Siyasət

Prezident İlham Əliyev: "Azərbaycan dövləti həmişə, bütün zamanlarda xalqın yanındadır, onun arxasındadır" - YENİLƏNİB - FOTO

3 Dekabr 2016 22:58
Baxış: 4 199

22:58

Bu ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhənin təmas xəttində törətdiyi təxribat nəticəsində mülki obyektlərə, evlərə ciddi ziyan dəymişdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Ağdamın Mahrızlı kəndində də olarkən vəziyyətlə maraqlanmışdılar. Dövlətimizin başçısı əhaliyə dəyən ziyanın aradan qaldırılması, evlərin bərpası və yenidən qurulması ilə bağlı tapşırıqlarını vermişdi. Ordumuzun aprel döyüşlərində qazandığı parlaq qələbə insanlarda da böyük ruh yüksəkliyi yaratmış, onlar da Ali Baş Komandanın rəhbərliyi altında hər an doğma torpaqlar uğrunda mübarizəyə qalxmağa hazır olduqlarını bildirmişdilər. Sakinlərin hərbi əməliyyatlar zamanı dağıdılmış evləri artıq qısa vaxtda yenidən tikilib və bərpa olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonuna səfərləri çərçivəsində Mahrızlı kəndinə gələrək evlərdə yaradılan şəraitlə tanış olublar.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Mahrızlı kəndində Bakir Hüseynovun yeni tikilmiş evinə baş çəkdilər.

Hərbi əməliyyatlar zamanı Ağdam rayonunda ümumilikdə 743 ev dağıdılıb. Ermənistan silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında dövlətimizin başçısının müvafiq Sərəncamına və Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına görülən tədbirlər nəticəsində 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilib, 693 evdə cari təmir işləri görülüb. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib.

Sonra Azərbaycan Prezidenti və xanımı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Biz elə bu həyətdə may ayının 1-də görüşmüşdük. O vaxt burada evlər dağılmışdı, mənzərə çox acınacaqlı idi. Bu gün isə 7 ay keçəndən sonra artıq yeni tikilmiş evə baxırıq. Azərbaycan dövləti qısa müddət ərzində lazım olan bütün tədbirləri görüb. Təkcə Ağdam rayonunda 700-dən çox ev yenidən tikilib, əsaslı bərpa edilib və cari təmir işləri aparılıb. 

Mən mayın 1-də burada olarkən demişdim ki, vətəndaşlar narahat olmasınlar, Azərbaycan dövləti bütün lazımi işləri görəcək. Belə də oldu, yararsız vəziyyətdə olan bütün evlər, binalar 6-7 ay ərzində bərpa edildi. Ağdam rayonunda 700-dən çox, Tərtər rayonunda 250-yə yaxın ev təmir edildi və tikildi. Cəmi 6-7 ay ərzində. Bu, ilk növbədə, dövlətimizin gücünü göstərir ki, biz bunu etməyə qadirik. Digər tərəfdən, bu, apardığımız siyasətin nəticəsidir, onun təzahürüdür. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və dövlət həmişə öz vətəndaşını qoruyur, onun problemlərini həll etməyə çalışır. Bir neçə ay ərzində belə geniş quruculuq işlərinin aparılması bir daha bizim siyasətimizi göstərir.

O vaxt biz burada olarkən aprel döyüşlərindən cəmi 1 ay keçmişdi. Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi - həm vətəndaşlar, həm hərbçilər. Hərbçilər döyüş meydanlarında qəhrəmanlıq, şücaət göstərmişlər, düşmənə layiqli cavab vermişlər, işğal edilmiş ərazilərimizin bir hissəsini azad etmişlər. Vətəndaşlar isə bax burada, bu yerdə, o vaxt dağılmış bu evin önündə möhkəm dayanaraq düşmənə Azərbaycan xalqının iradəsini göstərdi. Göstərdi ki, Azərbaycan xalqı heç nədən qorxmur. Azərbaycan xalqı öz vətənində yaşayır və yaşayacaq. Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların bir nəfəri yerindən tərpənmədi. Ermənilər işğal edilmiş torpaqlarımızın bir hissəsindən qaçıb getdilər, amma biz dayandıq, çünki biz öz torpağımızdayıq. Onlar isə başa düşürlər ki, öz torpaqlarında yaşamırlar.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub, indi də bizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək, aprel döyüşləri bir daha onu göstərdi. Onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, biz güclü dövlətik, güclü ordu yaratmışıq. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkələrdən biridir və Azərbaycan vətəndaşları öz torpaqlarını qorumağa qadirdirlər.

