Dünya

Sürünən "erməniləşdirmə" - ARAŞDIRMA

26 Oktyabr 2013 18:22
0 Şərh     Baxış: 1 384
Ermənistan sərhədçiləri və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Gürcüstan vətəndaşı, Marneuli rayonunun Burma-Təzəkənd kəndinin sakini Allahverdi Pələngovu əsir götürmələri kifayət qədər ciddi problemin üzə çıxmasına səbəb olub - Gürcüstanın etnik azərbaycanlıların sıx məskunlaşdığı rayonu ilə Ermənistan arasında sərhəd problemi mövcuddur. Gürcüstan Ermənistanla münasibətləri korlamamaq üçün bu problem haqda danışmamağa üstünlük verir. Nəticədə isə Gürcüstanın azərbaycanlı vətəndaşları zərər çəkir. Ermənistanla sərhəddə yerləşən, azərbaycanlıların yaşadığı kənddən olan bir qrupun dəvətilə vəziyyəti yerində öyrənmək məqsədilə Burma-Təzəkəndə səfər etmiş bu sətirlərin müəllifi deyilənlərə şəxsən şahid olub.

Bu bölgədə Gürcüstan-Ermənistan sərhəd xətti "appendiks" formasında Ermənistanın içərisinə doğru gedir və nəticədə etnik azərbaycanlıların yaşadığı Gürcüstan kəndləri şərqdən və qərbdən Ermənistan tərəfindən sıxılmış vəziyyətdədir. Burada sərhədin delimitasiyası və demarkasiyası hələ öz həllini tapmadığından iki ölkə arasında sərhəd hələ də müəyyənləşdirilməyib. Ermənistan isə illərdir ki, sərhədi özbaşına Gürcüstanın içərisinə doğru "sürüşdürür". Burada onların yolunun üzərində Marneuli və Dmanisi rayonunun azərbaycanlılar yaşayan kəndləridir. Söhbət Beytarabçı, Təzəkənd, Burma-Təzəkənd, Sadaxlı, Xuldərə, Yırğançay və digər kəndlərdən gedir.

Burma-Təzəkənd Gürcüstan-Ermənistan sərhədindəki gömrük məntəqəsinin bilavasitə yaxınlığında yerləşir və o, Gürcüstanın həmsərhəd ərazilərinin sürünən erməniləşdirməyə bariz nümunə ola bilər. Yerli sakinlərin sözlərinə görə, hələ 10 il əvvəl Gürcüstan-Ermənistan sərhəd xətti, bir yüksəkliyin, təxminən, 1 kilometrliyindən keçirdisə, indi o, kəndin içərisindən keçərək 4 evi kənddən ayırır. Bununla da, həmin 4 evdə yaşayan azərbaycanlı əhali sanki "havadan asılı qalıblar". Ermənistan sərhədçiləri "erməni ərazisi"ndə qalmış həmin evin sakinlərini açıq şəkildə ya Ermənistan vətəndaşlığı qəbul etməyə, ya da evlərini tərk eləməyə çağırır. Sakinlər, əks təqdirdə, Ermənistan Respublikasının dövlət sərhədini pozduqları üçün cinayət məsuliyyətinə cəlb olunacaqları ilə hədələnirlər. Kənd sakinlərinin özlərinin və əcdadlarının əsrlər bo- yunca bu ərazilərdə yaşadıqlarına, sərhədin bu hissəsində hələ demarkasiya və delimitasiyanın aparılmalı olmasına dair dedikləri isə erməniləri qətiyyən maraqlandırmır. Bundan başqa, artıq böyük bir otlaq sahəsi də erməni sərhədçilərin nəzarəti altına keçib və Gürcüstan azərbaycanlıları oraya buraxılmır. Bu, kəndliləri mal-qaranı kəsməyə məcbur edir...

Gürcüstan-Ermənistan sərhədinin olmaması nəticəsində yaranan daha bir təhlükə də var - bu, erməni sərhədçilərə və Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarına, diversiya qruplarına və cinayətkarlara maneəsiz olaraq nəinki Burma-Təzəkənd ərazisinə, Gürcüstanın etnik azərbaycanlıların yaşadığı bütünlükdə həmsərhəd ərazisinə keçməsinə, üstəlik, orada cinayət törətmələrinə şərait yaradır.

