Dünya

Suriyada vətəndaş müharibəsi yenidən BAŞLAYIR?

9 Mart 2025 16:50
Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın sahil bölgələrində - Lazkiye və Tartus şəhərlərində şiddətli toqquşmalar yaşanır.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, son günlərdə bölgədə silahlı qarşıdurmaların artdığı bildirilir. 

Dəməşq hakimiyyətinə bağlı qüvvələr hücumların qarşısını almaq üçün bu bölgələrə əlavə hərbi qüvvələr göndərib.

Suriya administrasiyasının rəsmi açıqlamalarına görə, bəzi silahlı qruplar Lazkiyenin Kardaha bölgəsində binaları ələ keçirib və oradan təhlükəsizlik qüvvələrinə hücumlar təşkil edib. Hökumət qüvvələri bu hücumları dayandırmaq üçün əməliyyatlara başlayıb.

Suriyada keçid dövrünün prezidenti elan edilən Əhməd Əş-Şara devrilmiş rejimin qalıqlarına qarşı mübarizənin davam edəcəyini bildirib. O, keçmiş rejimə bağlı qüvvələrin ədalətli məhkəmə qarşısına çıxarılacağını və yalnız dövlətin silahlı gücə sahib olacağını vurğulayıb.

Toqquşmalar əsasən keçmiş rejimə sadiq qüvvələrlə yeni qurulan müvəqqəti hökumətə bağlı qüvvələr arasında gedir. Homs, Lazkiye və Tartusda fövqəladə vəziyyət elan edilib, Lazkiyede elektrik kəsilib.

Suriya Daxili İşlər Nazirliyindən verilən açıqlamada bölgədə müəyyən hüquq pozuntularının baş verdiyi qəbul edilib və bunun qarşısının alınacağı bildirilib.

Suriyanın müxtəlif şəhərlərində vəziyyət gərgin olaraq qalır. Homs və Halepdə Şam hökumətinə dəstək məqsədilə nümayişlər keçirilib. Digər tərəfdən, Suriya Demokratik Qüvvələri (SDQ) və müxalif qruplar arasında ölkənin şimalında toqquşmalar davam edir.

Beynəlxalq reaksiyalar da özünü göstərməkdədir. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bu cür gərginliklərin regionun sabitliyini təhdid etdiyini bildirib. Almaniya və Səudiyyə Ərəbistanı baş verən hadisələri pisləyib. İran isə bu toqquşmaların regional sabitliyi poza biləcəyindən narahatlığını ifadə edib.

Suriya uzun illər davam edən vətəndaş müharibəsindən sonra hələ də siyasi və hərbi cəhətdən tam sabitliyə nail ola bilməyib. 2024-cü ilin dekabrında keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra ölkədə yeni müvəqqəti hökumət qurulub. Lakin keçmiş rejimə sadiq qüvvələrlə yeni idarəetmə arasında qarşıdurmalar davam edir.

Mütəxəssislərin fikrincə, Suriyada uzunmüddətli sülhə nail olmaq üçün bütün tərəflərin dialoq və siyasi həll yollarını axtarması zəruridir. Hazırda ölkənin şimal-şərqi ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin, cənub və qərb hissələri isə keçid hökumətinə bağlı silahlı birləşmələrin nəzarətindədir.

Eyni zamanda, İsrail qüvvələrinin də Suriyanın cənub bölgələrində hərəkət etdiyi, Qolan təpələrindən irəlilədiyi bildirilir. İsrailin bəzi Dürzi qruplarını dəstəklədiyi və onların Dəməşq hökumətinə qarşı döyüşdüyü qeyd edilir.

Yeni hökumətin təhlükəsizlik qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədin tərəfdarları arasında baş verən toqquşmalarda ölənlərin sayı 1000 nəfəri keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.