Ona görə aprel döyüşlərində qələbəmiz bir daha demək istəyirəm ki, bizim - həm dövlətimiz, həm dövlətin bir qolu olan ordumuz, həm də vətəndaşlarımız üçün qəhrəmanlıq səhifəsidir. Bax, bu birlik bizdə var və əgər vətəndaşlar o vaxt bu qədər cəsarət göstərməsəydilər, əlbəttə ki, bu, bizim işimizə də mənfi təsir göstərə bilərdi. Vətəndaşlar öz cəsarəti ilə hərbçilərimizə əlavə güc, inam verdilər. Hərbçilərimiz də bilirdilər ki, onların arxasında Azərbaycan vətəndaşları yaşayır, onlar vətəndaşları qorumalıdırlar.

Ermənistanın siyasi rəhbərliyi növbəti dəfə öz çirkin və eybəcər sifətini göstərmişdir. Necə ki, 1990-cı illərin əvvəllərində onlar mülki əhaliyə qarşı qəddarlıq, cinayət törətmişdilərsə, bu dəfə də döyüş meydanlarından qorxaraq qaçan, öz məğlubiyyətini etiraf edən Ermənistan rəhbərliyi göstəriş verdi ki, mülki əhaliyə qarşı cinayət törədilsin. Biz heç vaxt mülki əhaliyə qarşı heç bir əməliyyat aparmamışıq. Bizim problemimiz işğalçı qüvvələrlədir. Onlar isə görəndə ki, artıq duruş gətirə bilmirlər, başladılar bizim kəndləri bombalamağa. Ümid edirdilər ki, bizim vətəndaşlar bundan narahat olaraq bu bölgələri tərk edəcəklər. Alınmadı. Çünki Azərbaycan xalqı qəhrəman xalqdır. Siz - bax burada yaşayan, aprel hadisələrində buradan tərpənməyən vətəndaşlar bizim qürur mənbəyimizsiniz, biz sizinlə fəxr edirik.

Ağdamlılar birinci Qarabağ müharibəsində böyük fədakarlıq, rəşadət göstərmişlər. Ən çox şəhid verən Ağdam rayonu olmuşdur. Siz bu dəfə də - aprel hadisələrində də böyük qəhrəmanlıq, rəşadət göstərmisiniz. Bütün Azərbaycan xalqı bunu bilir və sizinlə fəxr edir.

Bu gün isə tarixi bir gündür. Ona görə ki, o vaxt dağıdılmış evin yerində yenidən bu gözəl evin tikilməsi, digər evlərin tikilməsi, bərpası çox rəmzi məna daşıyır. Bu, bizim növbəti qələbəmizdir. Ermənilər Dağlıq Qarabağda zəbt etdikləri torpaqlardan qaçaraq orada nəinki binaları təmir edə, heç cürət edib o yerlərə qayıda bilmirlər. Biz isə bütün bu işləri qısa müddət ərzində gördük. Nəyə görə? Çünki biz xalqımızın rifah halının yaxşılaşması üçün əlimizdən gələni edirik. Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır. Azərbaycan dövləti həmişə, bütün zamanlarda xalqın yanındadır, onun arxasındadır. Əvvəlki illərdə də təbii fəlakətlər olub, zəlzələlər, daşqınlar baş verib. O hadisələr vaxtı da Azərbaycan dövləti vəsait ayırırdı. Həmin vəsait hesabına bütün evlər - minlərlə, bəlkə də on minlərlə ev bərpa edildi, yenidən tikildi. Bu dəfə də təkcə Tərtər və Ağdam rayonlarında mindən çox ev təmir edildi və tikildi.

Ağdam rayonunun uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Çünki Ağdam rayonunun böyük hissəsi işğal altındadır və bizim nəzarətimizdə olan ərazilərdə quruculuq, abadlıq işləri aparılmalıdır. Son illər ərzində Ağdamda 18 köçkün qəsəbəsi tikilib. Artıq 10 ilə yaxındır ki, Azərbaycanda qaçqın-köçkün şəhərciyi anlayışı yoxdur. Bu gün Ağdamda 90 mindən çox əhali yaşayır. Bu da çox yaxşı, sevindirici haldır. Digər bölgələrdə məskunlaşmış vətəndaşlar qayıdır. Onlar üçün şərait yaradılır. İstərdim ki, daha çox ağdamlı qayıtsın. Dövlət öz dəstəyini göstərəcək.

Burada iqtisadi inkişafla bağlı addımlar atılır. Xüsusilə kənd təsərrüfatı ilə bağlı. İnfrastruktur layihələri icra edilir. Bir neçə böyük kənd yolu layihəsi artıq icra olunubdur. Növbəti mərhələdə qalan layihələr icra ediləcək. Qazlaşdırma Ağdamda təxminən 100 faiz səviyyəsindədir. Ağdam rayonu bu göstəriciyə görə respublika üzrə bəlkə də ilk sıralardadır. Ağdam üçün xüsusi proqram nəzərdə tutulmuşdu və şadam ki, bu, icra edildi.

