Müasir dövrdə intihar hadisələrinin sayı dünyada artan dinamika ilə inkişaf edir. Cəmiyyətin sosial xarakteri ilə bağlı olaraq intihar faizi də ölkədən-ölkəyə fərqlənir. Dünyanın bir çox ölkələrində aparılmış araşdırmalara əsasən, intiharların əsas səbəbləri məişət və ailə zorakılığı, dini sektalara cəlbetmə və onun təsiri, internetin mənfi tərəfləri, sosial vəziyyət, xəyanət, ünsiyyət imkanlarının olmaması və digər səbəblərdir.
Rəsmi məlumata görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycanda 28 azyaşlı müxtəlif üsullarla həyatına son qoyub. Bəs onları həyatlarının fidan vaxtında, öz şirin canlarının cəlladına çevrilmələrinə vadar edən səbəblər nədir?
Milli.Az bildirir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Raidə Əmirbəyova uşaqlar arasında intihar səbəbləri barədə modern.az-a danışarkən ölkəmizin bu proseslərdən kənar olmadığını deyib:
"Uşaqlar arasında intihar hallarının baş verməsi bu gün bütün dünyanı narahat edən məsələlərdən sayılır və bu cür halların qarşısının alınması məqsədilə mühüm tədbirlər görülür. Azərbaycan da bu proseslərdən kənarda deyil. Ölkəmizdə intihar hallarının qarşısının alınması, bu istiqamətdə maarifləndirici tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır".
Uşaqlar körpə canlarına qıyacaq "cəsarəti" haradan alırlar?
R.Əmirbəyova qeyd edib ki, uşaqlar arasında intihar hallarının baş vermə səbəbləri müxtəlif ola bilər:
"Buna baxmayaraq, intihar faktlarının əsasında məişət zorakılığı zəminində yaranan psixoloji problemlər, uşağın əhatə olunduğu mühitin təsiri böyükdür. Dünyada aparılan araşdırmalar göstərir ki, intihar daha çox 16-18 yaşlı gənclər arasında baş verir. Bunların da əksəriyyətini oğlanlar təşkil edir.
Valideynlər arasında maarifləndirmə işlərinin vaparılması, sosial çarxların hazırlanması, telekanallarda yayımlanması əhəmiyyətlidir. Bu istiqamətdə də Dövlər Komitəsi müvafiq işlər görür.
Valideynlərə uşaqlarla davranış qaydalarını öyrətmək lazımdır. Məsələn, uşaqlarda bəzən özünə qapanma halları olur. Valideyn bu halda dərhal övladı ilə maraqlanmalı, problemlərini dinləməli, məktəbdə müəllimləri, məktəb psixoloqu ilə danışmalı, ona hərtərəfli kömək etməlidir. Bu sahədə kompleks yanaşma vacibdir. Etinasız yanaşmaq sonda bədbəxt hadisə ilə nəticələnə bilər".
"TV-lərdə yaş həddini göstərən işarələrdən istifadə edilsin"
Komitə rəsmisi hesab edir ki, internet və televiziyaların uşaq psixologiyasına təsirinə ciddi nəzarət olunmalıdır:
"Bu gün internetin mövcud olduğu bir dövrdə bütün məlumatlar hər kəs üçün əlçatan olub. Yaş məhdudiyyəti olmadan hər bir şəxsin virtual məkana giriş imkanları mövcuddur. Bütün bunları nəzərə alaraq, düşünürük ki, televiziyalarda nümayiş olunan filmlərin hansı yaş kateqoriyasına uyğun olduğunu bildirən işarələrin əvvəlcədən verilməsi əhəmiyyətli olduğu kimi, valideynlərin də bu işə xüsusi diqqət ayırması, övladına nəzarət etməsi vacibdir. Bəzən uşaq baxdığı bir filmin və ya verilişin təsiri altına düşə bilər ki, bu da sonda pis halla nəticələnə bilər.
İntihar hallarının azalması üçün əsasən maarifləndirmə işlərinin əhəmiyyətini xüsusilə qeyd edirik. Burada, müxtəlif vasitələrdən istifadə oluna bilər. Uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi, onlarda maraq yaradacaq məşğuliyyətlərə cəlb olunma da bu cür hadisələrin baş verməməsini əngəlləyə bilər.
Uşaq hüquqlarının təmin edilməsi, onların poblemlərinin həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün dövlət tərəfindən tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycanın hər bir regionunda yaradılmış Heydər Əliyev mərkəzləri, Gənclər evi, Uşaq-Gənclər Yaradıcılıq mərkəzləri imkan verir ki, uşaq və gənclər orada səmərəli vaxt keçirsinlər. Həmçinin uşaqların idmana cəlb olunması məqsədilə Azərbaycanın bir çox rayonlarında Olimpiya İdman Kompleskləri və Uşaq-Gənclər İdman Məktəbləri istifadəyə verilib, onlarda gənclər üçün hər cür şərait təmin olunub".
Komitə uşaq intiharlarına qarşı DİN-lə birlikdə mübarizə aparır
Komitə rəsmisi bildirib ki, uşaqlar arasında baş vermiş intihar halları ilə bağlı məlumatlar qurum tərəfindən araşdırılır:
"Həmçinin, uşaqlar arasında intihar hallarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin təşkilinə, xüsusilə uşaqlarla işləyən məktəb psixoloqları ilə işin aparılmasına önəm verilir.
Məlumat üçün bildirim ki, 2014-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-lə birgə Bakı şəhəri üzrə hər rayondan iş təcrübəsi və peşəkarlığı ilə seçilən təhsil müəssisələrinin psixoloqları üçün "Müasir dövrdə uşaq psixologiyasının problemləri: ailə-məktəb" mövzusunda təlim keçirilib. Təlimdə "Uşaqların intiharı" və "Risk qrupunda olan uşaqlar" mövzuları ətrafında müzakirələr təşkil edilib.
Bu istiqamətdə işin davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Təhsil Nazirliyi və UNİCEF-in dəstəyi ilə Bakı şəhərinin rayonları üzrə orta təhsil məktəblərində psixoloqlar üçün "Uşaqların intiharı" və "Risk qrupunda olan uşaqlar" mövzusunda təlimlər keçirilib.
Eyni zamanda, Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir. Mərkəzlərdə sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmamış şəxslərə və onların ailələrinə, zorakılığa məruz qalmış şəxslərə yardım edilir.
Həmçinin, Azərbaycan Respublikası prezidentinin 2014-cü il 24 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın müvafiq bəndlərinə uyğun olaraq ölkəmizdə risk qrupu altında olan baxımsız, kimsəsiz, hüquq pozuntuları törətmiş, insan alverinin potensial qurbanları sayılan yetkinlik yaşına çatmayan şəxslərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq işlər görülməkdədir. Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində qeyd olunan kateqoriyaya daxil olan uşaqlarla bağlı aidiyyatı şəhər/rayon İcra Hakimiyyətləri yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaları ilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir".
Milli.Az