Gürcüstan-Ermənistan sərhədində ermənilər tərəfindən ən çox törədilən cinayət azərbaycanlıların oğurlanması və əsir götürülməsi, həmçinin mal-qara oğurluğudur. Qeyd edək ki, ermənilər oğurladıqları azərbaycanlıları sonradan pul qarşılığında sərbəst buraxırlar.

Sərhədin ermənilər tərəfindən Gürcüstanın içərisinə doğru aparılmış ayrı-ayrı hissələrində azərbaycanlılara məxsus əkin sahələri də var. Məsələn, Marneuli rayonunun Beytarabçı kəndində erməni sərhədçilər 150 hektardan artıq əkin sahəsini ələ keçiriblər. Sərhədyanı ərazidə yerləşən təbii bulaqlar və su anbarı da onların nəzarətindədir. Nəticədə, kənd sakinləri əkinçiliklə məşğul ola, kənd təsərrüfatı məhsulları becərə bilmirlər. Bu isə onların yaşaması üçün əsas vasitədir.

Bundan başqa, artıq "azad olunmuş" ərazilərdə 500-dən artıq Ermənistan vətəndaşı yerləşdirilib. Onlar dünənədək Gürcüstana məxsus olan torpaq sahələrindən istifadə edirlər.

Çətin durumda qalmış insanlar heç də susmurlar. Onlar Gürcüstan hökumətinə də, prezidentinə də, parlamentinə də müraciətlər ünvanlayırlar. Amma hələ ki, bu müraciətlərə heç bir reaksiya yoxdur. Gürcüstanın bəzi dövlət strukturları isə hətta onlardan yardım istəyən azərbaycanlıları vəziyyəti süni olaraq qəlizləşdirməkdə, uydurma ittihamlar səsləndirməkdə təqsirləndirir. Tiflisdən isə indiyədək bir nəfər də olsun məmur baş verənlərlə yerində tanış olmağa vaxt tapa bilməyib.

Baş verənləri təhlil edərkən istər-istəməz Azərbaycan ərazisində yerləşən və Gürcüstanda David Qareci adlandırdıqları Keşikçidağ monastr kilsəsi ətrafında yaşanmış insident yada düşür. İnsident Azərbaycan-Gürcüstan sərhədinin bu nadir alban abidəsinin yerləşdiyi ərazisinin delimitasiyası və demarkasiyası zamanı meydana çıxmışdı. O zaman Gürcüstan tərəfi son dərəcə güzəştsiz mövqe nümayiş etdirir, gürcü KİV-də antiazərbaycan ruhlu məqalələr bir-birini əvəz edirdi. Hətta məsələ o yerə çatmışdı ki, Gürcüstan parlamentinin deputatı Condi Boqaturiya sərhədə yürüş təşkil etməklə Azərbaycana ciddi etiraz bildirilməsi təklifilə çıxış etmişdi. Bu zaman qonşumuz Gürcüstanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin hələ davam etdiyini, bu səbəbdən də, belə əməllərin, ərazi iddialarının danışıqlara zərər vurduğunu da nəzərə almırdı. Gürcüstanda bəziləri strateji tərəfdaş olan Azərbaycanla savaşmağa belə, hazır idi. O zaman problem yalnız Azərbaycan və Gürcüstan prezidentlərinin məsələyə şəxsən qarışması ilə həll olundu.

Keşikçidağ monastr kompleksilə bağlı məsələdə Gürcüstandakı həmin qüvvələr az qala Azərbaycana qarşı müharibəyə başlamağa da hazır idilər. Azərbaycanlıların yaşadığı Gürcüstan ərazilərinin erməniləşdirilməsi isə, deyəsən, onları heç də narahat etmir.

