Dünya

ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürməyi planlaşdırır

17 Mart 2025 13:22
Baxış: 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Almaniyadakı bazalarından yüzlərlə avadanlıq və texnikanı Ermənistandakı poliqonlara köçürmək niyyətindədir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə RT nəşri araşdırdığı sənədlərə əsasən yazıb.

Məlumata görə, daşınmaların Gürcüstan ərazisindən həyata keçirilməsi planlaşdırılır.

Hərbi ekspertlər bu əməliyyatı Pentaqon və Ermənistan ordusu arasında mümkün birgə təlimlərlə əlaqələndirirlər. Ekspert icması qeyd edir ki, Rusiya hərbi bazalarının olduğu ölkə ilə bu cür əməkdaşlıq Vaşinqton tərəfindən Ermənistanın hərbi inkişafı kimi qiymətləndirilə bilər.

ABŞ dövlət satınalma portalında yerləşdirilən sənədlərə görə, ABŞ ordusunun material-texniki təminatı üzrə komandanlıq avadanlıqları Almaniyanın Dülmen şəhərindəki hərbi bazadan Ermənistandakı Zar bazasına daşımaq niyyətindədir.

Transfer iyulun 16-na planlaşdırılıb və avqustun 7-dək davam edəcəyi gözlənilir. Nəqliyyat xidmətlərinin göstərilməsi üzrə tenderdə qeyd edildiyi kimi, Almaniyaya qayıdış 2025-ci il avqustun 21-dən sentyabrın 20-dək nəzərdə tutulub.

Müqavilə həmçinin avadanlığın Ermənistanın Armavir təlim poliqonundan Gürcüstanın Poti limanına daşınmasını da nəzərdə tutur.

Nəqliyyat vasitələri, generatorlar və ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla, ümumilikdə 151 ədəd texnikanın daşınması nəzərdə tutulur.

Logistikadan əlavə, amerikalı hərbçilər Ermənistandakı poliqonda nəqliyyat vasitələrinin yuyulması və Afrika donuz taunundan dezinfeksiyası kimi spesifik xidmətləri də sifariş edirlər. Müqavilə çərçivəsində həmçinin Ermənistana səkkiz təcili yardım maşını da veriləcək. Amma tenderdə bir şərt var: "diplomatik icazələrlə bağlı çətinliklər" səbəbindən avadanlıqlar Rusiya, Türkiyə və ya Azərbaycan ərazisindən daşına bilməz.

Texnikanın köçürülməsinin planlaşdırıldığı Dülmendə ABŞ ordusunun 405-ci sahə dəstək briqadasının bölmələri yerləşir. Bu briqada ABŞ qoşunlarının Avropa və Afrikada əsas logistika operatorudur və Almaniya, Polşa, İtaliya, Niderland, Belçika və başqa ölkələrdə arsenal və anbar bazaları şəbəkəsinə dəstək göstərir.

RT-yə müsahibəsində hərbi elmlər doktoru Konstantin Sivkov qeyd edib ki, ABŞ qoşunlarının Ermənistandakı hərəkətləri ABŞ-nin Cənubi Qafqazda təsirini gücləndirməyə şərait yaradır.

"Konkret müqavilədən danışsaq, söhbət, çox güman ki, yeni ABŞ-Ermənistan təlimlərindən gedir. Texnikanın bioemalı ilə bağlı göstərişləri Ermənistan ərazisinin biolaboratoriyalar üçün istifadəsinə sübut kimi şərh etmək hələ tezdir, lakin gələcəkdə amerikalıların belə layihələri həyata keçirməyə başlaya biləcəyini istisna etmək olmaz", - deyə ekspert fikrini bölüşüb.

Sivkovun sözlərinə görə, Vaşinqton Cənubi Qafqazda İrəvanın Aİ ölkələri ilə hərbi əməkdaşlığını məhdudlaşdırmağa çalışır.

"Eyni zamanda, Ermənistanın dondurulmuş vəziyyətdə də olsa, KTMT-nin üzvü kimi statusu ABŞ qoşunlarının bu cür yerləşdirilməsi ilə bir araya sığmır", - deyə ekspert vurğulayıb.

Qeyd edək ki, RT-nin daha əvvəl xəbər verdiyi kimi, 2024-cü ildə ABŞ-Ermənistan "Eagle Partner 2024" birgə hərbi təlimləri keçirilib. Həmçinin birgə tərəfdaşlıq çərçivəsində Ermənistan Müdafiə Nazirliyində ABŞ ordusunun nümayəndəsi fəaliyyətə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.