Cəmiyyət

Azərbaycanda nadir memarlıq üslubunda tikilmiş kəndin tarixi simasının silinməsi təhlükəsi var

3 Aprel 2014 20:19
0 Şərh     Baxış: 1 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avstriya, Almaniya və Fransanın bəzi kəndlərində turistlərin sevimli məkanlarına çevrilən qədim dağ kəndlərinin memarlıq üslubu günümüzə qədər qorunub saxlanılıb. Ölkəmizin də bəzi bölgələrində bu cür yaşayış məntəqələri mövcuddur. Bəs, görəsən, onların memarlıq üslubunun qorunmasına da diqqət yetirilirmi? Milli.Az xəbər verir ki,  Kəpəz TV suala Daşkəsənin Bayan kəndinin timsalında cavab tapmağa çalışıb.

Bayan stansiyası ötən əsrin 40-cı illərində salınsa da, kəndin öz tarixi daha qədimdir. Kiçik Qafqaz Dağlarında dəniz səviyyəsindən 1 km hündürlükdə yerləşən Bayanın nadir memarlıq üslubunda tikilmiş evləri böyük nərdivanı xatırladır. Qocaman müəllim, 77 yaşlı kənd sakini Bilman Əzizov kəndin memarlıq üslubu haqda belə danışır:

Bilman Əzizov: "Burada evlər biri-birinin üstündə pilləkən kimi tikilib. Bəs buranı niyə belə tikiblər? Mən öyrənmişəm ki, əsrin əvvəllərində qaçaqlar olub və onlar ən çox bu ərazilərə basqın ediblər. İnsanlar qorunmaq üçün və bir-birilərini xəbərdar etmək üçün evləri bu şəkildə iç-içə tikiblər".

Maraqlısı isə odur ki, kənddə heç bir evin bünövrəsi yoxdur və evlər böyük daş parçalarından inşa edilib. Sakinlərin sözlərinə görə, o zamanlar bu daşları yüksəkliyə qaldırmaq üçün kiçik tirlərdən istifadə olunub.

Burada bir qayda olaraq bir evin dam örtüyü digərinin həyətyanı sahəsidir. Yeni binların tikintisi isə bu memarlıq üslubunun pozulmasına gətirib çıxarır.

Alban dövrünün tədqiqatçısı, tarixçi alim Cavid Bağırzadənin sözlərinə görə, bu cür memarlıq üslubuna Böyük Qafqazın ucqar kəndlərində də rast gəlinir. Lakin Xınalıq kimi yaşayış məkanlarından fərqli olaraq Bayanda müasir tipli evlərin inşası və sakinlərin bu işə əhəmiyyət verməməsi kəndi onun tarixi simasının silinməsi təhlükəsi ilə üz-üzə qoyub.

Cavid Bağırzadə: "Qax, Quba, Şəki rayon ərazilərində bu cür yaşayış məskənləri var. Bunlardan biri də Bayan kəndidir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, burada obyektiv və subyektiv səbəblərdən bu nadir memarlıq üslubu pozulur".

Kəndin daha bir özəlliyi isə burada erkən orta əsrlərə aid qədim alban məbədlərinin mövcudluğudur. Bu fakt isə kəndin qədimliyini sübut etməklə yanaşı, onun qorunmasının zəruriliyini də bir daha gündəmə gətirir.
Qeyd edək ki, Avstriyanın Şalkzmergut kəndində də Bayandakı tərzi xatırladan memarlıq üslubu mövcuddur və hər il 100 minlərlə turist bu məkana səfər edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.