Cəmiyyət

Bakıya gəlməyə mane olan "aysberqə" çarə tapıldı

5 Fevral 2014 01:30
0 Şərh     Baxış: 3 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qarlı-boranlı havalarda yolda qalanlara müjdə

Bakıda təhsil alan və işləyən sumqayıtlılar bir neçə gündür buzlu yolların əsirinə çevriliblər. Ya işini buraxmalı olur, ya da ki çovğunlu yolda Fövqəladə Hallar Nazirliyinin köməyinə möhtac qalırlar.
 

Sumqayıt sakilərinin Milli.Az-a yazdıqları davamlı məktublardan sonra məsələdən çıxış yolunu axtarmağa çalışdıq. Məlum oldu ki, çıxış yolu çox sadə imiş. Bu barədə bir qədər sonra...
 

Buz marşrutlara da mane olur

Saytımızın redaksiyasına məktub yazan Murad adlı Sumqayıt sakini deyir ki, son günlər ölkəmizdə yaşanan anomal soyuqlar nəqliyyat sisteminə təsirsiz ötüşməyib. Sumqayıt yolu buz bağladığından marşrut avtobuslarının və taksilərin fəaliyyətində problemlər yaşanır. Hər gün paytaxta gəlmək məcburiyyətində olan gənclər şəhərinin sakinləri həmin problemlərin əsiri olublar.
 

"Adətən gediş haqqı 30-50 qəpik olan marşrut avtobusları bu günlərdə Bakıya 2 manatdan az qiymətə gəlmirlər. Taksi ilə gəlməyin xərci isə lap bahadır", - oxucu qeyd edib.


 

Onun sözlərinə görə, bir zamanlar Bakı ilə Sumqayıt arasında elektrik qatarları işləyirdi. Bu cür havalarda sakinlər dəmir relslər üzərində hərəkət edən və şaxtadan qorxmayan nəqliyyat vasitələrinin xidmətlərindən yararlanırdı.
 

"Bəs həmin "elektriçkalar" indi də işləyirmi?", - deyə oxucu soruşur.
 

Çıxış yolu sadədir

Oxucunun sualına cavab axtarmaq üçün "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədovla əlaqə saxladıq. Qurum rəsmisi deyib ki, Bakı-Sumqayıt elektrik qatarları bu gün də fəaliyyət göstərir.
 

Onun sözlərinə görə, gün ərzində iki dəfə Bakıya və Sumqayıta hərəkət edən qatarlara sakinlər "Koroğlu" metrosunun yaxınlığındakı "Böyük Şor" stansiyasından minə bilərlər. Qatar səhərlər Bakıdan saat 04:40-da çıxır. Sumqayıtdan paytaxta qayıdan qatar isə saat 06:10-da yola düşür. Axşamlar isə saat 18:40-da qatar "Böyük Şor" stansiyasından Sumqayıt istiqamətinə hərəkət edir. Həmin qatar saat axşam saat 20:10-da paytaxta doğru yola düşür.
 

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov onu da bildirib ki, bu qatarların gələcəkdə daha da modernləşdirilərək sürət qatarları ilə əvəzlənməsi barədə planlar var.

"Hələlik isə qatarların qrafiki qeyd olunan saatlardadır. Əgər Sumqayıt şəhər rəhbərliyinin və ya sakinlərin müraciəti olarsa, həmin elektrik qatarlarının sayının artırılması məsələsinə baxıla bilər", - o əlavə edib.
 

Teymur Hacıyev

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.