Siyasət

Erməniləri qorxudur, Rusiyanı aldadır, Avropanı dolayır...

10 Mart 2017 13:28
Baxış: 3 677

Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan "France Press" agentliyinə müsahibəsində Paris, Moskva və Vaşinqtonu "Azərbaycanı müharibəyə başlamaqdan çəkindirməyə" çağırıb. Sarkisyan Qarabağda müharibə təhlükəsinin qaldığını deyib: "Çünki Azərbaycan münaqişənin hərbi yolla həllinin mümkün olmadığına hələ əmin olmayıb"

Onun sözlərinə görə, erməni ictimai şüurunda hərbi əməliyyatların başlaması zamanın, hətta ola bilsin bir neçə həftə və ya ayın məsələsidir: "Ona görə də silahlı qüvvələrin baş komandanı və müdafiə naziri günü sabah başlaya biləcək müharibəyə hazır olmalıdır". Bununla belə Ermənistan dövlət başçısı əlavə edib ki, hərbi əməliyyatların bərpasının yaxın gələcəyin məsələsi olduğuna inanmır, ancaq heç nəyi istisna etmir.

Ermənistan prezidentinin fikirlərinə münasibət bildirən təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev Milli.Az-a deyib ki, Serj Sarkisyanın istər prezident Ollandla görüşündə, istərsə də müsahibələrində Dağlıq Qarabağla əlaqədar səsləndirdiyi fikirlər seçkiqabağı manevrlərə hesablanıb:

"Çünki Dağlıq Qarabağ məsələsi seçkidə əsas kartlardan biri olaraq qalır. Sarkisyanın Avropaya getməkdə məqsədi Avropa Birliyi ilə assosiativ sazişin imzalanması idi. Burda da çalışdığı odur ki, xalqların öz milli müqəddəratını təyinetmə məsələsini həmin sazişə saldırsın. Azərbaycan diplomatiyası isə çalışır ki, o sözlər həmin sazişə daxil edilməsin.
Sarkisyan Dağlıq Qarabağ münaqişəsi regionunda atəşkəsə əməl olunmaması, insan haqlarının pozulması kimi variantları ortaya atmağa çalışır. Çünki insan hüquqlarının tapdanması Avropanın daim xüsusi önəm verdiyi məsələdir. Bundan istifadə edən Sarkisyan hay-həşir qaldırır ki, Azərbaycan guya buradakı ermənilərin hüquqlarını tapdalaya bilər, atışmalar ola bilər və Avropa da öz səs-küylü bəyanatları ilə bunların qarşısını almalıdır.

Məsələ ondadır ki, prosesdə sakitlik yaransa, yəni danışıqlar uzansa, Dağlıq Qarabağla bağlı status-kvo olduğu kimi qalacaq. O zaman Ermənistan qondarma "Artsax"ın ətrafına guya oradakı əhalini müdafiə etmək üçün hansısa sərhəd kommunikasiyalarını yerləşdirər, bunu uğur kimi qələmə verən Sarkisyan da Ermənistanda hakimiyyətini qoruyub saxlayar. Yəni açıq-aydındır ki, söhbət Dağlıq Qarabağın erməni əhalisindən yox, ərazidən və hakimiyyətdən gedir".

Ekspertin fikrincə, burada Rusiya amili də rol oynayır: "Sarkisyanın Rusiya ilə münasibətlərində gərginlik yaranıb. Əvvəllər Rusiya Sarkisyana tam etibar edirdisə, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin regiona son səfəri göstərir ki, artıq əvvəlki inam qalmayıb və Moskva ilkin məlumatı artıq birbaşa öz xüsusi xidmət orqanının əməliyyat şəraitinə nəzarət edə bilən işçisindən qəbul edir. Martın 14-də isə Sarkisyan Putinlə görüşəndə ona hesabat verməlidir. Çünki Sarkisyanın Avropa ilə yaxınlaşması Rusiyanın o qədər də ürəyincə deyil. Bütün bunları nəzərə alsaq, deyə bilərik Sarkisyan ən azından aprelin 2-dək bu cür manevrlərini davam etdirəcək".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.