Dünya

Rövşən Lənkəranski "Albert Gəncinski"ni öldürtmək istədi? - FOTO

31 Mart 2014 13:00
0 Şərh     Baxış: 1 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sankt-Peterburq İstintaq Komitəsi azərbaycanlı "vor zakon"u öldürmək üçün sifariş alan iki killerin tutulduğu barədə rəsmi açıqlama yayıb

Virtualaz.org saytı xəbər verir ki, açıqlamaya əsasən, Naberejnıye Çelnı şəhərinin iki sakini - Aleksey Şparuta və Ruslan Koryagin Moskvada adı istintaqa məlum olmayan sifarişçidən "Kalaşnikov" avtomatı və iki tapança, onlar üçün sursat və pul alaraq şimal paytaxtına yola düşüblər.

Onların məqsədi kriminal çevrələrdə "Albert Rıjiy", "Albert Gəncinski", "Əli Arxangelski" ləqəbləri ilə tanınan azərbaycanlı "vor zakon", 33 yaşlı Əli Heydərovu öldürmək olub.

Əli Heydərov 1996-cı ildə Rusiyaya gedib və Arxangelskdə mütəşəkkil cinayətkar qruplaşmaya qoşulub. 2000-ci ildə bir neçə maddə üzrə cinayət məsuliyyətinə cəlb olunub. Bura soyğunçuluq, ölümlə təhdid maddələri də daxildir.

Dəliqanlı və ambisiyalı Heydərov həbsdə olarkən öz kriminal statusunu xeyli yüksəldə bilib və azadlığa "vor zakon" kimi çıxıb. Heydərov məşhur gürcü avtoritetlərlə bir qruplaşmada olub. Lakin onu kriminal elitaya 2011-ci ildə öldürülən məşhur avtoritet "Ded Xasan" gətirib.

Bildirilir ki, killerlər Heydərovun hərəkət marşrutu və həyatı ilə yaxından tanış olublar, onun saat neçədə haraya getdiyini, saat neçədə gəldiyini biliblər. Killerlər Heydərova pusqu quraraq onu Qələbə meydanının yaxınlığında gözləməyə başlayıblar.

Plana görə, kriminal avtoritetin korteji meydanın yaxınlığındakı yeni inşa edilən 5-mərtəbəli binanın yanından keçəndə killerlər ona atəş açmalı idilər. Killerlər qara gödəkcədə və parikdə Moskva nömrəli "Audi A8" avtomobilində gözləyiblər, yaxınlıqda isə ikinci maşın ehtiyat variant kimi gözləyib.

Lakin Şparuta və Koryagin Sankt-Peterburq cinayət axtarışı idarəsinin əməliyyatçılarının qurduqları tələyə düşüblər. Şübhəliləri silaha əl atmadan həbs etmək qərara alınıb. Killerlərin azərbaycanlı "vor zakon"un kortejinin keçməsindən 20 dəqiqə əvvəl həbs edildiyi bildirilir.

Hazırda "Albert Gəncinski"nin qətlini kimin sifariş verə biləcəyi araşdırılır. Əməliyyatçılar ehtimal edirlər ki, ona qarşı təşkil olunmuş sui-qəsd "Ded Xasan"ın qruplaşması ilə məşhur azərbaycanlı "vor zakon" Rövşən Canıyevin ("Lənkəranski") qruplaşması arasında başlayan müharibə ilə bağlı ola bilər. Belə ki, "Ded Xasan"ın qətlini də Canıyevin sifariş verdiyi bildirilir.

"Ded"in öldürülməsindən sonra onun qruplaşmasının Sankt-Peterburqdakı bölməsinə rəhbərlik edən "Albert Gəncinski"yə qarşı təzyiqlər də artıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.