Cəmiyyət

Boy düsturu: öyrən, art

28 Sentyabr 2012 14:42
6 Şərh     Baxış: 154 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bu uşaq nə vaxt boy atacaq?", "Deyəsən, uşaq artıq boy atmaq istəmir, mənim kimi balacaboy qalacaq", "Ata, mən nə vaxt uzanacağam?", "Həkim, dartınsam, boyum uzanar?", "Bu uşaq uzana-uzana hara gedir, başı dama çatacaq..." və s. və i.a. gündəlik həyatımızda çarəsini axtardığımız əsas sual olmasa da, yeniyetmələr üçün sonuncu məsələ deyil. Zira "boy məsələsi" azərbaycanlıların dərdli yeridir.

O səbəbdən ki, ümumi orta boyumuz ortaboyludur - qızlarımız uzana-uzana gəlib 155-165 sm arasında, oğlanlarımız isə 165-175 sm arasında "lövbər"ini atır və ümummilli "boy həddi"ni (Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan əhalisinin orta statistik boyu 167,2 sm, kişilər üçün orta boy 170,6 sm, qadınlardasa 164,1 sm-dir) keçən həmyaşıdlarına qibtə ilə baxırlar. Napaleon, Maradona, Tom Kruz və yaxud Messi kimi ünlü bəstəboyların şöhrəti belə onlara təsəlli vermir...

Körpə uşaq ilk ilində təxminən 25 sm boy atır. Vaxtında doğulmuş uşağın boyu təxminən 50 sm olur və bir yaşında bədənin uzunluğu adətən 75 sm-ə çatır. Sonralar uşaqların boyu ildə 6-8 sm artır; 4 yaşında uşağın boyu təqribən 1 m olur.

Uşaq endokrinoloqları deyirlər ki, uşaq bundan az böyüyürsə, ciddi müşahidə aparmaq lazımdır ki, o, ildə boyuna nə qədər əlavə edir. Əgər həmyaşıdları ilə müqayisədə boyu az çıxırsa, mütləq pediatra müraciət etmək lazımdır. Həkim müəyyən etməlidir ki, uşaq öz yaşının normasına uyğun boy atır, ya yox. Normaya uyğun boy atmırsa, endokrinoloqun qəbuluna düşmək lazımdır. Ola bilsin ki, bu hansısa xəstəliklə, ürək çatışmazlığı və yaxud boy hormonları ilə bağlıdır.

Qeyd edək ki, bəzi körpələr boy hormanlarının çatışmazlığı ilə doğulurlar və bu da onların genetik potensialına çatmasına əngəl yaradır. Yəni problem boy hormanları ilə bağlıdırsa, vaxtında müalicəyə başlamaq lazımdır.

Bunu bilmək lazımdır ki, boy irsi, genetik məsələdir. Əgər ananın 155 sm, atanın 165 sm boyu varsa, çətin ki, onların uşağı ucaboylu olsun və yaxud həkim onun boyunu "dartıb" genetik potensialından - DNK-sında kodlaşmış boy həddindən yuxarı çatdıra bilsin.

Bu işin "genetikası" belədir: ata ilə ananın boylarını toplayıb iki yerə bölürsən və uşaq oğlandırsa, 7,5 sm üstünə gəlirsən, qızdırsa, 7,5 sm çıxırsan. Bu "düstur"u bir qədər xırdalayaq. Ananın boyu 160 sm, atanın boyu 170 sm-dirsə, belə nəticə hasil olur (bax düstura).

Təbii ki, istisnalar olur, özü də "n" sayda. Məsələn, bir ailədə övladların boyu müxtəlif olur: bir qardaş balaca qalır, digəri isə uzana-uzana gedir. Balacaboyun ona "uzundraz" deməkdən başqa çarəsi qalmır...

Adətən qızlar 15-16 yaşlarında boy artımına nöqtə qoyurlar. Oğlanlardasa boyatma 18 yaşadəkdir. Amma həm qızlar, həm də oğlanlar arasında 22-24 yaşınadək boy atanlar da olur.

Ata və ananın boyu uşağın boyuna təsir edən yalnız bir faktordur. Uşağın boyunun artması üçün normal bəslənməsi, vitaminlərlə və minerallarla düzgün təmin edilməsi, idmanla (xüsusilə üzgüçülük, voleybol, basketbol) məşğul olması lazımdır. Xəstəlikləri (mədə-bağırsaq, ürək qüsuru, böyrək xəstəlikləri və s.) vaxtında müalicə edilməzsə, uşağın boyu təbii ki, qısa qalacaq. Digər tərəfdən, boy hormonları ilə də "oynamaq" olmaz, səhv müalicə və süni hormon qəbulu "xəstə boy" uzadar.

Boyu artıran qidalar

Boyun artmasında kalsiumun böyük rolu var. Bu mineral sümüyü inkişaf etdirir. Odur ki, kalsiumu, həmçinin proteini bol olan məhsullarla yaxşı bəslənmək lazımdır:

balıq (xüsusilə sardina)

qatıq, meyvəli qatıq (yoqurt)

süd məhsulları

pendir

kələm

kök

gülkələmi

yaşıl noxud

ispanaq

bütün yaşıl tərəvəzlər

badam, qoz, fıstıq

qurudulmuş meyvə

D vitamini
 
Duz, çay və şəkərin boy uzanmasına mənfi təsiri var.

Boy düsturu

oğlanın boyu - (160+170):2 +7,5 = 172,5 sm
  
qızın boyu - (160+170):2 -7,5 = 157,5 sm.

Ananın depressiyası uşağın boyuna təsir edir

Doğuşdan sonra ananın depressiya ilə üzləşməsi uşağın boyuna təsir edir. Alimlər son araşdırmalardan sonra belə qənaətə gəliblər.

Hesab edilir ki, bu, körpənin yedizdirilməsi ilə bağlıdır. Ananın depressiyaya düşməsi üzündən körpənin yuxu və qidalanma rejimi pozulur. Bu isə öz növbəsində süd əmən uşaqda stress hormonlarının səviyyəsini artırır, boy hormonlarının konsentrasiyasını aşağı salır.

"Ekspress" qəzeti

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.