Gürcüstanın tanınmış hüquq müdafiəçisi, Milli azlıqların hüquq müdafiəsi üzrə Monitorinq Qrupunun (MRMG) rəhbəri Elbrus Məmmədovun sözlərinə görə, hələ 1995-ci ildə Gürcüstan-Azərbaycan sərhədinin 224 kilometrlik hissəsinin delimitasiyası və demarkasiyası üzrə Hökumətlərarası Komissiya yaradılıb. Hələlik tərəflər həmin sərhədin yalnız 160 kilometrilə bağlı razılıq əldə ediblər. Yerdə qalan hissəyə gəlincə, komissiya bu istiqamətdə fəaliyyətini davam etdirir. Lakin proses hər hansı zaman çərçivəsinə salınmayıb və beləliklə, demarkasiyanın nə zaman yekunlaşacağı məlum deyil.

E.Məmmədov Ermənistanla sərhəddə yerləşən azərbaycanlıların yaşadığı kəndlərin artıq illərdir erməni sərhədçiləri tərəfindən təzyiqlərə məruz qaldığını bildirir. Onun sözlərinə görə, erməni sərhədçilər kənd sakinlərini qorxudur, qeyri-qanuni olaraq həbs edir, əhalinin mal-qarası oğurlanır, onların əkin sahələrində işləmələrinə imkan verilmir. Yeri gəlmişkən, azərbaycanlı əhali həmin torpaq sahələrinə görə vaxtlı-vaxtında vergi ödəməlidirlər.

"Real sərhədin olmamasından istifadə edən erməni tərəfi uzun illərdir sərhəd xəttini Gürcüstan ərazisinə tərəf "itələyir" və oradan azərbaycanlı əhalini sıxışdırıb çıxarır. "Əldə edilmiş" həmin ərazilərə Ermənistan vətəndaşları yerləşdirilir. Gürcüstan hökumətinin təmsilçilərilə görüşlərimizdə daim bu problemi qaldırsaq da, cavabında yalnız həmin sərhədlərin hələ delimitasiya və demarkasiya edilmədiyini eşidirik. Amma bu, nədənsə Ermənistana orada sərhəd zastavaları tikməyə, bütün sərhəd boyunca kazarmalar yaratmağa mane olmur. Bunu yalnız biz yox, Gürcüstanın aparıcı ictimai xadimləri, jurnalistləri də mütəmadi olaraq gündəmə gətirirlər. Lakin heç bir nəticə yoxdur. Erməni sərhədçilər azərbaycanlı əhaliyə məxsus mal-qaranı oğurlayır, kənd sakinlərini əsir götürür, sərhəd məntəqələrindən onlara atəş açır, özbaşına sərhəd dirəklərinin yerini dəyişdirir, bununla da, əkin sahələrini, otlaqları və azərbaycanlıların evlərini ələ keçirirlər. Gürcüstanla Ermənistan arasında bu bölgədə real sərhədin, bəzi hissələrdə Gürcüstan tərəfdən sərhəd mühafizəsinin olmaması orada yaşayan azərbaycanlıların silahlı Ermənistan sərhədçiləri qarşısında müdafiəsiz qalmasına yol açır", - deyə hüquq müdafiəçisi qeyd edib: "Təəssüf ki, Gürcüstanın mərkəzi hökuməti hələ də baş verənlərə heç bir reaksiya göstərmir. Nəticədə, yerli azərbaycanlı əhali öz torpağında özünü müdafiəsiz hiss edir".

Sonda bir məqamı da qeyd edək: artıq ardıcıl olaraq bir neçə ildir ki, Gürcüstan-Ermənistan sərhədindəki vəziyyəti dinc adlandırmaq mümkün deyil. Burada nə hərb, nə sülh şəraiti hökm sürməkdədir. Görünən odur ki, ermənilər Ermənistanla Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsini Gürcüstanın azərbaycanlılar yaşayan ərazisinə daşıyır. Ermənistan sərhədçiləri və xüsusi xidmət orqanları səbəbindən həmsərhəd bölgədə yaşayan dinc azərbaycanlı əhali - əkinçilər, çobanlar və əsirlərlə bu ərazidə yaşamış adi insanlar əziyyət çəkir. Nə qədər ki, Gürcüstan Ermənistanla sərhəddə demarkasiya və delimitasiya prosesini başa çatdırmayıb, bu vəziyyət düzəlməyəcək.
 

"Region plyus"

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.