkar şəxslər cəlb olunur".

Əzim Nağdəliyevlə gün ərzində dəfələrlə əlaqə saxlamağa cəhd etsək də, uşaq ölümü ilə bağlı açıqlama ala bilmədik.

Mövzunu davam etdirəcəyik, Milli.Az-ı izləyin...

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.