Ölkə

Azərbaycanda harın məmurlar hədəfə alınıblar

31 Yanvar 2017 17:59
Baxış: 6 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İpə-sapa yatmayan ayrı-ayrı yerli və digər məmurlar var ki, onlar cənab prezidentin hədəfindədirlər. Bu məmurlar lazım gələndə vəzifələrin itirilməsi və ya digər sərt tədbirlərin görülməsi ilə üz-üzə qalacaqlar.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı zamanı məmurlara ünvanladığı sərt xəbərdarlığı şərh edərkən bildirib.

Milət vəkilinin sözlərinə görə, prezident İlham Əliyevin məmurlara, nazirlərə, icra nümayəndələrinə və digər şəxslərə təkrarən ünvanladığı və bir daha qeyd etdiyi məsələ onları dərindən düşündürməlidir:

"Cənab prezident konfransda məmurlara xalqa yaxın olmaq, sadə olmaq, başqalarının qarşısında öyünməmək, insanlarla təmasda olmaq, onların vəziyyəti, problemləri ilə maraqlanmaq, məşğul olmaq və s. kimi tapşırıqlar verdi. Dövlət başçısı, həmçinin harınlamış və onun verdiyi tapşırıqları yerinə yetirməyən məmurların indiyədək olduğu kimi bundan sonra da cəzalandırılacağını qeyd etdi. Dövlət başçısı bildirdi ki, rüşvətxorluqla, korrupsiya ilə məşğul olmaq, özünün imtiyazlarını başqalarına göstərməklə, nümayiş etdirməklə öyünmək olmaz. Bunun əksinin bariz nümunəsi isə cənab prezidentin özüdür. Dövlət başçısı ad gününü təmtəraqlı keçirmir, özü və ailə üzvləri hansısa imtiyazları ilə öyünmür. Amma təəssüf ki, bəzi məmurlar, hətta yerli səviyyəli məmurlar bəzən bu əndazəni aşırlar ki, bu da, təbii ki, cənab prezidentin komandasında olan insanlar üçün yolverilməzdir".

Lakin Ç.Qənizadənin fikrincə, özünü xan hesab edən məmurların sayı getdikcə azalır: "Hesab edirəm ki, cənab prezidentin bu məsələlərə çox ciddi yanaşması bəzi yerli məmurları narahat edib. Onlar istəsələr də, istəməsələr də öz fəaliyyətlərində dönüş yaratmağa məcbur olublar. Əgər 3 il, 5 il bundan öncə yerlərdəki məmurlarla, nümayəndələrlə vətəndaşlar arasındakı məsafə olduqca uzun idisə, indi o məsafələr daralıb. İndi icra hakimiyyətlərinin başçıları tez-tez kəndlərə gedirlər, insanlarla yerindəcə görüşürlər, rayon mərkəzində müəyyən tədbirlər keçirirlər, qəbul saatlarını və günlərini artırıblar. Mən deputat kimi seçildiyim dairədən iki rayonun rəhbərliyi ilə işləyirəm. Onlar hətta qəbul günü olmayanda vətəndaşları qəbul edirlər. Bu, müsbət, çox yaxşı haldır. Son dövrlərdə vətəndaş-məmur münasibətləri yaxşılığa doğru gedir. Bununla bağlı cənab prezidentin qarşıya qoyduğu və tələb etdiyi tapşırıqların icrasında müsbət dəyişikliklər var. Nazirlərin bölgələrə getməsi, insanlarla görüşməsi müsbət haldır. Hesab edirəm ki, bu tendensiyanı davam etdirmək lazımdır".

Qeyd edək ki, Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib: "Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.