Taylandda bir kişi küçədən aldığı dondurmanın içində bütöv bir ilan tapdıqdan sonra sosial mediada gündəm olub. Rayban Naklengboon, Taylandın mərkəzində yerləşən Mueang Ratchaburi bölgəsinin Pak Tho şəhərində yaşayır və tapdığı dəhşətli mənzərəni Facebook-da paylaşaraq istifadəçiləri şoka salıb.
Naklengboon paylaşımında yazıb:
"Belə böyük gözlər! Görəsən, artıq ölüb? Qara paxla, küçə satıcısı, real şəkildir, çünki özüm almışam."
Taylandda "qara paxla dondurması" geniş istehlak olunan məşhur dondurma növüdür. Lakin Naklengboon-un paylaşdığı şəkildə qara-sarı rəngli bir ilan başı aydın şəkildə görünür.
Sosial media istifadəçiləri bu canlı növünün bölgədə tez-tez rast gəlinən və az zəhərli olan qızılı ağac ilanı (latınca: Chrysopelea ornata) ola biləcəyini ehtimal ediblər.
Sosial mediada qarışıq reaksiyalar
Paylaşım minlərlə reaksiya və şərh toplayıb. Bəziləri dəhşət və qorxu ilə, digərləri isə zarafatla cavab veriblər:
Bir istifadəçi:
"Ona görə də mən küçə satıcılarından yemək almağa risk etmirəm. Bu dəhşətlidir."
Başqa biri isə belə zarafat edib:
"Dondurma ilə əlavə protein də alırsan, pis deyil."
Üçüncü şərh isə belə idi:
"İlk dişləmə sənə dad verir, ikinci səni xəstəxanalıq edir."
Qeyd edək ki, qızılı ağac ilanı adətən 70-130 sm uzunluğa çatır, lakin dondurmanın içindən çıxan nümunənin 20-40 sm uzunluğunda cavan bir ilan olduğu təxmin edilir.
Lalə Qüdrətova
Milli.Az