ABŞ prezidenti Donald Tramp məşhur milyarder Cefri Epşteyn və keçmiş prezident Con Kennedinin (JFK) qətli ilə bağlı məxfi sənədlərin tezliklə ictimaiyyətə açıqlanacağını bəyan edib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Tramp "Full Measure" televiziya proqramına verdiyi müsahibədə bildirib ki, JFK sui-qəsdi və Epşteyn işi ilə bağlı vacib sənədlər yaxın zamanda yayımlanacaq.
Tramp qeyd edib ki, əvvəllər administrasiyadakı bəzi şəxslər sənədlərin tam açıqlanmamasını məsləhət görüblər. Lakin o, sonradan bu qərarı yenidən gözdən keçirdiyini və tam şəffaflıq tərəfdarı olduğunu bildirib:
"Bizim çoxlu sənədimiz var. Oxumalı çox şey var. Heç nəyə senzura tətbiq etməyəcəyik. Mən açıq şəkildə dedim: senzura etməyin. JFK fayllarını açıqlayacağıq" .
Trampın sözlərinə görə, Kennedinin qətli ilə bağlı təxminən 80 min səhifəlik sənəd ictimaiyyətə təqdim ediləcək. O, bu sənədlərin ABŞ tarixində ən çox maraq doğuran məxfi materiallar arasında olduğunu vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, sənədlərin açıqlanma prosesi artıq sürətlə davam edir və həftələr ərzində tamamlana bilər.
Qeyd edək ki, Cefri Epşteyn yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi zorakılı ittihamı ilə həbs olunduqdan sonra, 2019-cu ildə Nyu-York həbsxanasında ölü tapılıb.
Fidan
Milli.Az