İdman

Formula 1-də qalib bəllidir - YENİLƏNİB - FOTO

29 Aprel 2018 18:05
Baxış: 5 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:05

Beləliklə, 6 yarışdan sonra Hamilton yarışı lider kimi bitirir. Britaniyalı pilot karyerasında 63-cü qələbəsini qazandı.
Qeyd edək ki, bu, Hamiltonun Bakıda 2-ci qələbəsidir. O, 2016-cı ildə də Azərbaycandakı Qran Prinin qalibi olmuşdu.
"Mercedes"in pilotu komandasına növbəti xalları qazandırdı və liderliyini davam etdirəcək.
İkinci yerdə "Ferrari"dən Raikkonendir.
Üçüncü yeri isə "Force India"nın meksikalı pilotu Serxio Peres tutdu.
Xallar qazanan pilotlar isə Fettel, Sayns, Lekler, Alonso, Stroll, Vandorn və Hartli oldu. Bunlardan Lekler və Hartli karyerasında ilk dəfə idi ki, Formula 1 yarışlarında xal qazana bilirdilər.

---------
18:00

Fettel 1-ci döngədə Bottasa hücuma keçdi, amma ötməyi bacarmadı. Əvəzində Hamilton və Raikkoneni özündən irəli buraxdı.Raikkonen 3-cü yerə çıxır.
"Mercedes" komandası ilk iki yeri tutur - Bottas və Hamilton.
Lakin hamının Bottasın lider olacağını gözlədiyi anda Bottasın təkəri partladı və bir anda onun üçün hər şey bitdi...
İndi mübarizə Hamilton və Raikkonen arasında gedir.
Son 2 dövrə qaldı...
SuperSoft-la olan Peres onları izləyir.
13 sürücü qalıb...
Qasli Erikson və Hartlini özündən irəli buraxır.
Bottasın təkərinin sıradan çıxmasının səbəbi bilindi. Yolda qırıntı varmış. Bottas da düz onun üzərindən keçibmiş... Halbuki o ərazidə qəza olmamışdı...
Peres inamla mübarizəni davam etdirir. Belə getsə, o, karyerasında ikinci podiumuna gedir.
Son dövrə...
Saniyələr qalır...

---------
17:50

Maraqlı hadisələr baş verir. Hələ yarış bərpa olunmayıb. Amma Qrojan adi templə getdiyi yerdə təkərləri qızdırarkən idarəetməni itirib divara çırpıldı.

Onun üçün də yarış vaxtından əvvəl bitdi.

Rikkiardo və Ferstappenin toqquşması

Milli.Az bildirir ki, Qrojan tibbi yardım maşınına oturub yolu tərk etdi. Maşını isə kran yoldan çıxardı.
Yarışı 14 sürücü davam etdirəcək, 6 pilot yarışdan kənarda qalıb.


İlk üçlükdə liderlər arasında güclü mübarizənin gedəcəyini söyləmək olar. Çünki Hamilton xarakterinə görə, indiki 3-cü yerlə barışan deyil. Qalan 14 sürücüdən 10-u xal qazanacaq.
Son 5 dövrə qalıb. Nəfəsləri kəsəcək dəqiqələr...

----------
17:39

Milli.Az xəbər verir ki, ilk üçlük hələ ki belədir - Bottas, Fettel, Hamilton. Onları Raikkonen, Peres və Qrojan izləyir. 

---------
17:37

Nəhayət, "Red Bull" pilotlarının mübarizəsi onlar üçün acı nəticə verdi. Ferstappenin səhv trayektoriyası Rikkiardonu çaşdırdı və onlar toqquşdular. Axır ki, gözlənilən qəza oldu.

Bayraqlar dalğalanır, yolda bolid qırıntıları var. Təhlükəsizlik maşını trasa girir. Yarışı Bottas lider kimi davam etdirəcək.

"Red Bull" üçün isə yarış artıq bitdi...
Yarışı 15 pilot davam etdirir. Təhlükəsizlik maşını pelotonu pit-leyndən keçirəcək.

---------
17:30

Bottas artıq 40 dövrədir ki, SuperSoft-ladır. Artıq təkəri dəyişmək vaxtıdır. Amma "Mercedes"də, hələ ki, tələsmirlər. Rikkiardo, nəhayət, boksa getdi və UltraSoft-la geri döndü.
İndi "Red Bull"dan dövrə rekordu gözlənilə bilər. O, indi ikinci sektordadır.
Maks Ferstappen də boksa girdi və o da UltraSoft-a keçdi. Və trasa Rikkiardonun önündə qayıtdı.
Amma Bottas hələ də boksa getmir. Bottas fərqi artırır.

