Siyasət

"Bağışla bizi, Azərbaycan xalqı!"

2 Mart 2015 08:59
Baxış: 3 048
Azərbaycan Xocalı faciəsinin ildönümünü qeyd etdiyi bir vaxtda ermənilər hamını təəccübləndirən və uzun illərdir gözlənilən bir addım atdılar - Xocalı qırğınına görə xalqımızdan üzr istədilər, hələ üstəlik, Ermənistan rəhbərliyini baş verənlərlə bağlı aşkaranə şəkildə suçladılar. Bəli, həqiqətə açılmış gözlər nəhayət ki, yalan pərdəsini yırtaraq hər şeyin əslində necə olduğunu gördü və gördüyünün təsiri ilə illərdir yatdığı yuxudan ayıldı.

Ermənistanın hazırki rəhbəri Serj Sarqsyan və onun sələfi Robert Koçaryanın Qarabağ müharibəsində "böyük Ermənistan" mifi naminə əllərini qana batırdığı hamıya məlumdur. Separatçı rejimin hərbi komandanı olan Sarqsyanın törətdiyi əməllərə haqq qazandırarkən "biz Qarabağda etnik təmizləmə də həyata keçirdik, məqsədə çatmaq üçün bunu etməyə gərək vardı" deməsi əslində cinayətkar niyyətin bütün çılpaqlığı ilə gün üzünə çıxması idi.

Karnegi Fondunun müxbir üzvü Tomas de Vaal ilə 2000-ci ilə təsadüf edən müsahibəsində Serj Azatoviç Qarabağda tökülən azərbaycanlı qanına batmış əllərini "güllənin gözü yoxdur, o silahlı əsgər ilə mülki vətəndaşı ayırd edə bilmir" sözləri ilə danılmayacaq şəkildə sübuta yetirsə də hər bir vəchlə bu dediklərini indiyə qədər boynuna almaq istəmir.

Amma hər nə qədər təkzibçi və məsum rolu oynasan da, qanlı əllərini gözündəki tərəzi ilə səni ölçən xalqın gözündən gizlətmək mümkünatı olmayan bir arzudur.

Gözünü Sarqsyanın cinayətkar keçmişinə zilləyib ağı qaradan ayırd etməyi bacaran diasporaçı ermənilər onun hələ də beynəlxalq məhkəmə qarşısına çıxmamasına görə təəssüflərini elə Xocalının anım günündəcə ifadə etdilər. İsveçin paytaxtı Stokholmda yaşayan Vahe Avetyan adlı erməni yazıçı ermənilərin Xocalıdakı misilsiz, qeyri-insani əməllərinə görə Azərbaycan xalqından üzr istədi.

"Ermənilərin Xocalıda yüzlərlə insanın qətlində iştirakına görə Azərbaycandakı əziz qonşularımdan üzr istəyirəm. Bunu edənlər gec-tez cəzalanacaq, mən buna inanıram", - deyən Avetyan ixtiyari və ya qeyri-ixtiyari olaraq cinayətkar rejimin lala döndərdiyi ermənilərin var gücü ilə bağıran ədalət carçısına çevrildi.

Avetyan Ermənistanda ağalıq edən Sarqsyan rejimini xalqın istəyi ilə seçilməyən qondarma rejim kimi qələmə verdi. Və Xocalıdan qanlı əllərlə qayıdanların məhkəmələrdən və cəzalardan uzaq tutulmasını məhz bu rejimin ayağına yazdı.

"Nə zaman ki, Ermənistanda indiki hakimiyyət xalqın hakimiyyəti ilə əvəzlənəcək, o zaman Xocalı cinayətkarları məhkəmə qarşısında dayanacaqlar".

Avetyanın müraciətindəki ən maraqlı məqamlardan biri Xocalı qırğınının etirafı ilə bərabər, sözdə "erməni soyqırımı"nı bir növ, təkzib etməsi oldu. Erməni xalqına səslənən ziyalı, cinayətkarı mühakimə edə bilməyən xalqın yüz illərdir dünyaya tanıtdırmaq istədiyi "erməni soyqırımı" iddialarından əl çəkməli olduğunu dedi.

Eşitdiyinə yox, gördüyünə inan deyirlər. Məlum olur ki, Avetyan 1,5 milyon erməninin heç bir faktla sübut olunmayan "ölümünə" yüz illərdir deyilən ağıya inanmaqdansa, Çingiz Mustafayevin Xocalıda lentə aldığı soyqırım görüntülərinə inanmağı üstün tutub. Bu, Xocalı gerçəyinin erməni düşüncəsinə daxil olaraq onu silkələməyə, mifik xülyalardan oyanıb gerçək dünyaya qayıtmağa nail olması, qəflət yuxusunda olanları sərt bir sillənin təsiri ilə xəcalət yükü altında bərəlmiş gözlərlə oyatması deməkdir.

Ziyalı Avetyanın cəsur addımı sadə erməninin qorxaq ürəyindəki canavarı oyatmağa kifayət etdi. Azərbaycan xalqına ünvanladığı üzrdən və qondarma "erməni soyqırımı"nı həqiqətin kölgəsindən kənarlaşdırmasından sonra təəssübkeş ermənilər Avetyanı və onun ailəsini ölümlə hədələdilər. Sarqsyan hakimiyyətinin yalanla bəsləyib robotlaşmış düşüncəylə yetişdirdiyi insanlardan başqa bir addım gözləmək ən azından sadəlövhlük olardı.

Bununla belə, "vətənpərvər" ermənilərin Avetyana qarşı hədə-qorxuları digər ziyalıları qorxutmadı, onu meydanda tək buraxmadılar. Aleksandr Varbedyan adlı erməni filosofu Avetyanın Stokholmdan ucalan haqq səsinə Marseldən eyni cağırışla haray verdi. O, öz ziyalı həmkarı ilə həmrəy olaraq xalqımızdan əfv dilədi.

"Dostum Avetyan, mən səninləyəm. Qoy Azərbaycan xalqı bizi Xocalı soyqırımına görə bağışlasın. Hər bir erməni biz edəni edə bilməz, çünki onların ürəyi vicdandan yoxsuldur", - dedi Varbedyan və həqiqətin erməni yalanı üzərində qələbəsinin daha bir parlaq nümunəsinə çevrildi.

İki erməni ziyalısının Sarqsyana meydan oxuması sübut edir ki, cinayətkar liderin illərdir palaz altına süpürüb gizlətmək istədikləri artıq insanlara bəyan olub. Onun yalan üzərində inşa etdiyi səltənətin çiy kərpicləri bir-bir düşür və yalanlar ətrafına hördüyü istinad divarı dağılır. Eyni zamanda, Azərbaycanın dünya ictimaiyyətini Xocalı soyqırımı həqiqətləri ilə bağlı dizə gətirməsi ermənilərin də dizinin bağını açıb və xalqımızın başına gətirdiyi oyunlar ermənilər üçün utanc mənbəyinə çevrilməkdədir.

Utanarsan və bağışlanmaq diləyərsən və yaxud türk qardaşlarımız demiş, "Bükə bilmədiyin biləyi öpəcəksən"! Bu hələ başlanğıcdır, öpüşlərin ən böyüyü işğal olunmuş torpaqlarımıza üçrəngli bayrağın sancılacağı gün baş tutacaq, çox yaxında, tezliklə...

Müşviq Mehdiyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.