Siyasət

Halı ilə barışan zavallılar toplusu dövlət ola bilərmi?

9 Aprel 2014 00:30
0 Şərh     Baxış: 1 114

Səfalət və yoxsulluq içində yaşayıb həyatı başqalarının istəklərindən asılı olan insanın başqasına yardım etmək üçün çalışması pis deyil. Amma belə adam sürəkli yardımlar barədə danışıb yardıma və xilasa ehtiyacı olan özünün durumunu normal sayırsa, bu, ən böyük anormallıqdır.
 

Həyatını normallaşdırmaq üçün vasitələr və imkanlar olduğu halda olduğu bataqlıqdan çıxmaq istəməyən, kiçik cəhdləri böyük səylər kimi qələmə verərək özünü sakitləşdirməyə çalışan fərd yalnız təəssüf doğura bilər.
 

Fərdlər çoxdursa, kütlə halındadırsa onda dövlət səfalətdən qurtulası deyil.
 

Ermənistanın indiki durumu da fərdlərin sakitliyi, başlarına açılan oyunlarla razılaşan narazıların yaşamıdır.
 

Hakimiyyət idarə etdiyini düşündüyü kütləni istismar edir, kütlə də küt düşərək halını özündən qurtarmağa, özünü də bu haldan çıxarmaq üçün tərpənmir, hərəkətə gəlmir, taleyi ilə barışan biçarə təsiri bağışlayır.
 

Suriyanın Türkiyə ilə sərhədindəki Kesab qəsəbəsindəki olaylar erməniləri çox qorxudub.

Radikal islamçı qruplaşmaların və terrorçuların Kesaba hücumları nəticəsində bu qəsəbədə yaşayan ermənilər evlərini qoyub qaçıblar, müxtəlif şəhərlərə sığınıblar. Ermənistan təlaşda, erməni diasporu qorxudadır.
 

Əslində Kesabdakı ermənilər, gerçəkdən də, zavallı və yazıqdırlar. Bu qəsəbə müxtəlif dövlətlərin maraqları, siyasi və digər məqsədlərin toqquşduğu məkana çevrilib. Kesablı ermənilərdən hərə öz mənafeyi üçün yararlanır və əslində, həmin zavallıların taleyi kimsəni maraqlandırmır.
 

Onlardan çoxları danışır, amma real dəstək verən təşkilat, insan və ya dövlət yox.
 

Ermənistanın hakimiyyət dairələri kesablı ermənilərin halına yandığını göstərməyə çalışır, müxtəlif bəyanatlar verir, çağışırlar edir. Prezident Serj Sarkisyan dəfələrlə bildirib ki, guya Kesabdakı ermənilərin qayğısına qalacaq, onları xilas etmək üçün əlindən gələni edəcək.
 

Suriyaya səfər edən Sarkisyan daha sonra da suriyalı ermənilərə vədlər verib, erməni diasporunun "qayğılarını nəzərə aldığını" vurğulayıb, sonda da Ermənistan vətəndaşlarının istisnasız olaraq hamısının kesablı ermənilərə yardım etməyə hazır olduqlarını deyib. Halbuki Ermənistanın özünü xilas etmək gərəkdir. Gərçi Yerevan normal, demokratik, sivil dövlət olsaydı, kesablı ermənilər bəlkə də indi belə zillət çəkməzdi. Çünki Serj Sarkisyanın bandokratik hakimiyyətindən fərqli olaraq, vətəndaşlarının qayğısına qalan iqtidar kesablı ermənilərin problemlərini çoxsaylı maraqların kontekstində çözə bilərdi.
 

Di gəl, Ermənistan sivil, demokratik dövlət olmamaqla yanaşı, sentyabrın 3-dən sonra beynəlxalq hüquq subyekti imkanlarını itirib. Yerevanın siyasi və iqtisadi sistemi kollaborasionist hakimiyyət, kriminal oliqarxiyanın əlindədir. Dövlətin müstəqilliyini və xalqın suverenliyini öz maraqlarına qurban vermiş bu qüvvələrin yeganə məqsədi ölkəyə görə məsuliyyəti Rusiyanın nəzarəti ilə yaradılan Gömrük Birliyinə verilməsidir. Belədə Sarkisyan iqtidarı öz çirkin işləri ilə rahatlıqla məşğul ola bilər.
 

Ölkə qarət olunur, onsuz da, çox kasad resurslar tükənir. Ermənistan artıq bir dövlət kimi yox sayıla bilər. Mühacirət həndəsi silsilə ilə böyüyür, iqtisadi və maliyyə problemləri sürətlə dərinləşir, ölkənin maraqları hakimiyyəti nəzarətdə və himayədə saxlayan Rusiyaya təhvil verilib, ermənilərin mənafeləri isə iqtidardakı insanların istəkləri qarşısında puç sayılır.
 

İllərdən bəri davam edən situasiyaya erməni cəmiyyəti müti laqeydliklə dözdüyündən etirazların ən "effektiv" vasitəsi qismində maraqlar və hüquqlar uğrunda birgə mübarizə yox, kütləvi mühacirət seçilib.
 

Belə şəraitdə çarə yalnız postfaktum dəstəkdədir. Belə dəstək real dövlət siyasəti və siyasi məzmunla tamamlanmırsa, mağara dövründən qalma tayfalar üçün adi ayinə çevrilir.

Dünyanın müxtəlif ölkələrində yaşayan 10 milyon erməni məhz bu səbəbdən "Ermənistanı xilas edək" kampaniyasına başlamalıdır. Həmişəki kimi, bu proses də postfaktum olmalıdır.
 

İnternet, sosial şəbəkələr yaxşı nəsnələrdir. Xüsusilə də ermənilər üçün.
 

Axı Ermənistanın xilası aksiyasına hər yerdən qatılmaq olar.
 

Ermənistandan qoşulmaq heç məcburiyyət deyil.
 

Çünki ermənilər üçün vəziyyət, doğrudan da, qəlizdir. Yerevandakı iqtidarın "səy"ləri nəticəsində ölkə imperiya olmaq arzusuna düşmüş Rusiyanın yoxsul əyalətinə çevrilib.
 

Amma maləsəf: durum Ermənistanda az adamı maraqlandırır. Onlar yalnız yaşamlarını, ciblərini, gəlirlərini, maaşlarını düşünürlər. Ölkənin müstəqil ola bilmək şanslarının artması və ya əksinə, bundan sonra da müstəmləkə formatında qalması, dünyada miskin kvazidövlət qismində tanınması isə ermənilər üçün hələ də hipotetik məsələlər olduğundan, vay onların halına...
 

Gələcək günə ümid edənlər çıxış yolunu arasalar da, irəliyə keçmək, mübarizə aparmaq niyyətində olmayanda ən ağır işlərin başqaları tərəfindən görülərək özlərinin nəticələrdən bəhrələnəcəyi günü gözləyirlər.
 

Müftəxorluq, tüfeylilik izharlarının sosial izharlarının belə ağır formada nəzərə çarpdığı Ermənistanda kütləvi etirazların, hakimiyyətə qarşı nümayişlər və aksiyaların spontan xarakterli olaraq apatik siyasi partiyaları arxalarınca apardıqlarını təxminləmək ən yaxşı halda siyasi idmandır.
 

O idman ki, ermənilər çoxdan uduzublar.
 

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.