---------

17:25

Rikkiardo yenə Ferstappenə hücum edir və nəhayət, onu keçə bilir. "Red Bull" pilotlarının bu mübarizəsi xüsusi zövq verir.
Milli.Az bildirir ki, hələlik yalnız Bottas və "Red Bull" pilotları boksda olmayıb. Bottas UltraSoft-a nə qədər gec keçsə, Fettellə liderlik uğrunda daha ciddi mübarizə apara biləcək.
Artıq son 15 dövrə qalıb.
Son 88 km-lik məsafə...

---------
17:20

Bakıda asfaltın codluğu aşağı olduğundan, yəni daha şumal olduğundan təkərlər yola çətin yatır.
"Red Bull"ar, hələ ki, pit-stopa getmirlər. Böyük ehtimalla onlar birbaşa UltraSoft-a keçəcəklər.
Bottas da UltraSoft-a keçə bilər. O zaman Fettel üçün çətin olacaq.

Sayns təkərlərin tez soyumasından şikayətlənir. Ferstappen də eyni şikayəti edir. Təkər asfalta yatmır.

----------
17:14

Pit-stopdan sonra Hamilton Fettelə 30 saniyə uduzur. Artıq 30-cu dövrə başlayır.
Qrojan 7-ci yer uğrunda Peresə yaxınlaşır. Hamilton təkərləri qızdırandan sonra sürəti artırır.

Lider Fettel dü 30 dövrədən sonra pit-stopa gedir. Alman pilot risk etmədən sarı təkərlərə keçdi. Fettel pit-stopa getdiyindən hələlik Bottas liderliyi ələ keçirir.

---------
17:09

Fettel artıq 25-ci dövrəyə gedir. Milli.Az bildirir ki, yarış yarı olub. Monakolu Lekler yaxşı təsir bağışlayır. Mövsümdə ilk xallarını ala bilər. Lekler 10-cu yerə yüksəlir. 
Rikkiardo Ferstappenə hücum edir, amma keçməyi bacarmadı. Rikkiardo slipstrim etdi, amma bu dəfə də alınmadı. Ferstappen Rikkiardoya heç cür imkan vermir. 

Vandorn yenə boksdadır.
 

---------
17:01

Peresə Lens Strola qarşı hücuma keçir və onu ötür. Milli.Az bildirir ki, Hamilton 1-ci döngədə trasdan kənara çıxdı, nəticədə 3 saniyə itirdi və təkəri korladı. Hamilton boksa getdi. Soft təkər alıb, trasa qayıtdı.
Sayns 11-ci yer uğrunda Alonsonu qabaqladı.
Hartli də boksdadır. 

Stüardlar Peresin Strola hücumunu araşdırırlar. Strol da boksa getdi.

----------
16:56

Markus Eriksona 10 saniyəlik cərimə verildi.

---------
16:54

Komandalar ikinci sektorda "Ferrari"yə uduzurlar. Pilotlar Fettelin ən adi göstəricisinə belə çata bilmirlər.
Vandorn deyir ki, təkərləri bloka salıb, xoşagəlməz titrəyişlər başlayıb. Sonda boksa gedəsi oldu.
Raikkoneni Lekleri ötdü. İndi o, 6-cıdır.
İlk üçlük startdan dəyişməz olaraq qalır. Onları "Red Bull"dan Ferstappen və Rikkiardo izləyir.
Amma lider Fettellə arada fərq böyükdür.

Hamilton ikinci sektorda sürəti artırır.

----------
16:49

Qasli boksa girdi. Softa keçdi və trasa sonuncu qayıtdı.
Milli.Az bildirir ki, Sayns da boksa döndü. Hamilton trasdan kənara çıxdı və buna görə bir saniyə geri düşdü.

---------
16:43

Hülkenberqin maşının təkəri partladı. Milli.Az bildirir ki, o da yarışa erkən vida etdi.
Lekler hücum edir, 7-ci yerə keçir. 1-ci döngədə Rikkiardo və Ferstappen təkər-təkərə toqquşdular, amma Maks təslim olmadı və yenə irəli çıxdı.
Pilotlar bu məqamda təhlükədən yaxşı qurtardılar. Çünki hər ikisi yarışı erkən dayandıra bilərdilər. 

