Ölkə

İkiyə bölünmüş yataqxana: İlbizlərlə həyat, divarlar çat, dağılmış otaqlar - FOTO

24 Avqust 2016 13:54
10 Şərh     Baxış: 2 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gözləyirlər ki, bina uçsun, neçə ailə həlak olsun, ondan sonra gəlib binaya əncam çəksinlər". 

Milli.Az bildirir ki, bu sözləri Sumqayıt şəhərinin 42-ci məhəlləsində yerləşən 5 nömrəli yataqxananın sakinləri azvision.az-ın əməkdaşı ilə söhbəti zamanı deyiblər. 

Yataqxana sakini Rəfiqə Əliyeva bildirib ki, 180 ailənin yaşadığı yataqxana artıq xeyli müddətdir ki, qəzalı binaların siyahısına salınıb. Buna baxmayaraq nə şəhər icra hakimiyyəti, nə də ki digər qurumlar son həddə olan binaya bir əncam çəkirlər. Yararsız vəziyyətdə olan yataqxanada sakinlər ilbizlərlə bərabər yatıb-dururlar. 

"26 ildir ki, burada yaşayırıq və bir dəfə də olsun təmir edilməyib. Təsəvvür edin ki, sən evində yemək bişirirsən, ilbizlər də qab-qacağın içi ilə sürünüb gəzirlər. İndi görün necə bir şəraitdə qab yuyuruq, yemək bişiririk. Hətta çimməyə belə yerimiz yoxdur. Ayaq yolunda çimib təmizlənirik. Çünki binada heç nə yerində deyil. Köhnə, təmirsiz, ancaq daşdan ibarət mətbəxdə ilbizlə bərabər yemək bişirən adamlarıq biz. Uşaqlarımız ilbizlərə görə mətbəx və hamamdan istifadə etməyə iyrənirlər. 

Deyirlər ki, bina yararsızdır, təmirə ehtiyacı var və s. Əslində isə yararsız söhbəti deyil, bina təmiri mümkün olmayan qəza vəziyyətindədir. Binanın elə bir yeri yoxdur ki, təmir etmək mümkün olsun. Evin çölündən içi görünür. Bunun nəyini təmir edəcəklər? Evlərimiz hər an, hər dəqiqə uça bilər".

Sakinlər bildirir ki, mövcud vəziyyətlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilib: "Fövqəladə Hallar Nazirliyinin əlaqədar nümayəndələri gəlib evlərimizin şəkillərini çəkib. İcra hakimiyyətinin nümayəndələri də gəlib baxıb. Baxan başını bulayıb deyir ki, bu qəza vəziyyətində olan binadır. 

Gəlirlər, ancaq heç bir şey də etmirlər. Yalnız quru sözlə vəd verirlər. Qəbulda da olmuşuq, yazmışıq da. Keçmiş icra başçısı Eldar Əziziov ilə də görüşmüşdük. Sumqayıt şəhər icra başçısına məktub yazmışam. Məktuba cavabda bildiriblər ki, icra hakmiyyəti buna baxıb sizə cavab verəcək. Elə o cavab verəndirlər. Bir sözlə heç bir qurum maraqlanmır. Gəlib vəziyyətimizə baxırlar, sadəcə göz yumub gedirlər. Gözləyirlər ki, bina uça, bir neçə nəfər ölə, ondan sonra gəlib buna əncam çəkərlər". 

Yataqxananın digər sakini Cəmilə Məmmədova da deyir ki, yataqxana sakinləri xeyli vaxtdır ki, binanın vəziyyəti ilə bağlı həyəcan təbili çalırlar. 

"2005-i ildə olan zəlzələdən sonra bina iki yerə bölünüb. Binanın qarşı tərəfi isə çöküb. Müvafiq qurumlar bildirib ki, binanın təmirə ehtiyacı var. Söhbət hansı təmirdən gedir? Axı FHN özü deyib ki, bura hətta təmirə də yaramır. 
İndi heç bir qurum bizə ümidverici bir söz demir. Sumqayıt şəhər icra başçısı bildirir ki, fondumuzda pul yoxur və nə zaman pul olacaqsa , o zaman təmir olunacaq. Sözlərindən də belə çıxır ki, fondlarında heç vaxt pul olmayacaq. Yataqxananın bəlkə də 50 ildən yuxarı ömrü var. Burada 30 il ilə yaşayan var, bir dəfə də olsun təmir olunmayıb. 

Onu da deyim ki, bina qəzalı olduğuna görə dövlət binanın qazını kəsib. Sakinlər məcburən qaz balonu işlədir. İki dəfə qaz balonundan partlayış olub ev və sahibi içəridə yanıb. Neçə dəfə pilləkəndən yıxılıb ayağı sınan olub. İti itliyi ilə burada bağlasan, durmaz".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.