22 Sentyabr tarixindən başlayaraq Rusiyanın Sankt-Peterburq şəhərində Gənclər və idman nazirliyinin dəstəyi ilə VII Rusiya - Azərbaycan gənclər Forumu öz işinə başlayıb.
Milli.Az xəbər verir ki, Azərbaycanı bu forumda gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. 25 Sentyabr tarixinədək davam edəcək forumun rəsmi açılış mərasimi bu gün Parlament mərkəzində baş tutub.
Açılış mərasimdə çıxış edən nazir müavini İntiqam Babayev Forumun keçirildiyi 7 il ərzində Rusiya və Azərbaycan gəncləri arasında sıx əlaqələrin qurulduğunu və münasibətlərin daha çox inkişaf etdiyini bildirdi.
Nazir müavini vurğuladı ki, bu forum hər iki ölkə gənclərinin bir-biriləri ilə daha yaxından tanış olmaları, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmələri üçün çox böyük imkanlar yaradır. İntiqam Babayev çıxışının davamında dedi: "İlk dəfə 2012-ci ildə "Yeni nəsil: sərhədsiz məsuliyyət" başlığı altında keçirilən forum ölkəmizdə gerçəkləşdi və əsası dialoq və əməkdaşlıq olan Bəyənnamə Azərbaycanda qəbul edildi. Sevindirici hal ondan ibarətdir ki, forumlar daim müxtəlif sahələri əhatə edən mövzular ətrafında gerçəkləşir. Bu isə o dəməkdir ki, forum öz ətrafına fərqli düşüncəli, müxtəlif sahələri ehatə edən gəncləri cəlb edib, onların bacarıq və imkanlarının genişləndirilməsi üçün yeni zəmin yaradır. Ölkə başçıları cənab İlham Əliyev və Vladimir Putin də daim çıxışlarında hər iki ölkənin tarixə sığınan sıx və inkişaf etməkdə olan dostluq münasibətlərini xüsusi olaraq vurğulayırlar."
Nazir müavini çıxışının davamında hər iki ölkə gəncləri arasında əməkdaşlığın, əlaqələrin genişləndirilməsi sahəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR təşkilatının xüsusi rolu haqqında danışdı və Rusiyanının müxtəlif Universitetlərində təhsil alan gənclərin mütəmadi olaraq Azərbaycana səfərlərinin təşkil edildiyini və bu istiqamətdə böyük addımlar atıldığını diqqətə çatdırdı. Sonda İntiqam Babayev forum iştirakçılarına uğurlar arzuladı.
Qeyd edək ki, Azərbaycandan ümumilikdə 25 gəncin qatıldığı forumda "Gənclərin yaradıcı inkişafı üçün beynəlxalq layihələr. Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi", "Gənclər üçün biznes. Sosial sahibkarlıq", "Qeyri-rəsmi təhsil və gənclərin QHT-lərinin bu istiqamətin inkişafındakı rolu", "Davamlı inkişaf məqsədləri", "Müasir media məkanı" üzrə sessiyalar təşkil edilib. Bölmələrdə iştirak edən iştirakçılar Rusiya-Azərbaycan gənclər əməkdaşlığının inkişafı üçün birgə təkliflər hazırlayacaqlar.
Forumda Sankt-Peterburqun gənclər mərkəzlərinə baş çəkiləcək, Sankt-Peterburqdakı Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüş olacaq.
Milli.Az