Kulinariya

Günün taəmı - ballı tort - FOTO

2 Mart 2012 07:00
56 Şərh     Baxış: 72 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ballı tortun 50-dən artıq tərifi var. Bunlar həm tərkibləri, həm də hazırlanma qaydalarıyla seçilirlər. Bir neçəsinin tərifini diqqətinizə çatdırırıq.  

Xamalı ballı tort



Tərkibi:

xəmir üçün:
2 x.q. bal
2 x.q. kərə yağı
2 yumurta
2 ç.q. soda
1 st. şəkər tozu
4 st. un

krem üçün:
1 banka xama (70-100 q )
1 st. şəkər tozu

Xəmir üçün tələb olunan bütün ərzağı (undan başqa) qarışdırıb su hamamına qoyun. Eynicinsli kütlə alınanadək qarışdırın, sonra tədricən 2 st. unu əlavə edib, qaynara düşmək istəyəndə ocaqdan götürün. Qarışdıra-qarışdıra soyudun.
Masanın, yaxud uyğun lövhənin (çörək taxtasının) üzərinə qalan unu səpib kütləni üstünə tökün. Xəmir yoğurun.
Xəmiri 6 bərabər hissəyə bölün.

Xama ilə şəkər tozunu çalın. Korjların arasına və üstünə çəkin. Tortun üzərini biskvit qırıntıları ilə bəzəyin. Bir neçə saat özünü tütması üçün saxlayın.


Süd kremli və meyvəli ballı tort



Tərkibi:

2 x.q. bal
4 yumurta
1 st. şəkər tozu
2 st. un
2 x.q. araq
2 x.q. kakao tozu
1 ç.q. soda
banan
kivi
likör (istənilən, məsələn, meyvəli)
300 q kərə yağı
2 banka qatılaşdırılmış süd (bankada bişirilmiş)

Yumurtaları şəkər tozu ilə çalıb yavaş-yavaş bal (maye), araq, sirkədə söndürülmüş soda və un əlavə edin, xəmir yoğurun.
Xəmiri iki yerə bölün. Bir hissəsinə kakao töküb qarışdırın.
Sonra dairəvi siniyə ayrı-ayrılıqda töküb qızdırılmış  sobada bişirin. İki korj alınacaq - açıq və tünd rəngli. Çıxarıb soyudun. Hər korju eninə iki yerə bölün, 4 korj alınacaq.
Hər bir korjun üzərinə yarıbayarı su ilə qarışdırılmış likör çəkin. Korjları perqament kağızının üzərinə qoyun.
Bankadakı qatılaşdırılmış südü bir neçə saat suda qaynadın (indi bunun hazır qaynanmışı da satılır), soyudun. Kərə yağı ilə çalın. Qoz da əlavə edə bilərsiniz.
Tort üçün iri boşqab götürün. Əvvəlcə bir rəngdən olan korju içinə qoyun, krem çəkib, nazik halqalarla doğradığınız bananları üzərinə düzün. İkinci korju üstünə qoyun. Bunun da üzərinə krem çəkib, kivi dilimlərini düzün. Bu minvalla bütün dörd korjdan tort hazırlayın.
Tortun üzəri və kənarlarına krem çəkib öz zövqünüzə görə bəzəyə bilərsiniz.


Məxsusi ballı tort



Tərkibi:

xəmir üçün:
100 q kərə yağı
100 q şəkər tozu
2 iri yumurta
1 st. təbii bal
1 ç.q. soda
2 st. un (1 st. = 200 ml)

krem üçün:    
500 ml xama (27%)
300 ml qaymaq (35%)
5 x.q. şəkər pudrası
300 q qara gavalı
200 q qoz (qovrulub xırdalanmış)

