İdman

"Qurban Qurbanov millidə olsa, Foqtsdan daha yaxşı nəticə göstərər"

11 Yanvar 2012 19:12
0 Şərh     Baxış: 1 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Zaqatalanın "Simurq" klubunun yeni transferi, millimizn keçmiş qapıçısı Dmitri Kramarenkonun Qol.Az saytına müsahibəsi.

- "İnter"dən "Simurq"a keçməyinizin səbəbi nədir?

- Əvvəla "İnter"i birdəfəlik tərk etməmişəm. Sadəcə, "Simurq"da icarə əsasında çıxış edəcəyəm. Axı, mənim paytaxt təmsilçisiylə hələ  6 aylıq müqaviləm var. Onlar Zaqatala klubunun heyətində çıxış edərək kömək etməyimi istədilər. Mən də razılıq verdim.

- Bunu sizdən kim istədi?

- Rəhbərliklə yanaşı baş məşqçi Kaxaber Sxadadze bu xahişdə bulundu. Həmçinin  "Simurq" klubunun prezidenti Anar müəllim də məni klubunda körmək istədiyini bildirmişdi. Mən də razılığımı verdim. Belə bir addım atmağım həm mənim, həm də "İnter"in xeyrinədir. Artıq 37 yaşım var. Digər tərəfdən, gələn mövsüm "Simurq" daha yüksək yerlər uğrunda mübarizə aparacaq. Bu da mənim ürəyimcədir.

- Yəqin, "İnter"də daim ehtiyatda qalmaq sizi bezdirmişdi.

- Düzünü desəm, yox. Onsuz da karyeramı 2-3 ildən sonra başa vuracağam. Baş məşqçi Kaxaber Sxadadzeylə söhbət etdik və qərara gəldik ki, başqa kluba keçməyim mənim xeyrimə olacaq. Çünki məndən başqa komandada Salahət Ağayev kimi gənc və perspektivli qapıçı var. Birdə ki, artıq yerimizi gənclərə verməyin vaxtıdır. Məncə, doğru addım atmışam.

- "Simurq"un baş məşqçisi Sergey Yuranla söhbətiniz olub?

- Hələ ki, heç bir danışığımız baş tutmayıb. Yəqin ki, komandanın yanvarın 15-də Antalyadakı təlim-məşq toplantısında görüşəcəyik. Baş məşqçimiz Sergey Yuran birbaşa Türkiyəyə gələrək komandaya qoşulacaq. Çox güman ki, hansı planları həyata keçirəcəyimizi, nələr olacağını Antalyada müzakirə edəcəyik. Düşünürəm ki, bir-birimizlə yaxşı anlaşacağıq.

- "Simurq"da oynayan-məşqçi funksiyasını da yerinə yetirəcəksiz?

- Qapıçılarla işləyən peşakar məşqçi Emil Babayevi artıq komandaya dəvət ediblər. Mən də öz növbədə əlimdən gələn köməkliyi əsirgəməyəcəm. Çalışacağıq ki, gənc, perspektivli və ən əsası yerli qapçıları üzə çıxardaq. Mən də yerli qapıçılara üstünlük verilməsinin tərafdarıyam.

- Gələcəkdə məşqçi olmaq haqda düşünürsüz?

- Əlbəttə. Bununla bağlı böyük planlarım var. Lakin ilk öncə məşqçilik kurslarını bitirmək lazımdır. Məşqçi kimi də doğma vətənim Azərbaycanda işləmək istəyirəm. Mən ümumiyyətlə, əcnəbi məşqçilərin Azərbaycanda çalışmasının əleyhinəyəm. Öz istedadlarımıza güvənməliyik.

- Onda yəqin ki, milli komandamızın baş məşqçisi vəzifəsinin almaniyalı Berti Foqtsa tapşırılmasının da əleyhinəsiz.

- Buna AFFA rəhbərliyi qərar verir. Lakin mən əcnəbi məşqçinin Azərbaycan yığmasını çalışdırmasını istəmirəm. Məncə, bu, çıxış yolu deyil.

- Bəs, yerli məşqçilərdən hansının yığmanın baş məşqçisi olmasının istərdiniz?

- Millini Qurban Qurbanov, Yunis Hüseynov və Nazim Süleymanov kimi mütəxəssislərə həvalə etmək olar. Mənim fikrimcə, onlar Foqtsdan geri qalmırlar. Öz məşqçilərimizə inanmaq lazımdır.
 
- Amma Foqtsla müqavilənin müddəti daha iki il uzadılıb.

- Avropa uğurlu çıxış etmiş "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov millidə olsa, Foqtsdan daha yaxşı nəticə göstərər. Amma əsas odur, Foqtsdakı şəraitin eynisi Qurbanova da yaradılsın. İndiki vəziyyətdə heç olmasa millidə çalışan məşqçi köməkçiləri yerlilər olmalıdır. Berti Foqtsa gəlincə, onu dəvət ediblər, gəlib işləyir. Amma, o, işini ürəklə görmür. Almaniyalı məşqçi ürəyi istəyəndə Azərbaycanı tərk edir, nə vaxt istəyir geri dönür. Fikrimcə, yerli məşqçilərə üstünlük verərək onlara inanmaq lazımdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.