Digər infrastruktur layihələrinin icrası da gündəlikdədir. Növbəti mərhələdə suvarma ilə bağlı addımlar atılacaq. Yeni əkin sahələrini dövriyyəyə cəlb etmək üçün praktiki addımlar atılır. Siz bilirsiniz ki, indi kənd təsərrüfatının inkişafı bizim üçün ən prioritet məsələlərdən biridir. Pambıqçılıq, baramaçılıq, taxılçılıq istiqamətində çox ciddi addımlar atılır. Gözəl də nəticələr var. Növbəti illərdə nəticələr daha da yaxşı olacaq. Çünki gələn il Ağdam rayonunda 3 min hektarda pambıq əkiləcək. Baramaçılıq üçün tut tingləri dövlət tərəfindən alınıb gətirilir və insanlara verilir. İş yerlərinin, yeni istehsalat sahələrinin yaradılması təmin ediləcək. Kənd təsərrüfatı texnikası, gübrələr, yanacaq verilir. Bütün lazımi addımlar atılır. Sahibkarlara kreditlər verilir ki, bu istiqamətdə inkişaf daha da sürətli olsun. Biz nəinki öz tələbatımızı daxili istehsal hesabına təmin etməliyik, həmçinin böyük ixracla xarici bazarlara da çıxmalıyıq. Biz buna nail olacağıq.

Yenə də deyirəm, bu gün çox əlamətdar, tarixi bir gündür. Çünki biz bu evin timsalında güclənən Azərbaycanı və onun mətin vətəndaşını görürük.

Mən bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm ki, siz o ağır günlərdə xalqa, dövlətə olan sədaqətinizi göstərmisiniz, qəhrəmanlıq göstərmisiniz. Bilin ki, Ağdam rayonunun inkişafı daim diqqət mərkəzindədir. Sizi bir daha salamlayır və təbrik edirəm.

X X X

Rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə ağdamlılar adından minnətdarlığını bildirən 139 saylı Ağdam köçkün məktəbinin direktoru Nəzakət MƏMMƏDOVA dedi:

-Möhtərəm cənab Prezident, xoş gəlmisiniz.

Sizi Qarabağ torpağında, Ağdam torpağında görməkdən sonsuz qürur hissi duyuruq. İnanın səmimiyyətimizə, bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Çünki Siz yenidən vaxt tapıb rayonumuza təşrif buyurmusunuz.

Cənab Prezident, bir Ali Baş Komandan kimi aprel hadisələri zamanı cəbhə bölgəsinə ömür-gün yoldaşınız Mehriban xanımla səfərinizlə bir daha sübut etdiniz ki, Siz bizim arxamız, dayağımızsınız. Həmin səfər insanlarda inam, dəyanət hissini, əsgərlərimizdə isə döyüş əzmini qat-qat artırdı. Bunun nəticəsində düşmən öz layiqli cavabını aldı. Xalqımız, millətimiz bildi ki, onun önündə məhz Prezidenti, dövləti durur. Elə buna görə də heç kəs öz doğma yurd-yuvasından, ev-eşiyindən bir an olsun belə ayrılmadı.

Cənab Prezident, biz Sizə və Mehriban xanıma sonsuz təşəkkürümüzü bildiririk. Çünki aprel döyüşləri zamanı dağıdılmış evlərimiz, obyektlərimiz Sizin sayənizdə yenidən bərpa olundu. Mən üzümü Mehriban xanıma tutaraq deyirəm: Gərək öz ölkəni, Vətənini nə qədər çox sevəsən, tanıyasan ki, onun tarixi-mədəni irsini, mədəniyyətini dünyada bu qədər yüksək səviyyədə tanıda biləsən. Heydər Əliyev Fondunun prezidenti kimi Sizin təşəbbüsünüzlə muğamın beşiyi olan Ağdamda bu gün Muğam Mərkəzinin təməlinin qoyulması da bu istiqamətdə atdığınız vacib addımlardan biridir.

Cənab Prezident, bizim müqəddəs bir arzumuz var: İşğal olunmuş torpaqlarımıza tezliklə qayıtmaq! Biz əminik ki, o gün heç də uzaqda deyil.

Mən bir daha ağdamlılar adından Sizə, əzizimiz Mehriban xanıma dərin minnətdarlığımızı bildirirəm. Çox sağ olun ki, gəldiniz, bizə, ağdamlılara bu cür isti münasibət göstərdiniz. Qoy, bütün qələbələr və qalibiyyətlər Sizin olsun. Allah sizləri qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

14:20

Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu ilin aprelində Ağdam rayonunun yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ziyan dəymiş evlərin tikintisi, bərpası və təmiri işlərinin vəziyyəti ilə maraqlandılar.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, hərbi əməliyyatların getdiyi dövrdə Ağdam rayonunda 50 ev müxtəlif dərəcədə dağıntılara və zədələnmələrə məruz qalıb. Ziyan görən evlərdən 8-i son dövrdə həyata keçirilən tədbirlər nəticəsində yenidən tikilib, 15-i bərpa olunub, 27-si isə təmir edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdamın Mahrızlı kəndində Bakir Hüseynovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış oldular.