Balı, şəkər tozunu, sodanı, yumurta və kərə yağını birləşdirib su hamamına qoyun. Daim qarışdırın. Diqqət edin ki, yumurta bişməsin. Amma şəkər tozu tam ərisin. Bircinsli kütlə alınanda un əlavə edin, qaşıqla qarışdırın, ocaqdan götürün.  Soyudun. Ağzını bağlayıb 12 saat soyuducuda saxlayın. Soyuducudan çıxarıb 3-4 saat da otaq temperaturunda saxlayın. Bu ona görə vacibdir ki, xəmir gəlsin və balın tamı tamamilə ona hopsun.
Xəmir yapışqan alınacaq.
Sininin içinə perqament döşəyin, üstünə isə kənarı açılan formanın qırağını qoyun. Xəmirdən 2 x.q. götürüb bu həlqənin ortasına qoyun, qaşığın köməyilə həlqənin içiylə bir perqamentin üzərinə yayın. Kağızı əvvəlcədən azca yağlaya da bilərsiniz.
180 dərəcə qızdırılmış sobada 7-10 dəqiqə, korj qızılı rəng alanadək bişirin. Bu üsulla bütün xəmiri istifadə etməklə bir neçə korj bişirin (təxminən 5 korj alınmalıdır). Korjları perqamentlə birlikdə sinidən götürüb bir kənarda soyudun. Korjun birini daha çox bişirin, rəngi tünd olsun. Onu blenderden keçirib xırdalamaq lazımdır.

Krem üçün xamanı şəkər tozu ilə, qaymağı isə ayrıca çalın, sonra birləşdirin. Qara gavalını və qozu xırda doğrayın.

Korju kağızı ilə birlikdə götürüb tortu hazırlayacağınız buludun içinə tərs çevirin. Sonra ehtiyatla kağızı (perqamenti) soyun. Korjun üzərinə krem çəkin, qara gavalı səpin.
2-ci korju da eyni qayda ilə o birinin üzərinə qoyun, krem çəkib, qoz səpin. Beləcə, növbələyərək tort hazırlayın. Tortun üzərinə, kənarlarına krem çəkib biskvit qırıntıları ilə bəzəyin.


Bişmiş kremli vanilli ballı tort



Tərkibi:

xəmir üçün:
3 x.q. bal
3 x.q. kərə yağı
1 ç.q. soda
3 yumurta
1 st. şəkər tozu (250 q)
3 st. un

krem üçün:
3 yumurta
1 st. şəkər tozu
1 st. süd
vanil
300 q kərə yağı

Kərə yağını çalın, bal və şəkər tozu əlavə edib qarışdırın, bir-bir yumurtaları qıraraq əlavə edin, qarışdırın, soda və un əlavə edib xəmir yoğurun. 7 hissəyə bölün. Dairəvi yayın. Asan üsul: perqament kağızının üzərini azca yağlayın, kündəni ortasına qoyub oxlovla yayın. 200 dərəcə qızdırılmış sobada 7-10 dəqiqə bişirin. Yaxşıca soyudun.

Krem üçün yumurtaları şəkər tozu ilə çalın. 1 st. süd əlavə edib ocağın üzərinə qoyun, daim qarışdıraraq qaynara düşəndə götürün. Soyudun. Kərə yağını çalın, sonra hazırladığınız kütləni və vanil əlavə edib çalın.

Korjların üzərinə krem çəkib üst-üstə düzün. Üzərinə qlazur çəkə bilərsiniz. 1-2 saatdan sonra soyuducuya qoyun. Bir neçə saat saxlayın.


Əsl ballı tort



Tərkibi:  

xəmir üçün:
1,5 st. şəkər tozu
4 yumurta
4 ç.q. bal
200 q kərə yağı
1 ç.q. soda
3,5 st. un (təqribən)

krem üçün:
500 q xama
1 st. şəkər tozu
vanil
1/4 st. süd

Yumurta, şəkər tozu, əridilmiş kərə yağı, bal və sodanı qarışdıraraq su hamamına qoyun. Daim qarışdırın ki, yumurtası bişməsin (təxminən 10 dəqiqə).
Azca soyudun, un əlavə edib qarışdırın.  Xəmir bir az sıyıq olmalıdır, çünki sonra özü bərkiyəcək.
2 sutka soyuducuda saxlayın.
Xəmiri 5 yerə bölüb nazik yayın. Qızdırılmış sobada qızılı rəng alana qədər bişirin (bişəndə həcmi artacaq).

Krem üçün ərzaqları çalın. Korjların arasına krem çəkib üst-üstə düzün. Tortun üzərinə və kənarlarına krem çəkin, qoz və şokoladla bəzəyin.  

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.