Dünya

Rusiyanın AŞPA-da səsvermə hüququ dondurulacaq? - YENİLƏNİB

7 Aprel 2014 15:56
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
15:56

Rusiyanın Avropa Şurası Parlament Assembleyasında (AŞ PA) nümayəndə heyətinin təsdiq olunmuş səlahiyyətlərinə yenidən baxılması məsələsi cümə axşamı səhər müzakirə ediləcək
Trend-in məlumatına görə, bu sözləri AŞ PA-nın sədri xanım An Brasör (Anne Brasseur) qurumun yaz plenar sessiyasının açılışında deyib.

O qeyd edib ki, AŞ PA Bürosunun bu gün səhər keçirilən iclasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin yenidən nəzərdən keçirilməsi məsələsi müzakirə olunub: "Bildiyiniz kimi, məsələyə dair Büroya iki təklif təqdim olunmuşdu. Amma Büro qərara aldı ki, məsələ qurumun aidiyyəti komitəsinə göndərilsin. Məsələyə dair Monitorinq Komitəsi tərəfindən qətnamə layihəsi hazırlanacaq və cümə axşamı AŞ PA-nın plenar sessiyasına təqdim ediləcək. Beləliklə, bu məsələ ilə bağlı qətnamə layihəsi əsasında müzakirələr aparılacaq. AŞ PA Nizamnaməsinin 9.5-ci maddəsinə uyğun olaraq, Rusiya nümayəndə heyəti səlahiyyətlərlə bağlı müzakirələrdə səs verə bilməz".

AŞ PA sədri əlavə edib ki, Rusiyanın Ukraynadakı hərəkətlərini, Krımın birləşdirilməsini kəskin şəkildə pisləyir: "Bu, beynəlxalq müqavilələr və beynəlxalq hüquqa, habelə Rusiyanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlik və vəzifələrə ziddir".


----------
13:44

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günü qurumun Bürosunun iclası keçirilib


APA xəbər verir ki, iclasda Ukrayna üzrə fövqəladə müzakirələrin keçirilməsi və Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin hüquqlarının dondurulması, bu ölkəyə qarşı sanksiyaların tətbiqi məsələləri müzakirə olunub.

Büro qərara alıb ki, Ukrayna üzrə fövqəladə müzakirələr qurumun 3-cü gün keçiriləcək plenar iclasında keçirilsin, Rusiyanın səsvermə hüququnun dondurulması məsələsinə isə 4-cü iş günü, səhər baxılsın.

Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov ölkəsinin səsvermə hüququnun dondurulması məsələsinin müzakirəyə çıxarılmasının təsdiqlənəcəyi təqdirdə, Rusiya nümayəndə heyətinin assambleyanın plenar iclasını tərk edəcəyini bildirib: "Hesab edirəm ki, vəziyyət olduqca mürəkkəb olacaq, amma indi assambleyada ab-hava elədir ki, hesab etmirəm, Rusiyanın hüquqları ləğv olunsun. Çünki belə olduqda, bu, AŞPA ilə Rusiya arasındakı münasibətlərin müvəqqəti də olsa, bu ilin sonunadək tam qırılması deməkdir. Başqa sanksiyaların tətbiqinə gəldikdə, bu da Rusiyanın AŞPA "meydança"sından getməsinə səbəb ola bilər. Görünən odur ki, assambleyada Rusiya ilə dialoqun saxlanmasına tərəfdar olan çox böyük qüvvələr var və biz də bunun nə dərəcədə baş verəcəyini dördüncü gün qətnamə üzrə səsvermədə görəcəyik. Qətnaməni qurumun Monitorinq Komitəsi tərtib edəcək və bu gün qurumun iclasında bu məsələ üzrə məruzəçi də təyin olunacaq. Qətnamənin düzgün və obyektiv tərtib olunması məruzəçinin kimliyindən də asılıdır. Bildiyiniz kimi, Rusiyanın səsvermə hüququnun əlindən alınması təşəbbüsü əsasən britaniyalı parlamentar Robert Valterə məxsusdur. Əgər məruzəçi o olarsa, hesab edirəm ki, vəziyyət çox çətin ola bilər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.