Dünya

"Time" jurnalı "İlin adamı"nı seçib - FOTO

11 Dekabr 2025 19:28
Baxış: 245
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Time" jurnalı süni intellekt dövrünü formalaşdıran texnologiyaların yaradıcılarını bu il üçün "İlin Adamı" elan edib. Jurnalın baş redaktoru Sam Ceykobs qərarın səbəbini belə izah edib: "İlin Adamı dünyamıza təsir edən şəxslərə diqqəti yönəltməyin ən güclü yollarından biridir. Bu il isə həyatımıza ən böyük təsiri süni intellekti təsəvvür edən, dizayn edən və inşa edən insanlar göstərdi."

Milli.Az xəbər verir ki, "Time" jurnalının 2025-ci il buraxılışının iki fərqli üz qabığında Nvidianın prezidenti və CEO-su Censen Huand, xAI qurucusu Elon Mask, Anthropic CEO-su Dario Amodei, AMD CEO-su Liza Su, Meta CEO-su Mark Zukerberq, DeepMind CEO-su Demis Hassabis, Stenford Universitetinin İnsan-Mərkəzli Süni İntellekt İnstitutunun həmsədri və World Labs-ın CEO-su Fey-Fei Li, həmçinin OpenAI CEO-su Sam Altman təsvir olunur.

Ceykobs memarları "insanlığı həm heyrətləndirən, həm narahat edən", hazırkı dünyanı dəyişdirib "mümkün olanın sərhədlərini aşan" şəxslər kimi xarakterizə edib.

Jurnalın xüsusi buraxılışında süni intellektin il ərzində dünyada necə dəyişiklik yaratdığı, həm yeni imkanlar, həm də bəzən qorxulu nəticələr doğurduğu araşdırılır. Nəşrdə Nvidia şirkətinin rəhbəri Censen Huand və SoftBank-ın CEO-su Masaşioşi Son ilə müsahibələr yer alır.

Materialda süni intellektin qaranlıq tərəflərinə də toxunulur. Xüsusən, 16 yaşlı Kaliforniyalı yeniyetmənin intiharından sonra ailəsinin OpenAI şirkətinə qarşı qaldırdığı iddia - onların sözlərinə görə, oğlanın ChatGPT ilə apardığı söhbətlər faciəyə səbəb olub.

"Time" süni intellekt şirkətləri ilə tərəfdaşlıq edən media qurumlarından biridir. Jurnal 2024-cü ilin iyununda OpenAI ilə çoxillik məzmun lisenziyası müqaviləsi imzalayıb. Bu razılaşmaya əsasən, ChatGPT istifadəçilərin suallarına cavab verərkən "Time" arxiv materiallarından istifadə edir və mənbəyə yönləndirən keçidlər təqdim edir.

"Time" 2024-cü ildə seçilmiş ABŞ prezidenti Donald Trampı da "İlin Adamı" elan etmişdi. Bundan əvvəl qaliblər arasında pop ulduzu Teylor Svift, Ukrayna Prezidenti Vladimir Zelenski və Tesla-nın CEO-su Elon Mask kimi adlar da yer alıb.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.