Sonra dövlətimizin başçısı və xanımı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər.

Ağdam Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikiləcək. Mərkəzin tikintisi üçün rayon icra hakimiyyəti tərəfindən Xındırıstan-Quzanlı avtomobil yolunun kənarında 7800 kvadratmetrədək torpaq sahəsi ayrılıb. Mərkəzin binasının ümumi sahəsi 1800, ümumi daxili sahəsi isə 1580 kvadratmetr olacaq. Ərazidə 60 avtomobil üçün dayanacaq tikiləcək. Binada 328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə və dərs otaqları yaradılacaq.

Xalqımızın zəngin milli-mənəvi sərvəti olan muğamın təbliğinə və onun yaşadılmasına xidmət edəcək bu mühüm layihə də ölkəmizdə musiqi mədəniyyətinin inkişafına öz töhfəsini verəcək.

Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin təməlini qoydu.

Dövlətimizin başçısı Mərkəzin inşasının keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.

----------

13:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xalqımızın tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni inşa olunan Heydər Əliyev Mərkəzi də bu tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Bu, ilk növbədə Ağdam sakinlərinin dahi rəhbərin xatirəsinə dərin ehtiramını nümayiş etdirir.

Yeni Mərkəzin yaradılması həm də ulu öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi və dövlətçilik irsinin təbliğində mühüm rol oynayır. Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada dünyanın nüfuzlu siyasi xadimlərindən biri olan Heydər Əliyevin məqsədyönlü siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, ağır böhran keçirən ölkə iqtisadiyyatının inkişaf yoluna çıxarılması və ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolar və sənədlər nümayiş olunur. Bu cür mərkəzlər Azərbaycanın əsası Heydər Əliyev tərəfindən qoyulan və hazırda uğurla davam etdirilən inkişaf strategiyasının mahiyyətinin öyrənilməsinə real zəmin yaradır.

Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzlə tanışlıq zamanı dövlətimizin başçısına və xanımına məlumat verildi ki, ümumi sahəsi 1900 kvadratmetr olan binanın inşası yüksək səviyyədə həyata keçirilib. Mərkəzdə Ulu Öndərin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş olunur. Burada Ulu Öndərin həyat və fəaliyyətinə dair tarixi sənədlərə də geniş yer verilib. Ümummilli Liderin uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet dövrünə və müstəqillik illərinə aid müxtəlif fotoları maraqla qarşılanır. Bu fotolarda ümummilli lider Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən ölkəmizin inkişafına xüsusi diqqət göstərməsi dolğun əksini tapıb. Dahi şəxsiyyətin hakimiyyətdə olduğu illərdə bölgələrimizə, o cümlədən Ağdama səfərləri bunun bariz nümunəsidir.

Ulu Öndərin ölkədəki müxtəlif obyektlərin açılışında iştirakı, ictimaiyyətin nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşlərinin əks olunduğu fotolar da maraq doğurur. Rəqs zalının, kompüter otağının, xalçaçılıq dərnəyinin, elektron kitabxananın yaradıldığı Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 130 yerlik iclas zalı da var. Bundan əlavə, mərkəzdə 3D kino zalı, 20 nəfərlik konfrans zalı, rəsm otağı, kompüterlərlə və ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir.

Son vaxtlar Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Ağdamdakı Heydər Əliyev Mərkəzində də bu məqsədlə vətəndaşliq vəziyyəti aktlarının qeydiyyatı otağı yaradılıb. Burada nikah bağlayan gənclərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi də həyata keçiriləcək.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni inşa edilmiş Bayraq Muzeyinin açılışında iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı muzeyin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Ötən əsrin əvvəllərində Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub. Azərbaycanın müstəqilliyinin bərpasından sonra milli bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırıldı. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə dalğalanır və hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, paytaxt Bakıdan sonra əksər bölgələrimizdə də üçrəngli bayrağımızın şərəfinə muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir.

Muzeylə tanışlıq zamanı Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, inşaat işləri bu il ərzində həyata keçirilib. Muzeyin ümumi sahəsi 300 kvadratmetr olan binasında 146 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.

Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib. Bütün bunlar həm Ağdam gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında geniş təsəvvür yaratmağa imkan verir. Bu, həm də cəbhə bölgəsində yaşayan soydaşlarımızda, xüsusilə də gənc nəsildə vətənpərvərlik hisslərinin daha da güclənməsinə xidmət edir.

---------

13:17

Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtərə səfərlərini başa çatdıraraq Ağdam rayonuna gəliblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyublar.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.