----------
16:39

Fettel yenə də birinci, Hamilton ikinci, Bottas üçüncüdür. Sayns güclü hücumlar edir və ferstappeni keçir. Arxasında Hülkenbrq gəlir.
"Red Bull" pilotları hələlik gözlənilən yürüşü göstərmirlər. Rikkiardo da ferstappendən sonra
7-cidir.
Rikkiardo komanda yoldaşı Ferstappeni keçməyə çalışdı, amma bacarmadı.

Bu Fernando Alonsonun bolididir

Maqnussen və Eriksonun 2-ci döngədəki toqquşması

-----------
16:32

Milli.Az xəbər verir ki, yarış qəza səbəbindən hələlik dayandırılb
Yolda qırıntı var. Axırıncı qırıntı yoldan götürülməyənədək yarış bərpa edilməyəcək. 

X X X

Yaşıl bayraq göründü, yarış bərpa edildi. Pilotlar gərgin mübarizə aparır. Döngədə ötmələr var, Sayns Ferstappeni keçmək istədi, amma Maks ona imkan vermədi.

---------
16:23

Yarış başlayandan bir neçə saniyə sonra Sergey Sirotkinin bolidinin təkəri buraxdı. Okon isə döngədə Raikkonenilə mübarizə apararkən toqquşdu. Trasda maşının qırıntıları uçuşur. Artıq 2 pilot yarışı erkən dayandırdı.

Milli.Az bildirir ki, Fernando Alonsonun sağdakı hər iki təkəri sıradan çıxsa da, pilot peşəlarlıq göstərərək bolidi pitstopa çatdıra bildi. Yarış gözlənildiyindən çox həyəcanlı və təhlükəli anlarla yadda qalır.
Şəhər traslarında çox diqqətli olmaq lazımdır, çünki bircə səhv 500 nəfərlik komandanın zəhmətini heçə endirə bilir.
Hələlik yarışa Fettel liderlik edir.

-----------
16:13

Formula 1 üzrə dünya çempionatının sayca 4-cü mərhələsi olan Azərbaycan Qran Prisinin final yarışı başlayıb.

Milli.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:10-da start götürən yarış təxminən 2 saat davam edəcək. Bununla da Formula 1 üzrə Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək olacaq. Finalda poul mövqedə dünən təsnifat yarışını birincə bitirmiş "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel start götürüb. Ümumiyyətlə isə, təsnifat mərhələsinin nəticələrinə görə, pilotların finaldakı start sıralaması belədir:

1. Sebastian Fettel - "Ferrari"
2. Luis Hamilton - "Mercedes"
3. Valtteri Bottas - "Mercedes"
4. Daniel Rikkiardo - "Red Bull Racing"
5. Maks Ferstappen - "Red Bull Racing"
6. Kimi Raykonnen - "Ferrari"
7. Esteban Okon - "Force India"
8. Serxio Peres - "Force India"
9. Niko Hülkenberq - "Renault"
10. Karlos Sayns - "Renault"
11. Lens Stroll - "Williams"
12. Sergey Sirotkin - 1:43.886 "Williams"
13. Fernando Alonso - "McLaren"
14. Şarl Lekler - "Sauber"
15. Kevin Maqnussen - "Haas"
16. Stoffel Vandorn - "McLaren"
17. Pyer Qasli - "Toro Rosso"
18. Markus Eriksson - "Sauber"
19. Brendon Hartli - "Toro Rosso"
20. Roman Qrojan - "Haas"

Xatırladaq ki, 2018-ci ildə keçirilmiş Qran Pridən sonra pilotların mübarizəsində 141 xalla "Ferrari"nin pilotu Sebastiyan Fettel (54 xal) liderdir. "Mersedes"dən Luis Hamilton (45 xal) ikinci, Valterri Bottas (40) isə üçüncü yerdədirlər. Komanda hesabında hələlik "Mercedes" komandası 85 xalla birinci, "Ferrari" 84 xalla ikinci, "Red Bull" isə 55 xalla üçüncüdür. Qeyd edək ki, Azərbaycanda Formula 1 üzrə Qran prilər 2016-cı ildən bəri keçirilir. Builki Azərbaycan Qran prisi sayca üçüncüdür. İlk iki Qran prinin qalibləri müvafiq olaraq Luis Hamilton və Daniel Rikkiardo olublar.

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.